İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə İranda 17 gündür davam edən etirazlar aksiyalarında ölənlərin sayı 2550-yə çatıb. Bildirilir ki, ölənlərin 2403-ü etirazçı (onlardan 12-si on səkkiz yaşdan kiçik olub) və 147 təhlükəsizlik qüvvələrinin üzvüdür.
Davam edən hadisələrdə 1134 nəfərin yaralandığı, 18434 nəfərin isə saxlanıldığı bildirilib.
Etirazlarda ölən və ya yaralananlarla bağlı İran hakimiyyəti tərəfindən heç bir rəsmi açıqlama verilməyib.
Bu arada, İrandakı etirazlarla bağlı hadisələri yaxından izlədiklərini vurğulayan ABŞ Prezidenti Tramp, nümayişlərdə həyatını itirən insanların sayı ilə bağlı dəqiq rəqəmləri müəyyən etməyə çalışdıqlarını bildirib: "İranda baş verənləri hərtərəfli araşdıracağıq. Həqiqətən də pis şeylər baş verir. Orada ölümləri görəndə İran ağlımdan çıxmır. Bununla bağlı dəqiq rəqəmləri əldə edəcəyik".
Mediada ölənlərin sayı ilə bağlı müxtəlif xəbərlərin olduğunu xatırladan ABŞ prezidenti deyib: "Nümayişlərdəki qətllərlə bağlı dəqiq rəqəmləri əldə edəcəyik. Bu ölümlərin sayı ciddi görünür, amma hələ dəqiq bilmirik. Sonda bir qərar verməli olacağıq".
Tramp İran administrasiyasına da mesaj göndərib: "Mesajım budur: Ümid edirəm ki, bu insanları öldürməzlər. Məncə, etirazçılarla çox pis davranırlar".
Tahir TAĞIYEV