Rusiyanın Qara dəniz sahilindəki Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) terminalı yaxınlığında yaxınlığında bir neçə tanker vurulub. “Reuters” agentliyinə danışan səkkiz fərqli mənbəyə görə, neft yükləmək üçün ərazidə olan Yunanıstan tərəfindən idarə olunan dörd neft tankeri naməlum dronlar tərəfindən hədəfə alınıb.
Hücuma məruz qalan gəmilərlə bağlı təfərrüatlar Qara dəniz ticarət yollarının təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırır. Mənbələr bildiriblər ki, hədəfə alınan gəmilərdən ikisi Yunanıstanda yerləşən Delta Tankers tərəfindən idarə olunan “Delta Harmony” və Thenamaris tərəfindən idarə olunan “Matilda” olub. Məlumata görə, “Delta Harmony”nin “Tengizchevroil”dən, “Matilda”nın isə Karaçaqanak yatağından neft yükləməsi gözlənilirmiş. Dəniz təhlükəsizliyi mənbələri gəmilərdən birində yanğın baş verdiyini, lakin yanğının heyət tərəfindən tez bir zamanda söndürüldüyünü bildirib.
Yunanıstanın "Thenamaris" gəmiçilik şirkətinin rəsmisi "Matilda" tankerinin CPC terminalından 30 mil məsafədə gözləyərkən iki dron tərəfindən vurulduğunu təsdiqləyib.
“Reuters” mənbələri bildirib ki, “Freud və Delta Supreme” adlı iki tankerə də hücum edilib.
Bundan əvvəl, 29 noyabrda Ukraynaya məxsus pilotsuz təyyarə CPC-nin üç əsas şamandırasından birinə zərbə endirmiş və bu da Qazaxıstanın neft ixracı və istehsalının azalmasına səbəb olmuşdu.
Məlumatlarla tanış olan mənbənin sözlərinə görə, Qara dəniz terminalında ixrac məhdudiyyətləri səbəbindən Qazaxıstanın neft və qaz kondensat istehsalı 1-12 yanvar tarixləri arasında dekabr ayının orta göstəricisi ilə müqayisədə 35 faiz kəskin azalma yaşayıb. Qazaxıstanın Energetika Nazirliyi çərşənbə axşamı CPC vasitəsilə neft ixracının bir şamandıra vasitəsilə davam etdiyini açıqlayıb. Son hücumlar Rusiya-Ukrayna münaqişəsinin Qara dənizdə kommersiya gəmiçiliyinə və qlobal enerji dəhlizlərinə artan təsirini bir daha ortaya qoyur.
Tahir TAĞIYEV