İranda iqtisadi böhrana görə başlayan və sonradan rejim əleyhinə nümayişlərə və zorakılığa çevrilən etiraz aksiyaları davam edir.
Etirazçılara dəstək ifadə edən Vaşinqton administrasiyası isə Tehranı nümayişləri zorakılıqla yatırmaqda günahlandırıb və müdaxilə ilə hədələyib. ABŞ Prezidenti Donald Tramp isə bir az da irəli gedərək etirazçıları hökumət qurumlarını ələ keçirməyə çağırıb.
İranlıları etirazları davam etdirməyə çağıran Tramp deyib: "İranlı vətənpərvərlər, etirazlarınızı davam etdirin, hökumət qurumlarını ələ keçirin. Qatillərin və zorakılıq edənlərin adlarını yadda saxlayın. Onlar bunun bədəlini ağır ödəyəcəklər. Etirazçıların mənasız öldürülməsi dayanana qədər İran rəsmiləri ilə bütün görüşlərimi ləğv etdim. Kömək yoldadır".
Bu arada, “Reuters”ə danışan adı açıqlanmayan bir İran rəsmisi ölkədəki etirazlarda təhlükəsizlik işçiləri də daxil olmaqla, 2000 nəfərin öldüyünü bildirib. İran rəsmisi iddia edib ki, həm etirazçıların, həm də təhlükəsizlik işçilərinin ölümünün arxasında "terrorçular" dayanır.
TAHİR