İranda ötən il dekabrın sonlarında yerli valyutanın xarici valyutalara qarşı yüksək devalvasiyası və iqtisadi problemlər səbəbindən balayan etirazlar davam edir. Etiraz aksiyaları demək olar ki, bütün ölkəyə yayılıb.
Bu arada, İran Prezidenti Məsud Pazeşkian etirazçılara barışdırıcı mövqe ilə yanaşaraq onları dinləməyə hazır olduğunu bildirib. ABŞ və İsrailin təhdid dolu açıqlamalarına da münasibət bildirən İran lideri bildirib ki, onlar İranda xaos və nizamsızlıq yaratmaq istəyir: “İsrail üsyançılara İranda sabitliyi pozmağı əmr edir".
İranlıları "talançılardan və terrorçulardan uzaq durmağa" çağıran Pezeşkian bildirib ki, "xarici güclərlə əlaqəli terrorçular günahsız insanları öldürür, məscidləri yandırır və dövlət əmlaka hücum edirlər".
İran prezidenti həmçinin hökumətinin xalqın iqtisadi problemlərini həll etməkdə qərarlı olduğunu bildirib və əlavə edib ki, "hakimiyyət xalqı dinləməyə hazırdır".
Qeyd edək ki, 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında yerli valyutanın xarici valyutalara qarşı yüksək devalvasiyası və iqtisadi problemlər səbəbindən tacirlər tərəfindən başladılan etirazlar ölkənin bir çox şəhərlərinə yayılıb.
Etirazlarda ölən və ya yaralananların sayı ilə bağlı rəsmi açıqlama verilməsə də, İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) yanvarın10-da (etirazların 14-cü günü) yaydığı xəbərdə, 37 təhlükəsizlik işçisi və 4 səhiyyə işçisi də daxil olmaqla 116 nəfərin həyatını itirdiyini, 2600-dən çox insanın yaralandığını və 2638 nəfərin saxlanıldığını bildirib.
TAHİR