ABŞ Yaxın Şərqdə lazımi hərbi imkanlara malik olmadığı üçün İrana qarşı hərbi əməliyyat başlada bilməz.
Bu barədə Politico-nun xəbərində deyilir. Bildirilir ki, Venesueladakı əməliyyat səbəbindən bölgədə yerləşən Amerika qoşunları və gəmiləri Karib dənizinə köçürülüb. Keçən il Yaxın Şərqə göndərilən hava hücumundan müdafiə sistemləri isə Cənubi Koreyaya qaytarılıb. Üstəlik, ABŞ administrasiyasının rəsmiləri özləri bildirirlər ki, heç bir böyük qoşun və ya avadanlıq hərəkəti planlaşdırılmır.
Politico iddia edir ki, hərbi əməliyyat başlasa, ABŞ-ın İran silahlarının əhatə dairəsində qoşunları qorumaq üçün kifayət qədər hava hücumundan müdafiə imkanları da olmayacaq. Pentaqon Qətərdəki Əl-Udeyd hava bazasında 10.000 Amerika əsgərini, eləcə də İraq, Suriya və İordaniyada daha kiçik kontingentləri yerləşdirir və Vaşinqtonun qoşunlarını potensial raket zərbələrindən qorumaq üçün çox az tutucusu var.
Nəşr iddia edir ki, hazırda Vaşinqtonun seçimləri ABŞ-ın İslam Respublikasındakı nüvə obyektlərinə hücum etdiyi ötən iyul ayında olduğundan daha məhduddur. ABŞ prezidenti Donald Tramp İran ərazisinə hava hücumları əmri verə bilər, lakin Politico-nun qeyd etdiyi kimi, o, Venesuela prezidenti Nikolas Maduronun tutulmasından bir həftə sonra belə bir hücumun ölkəni başqa bir müharibəyə sürükləyib-sürükləməyəcəyini düşünən qanunvericilərin fikirlərini nəzərə almalıdır.
Ağ Evin mətbuat katibinin müavini Anna Kelli isə iddia edir ki, "Prezident Trampın İranla bağlı bütün variantlar üçün imkanları var".
Xatırladaq ki, Donald Tramp etirazçıların öldürülməsinə cavab olaraq dəfələrlə İrana hücum etməklə hədələyib. O, nümayişçiləri etirazlarını davam etdirməyə və "təsisatları işğal etməyə" çağırıb və həmçinin bildirib ki, ABŞ-ın iğtişaşları yatırdığına görə İrana hansı sanksiyalar tətbiq edəcəyini "dəqiq bilir".
SAMİRƏ