Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürman Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin Kiprin Avropa İttifaqı Şurasına sədrliyi ilə bağlı keçirilən mərasimdə verdiyi açıqlamaları, xüsusilə də kiprli türklər barədə heç bir fikir bildirməməsini tənqid edib.
Prezident Erhürman Kipr adasının tarixində yalnız Bizans varmış kimi təqdim olunmasını düzgün hesab etmədiyini bildirib.
Prezidentin sözlərinə görə, bu fikirlər görüşdükləri bütün Avropa İttifaqı (Aİ) rəsmilərinə və Aİ-yə üzv ölkələrin nümayəndələrinə dəfələrlə çatdırılıb:
"Aİ ilə kiprli türklər arasında etimadı artıran tədbirlərə ehtiyac olduğunu izah etmişik. Məsələnin siyasi tərəfi ilə bağlı mövqeyimizi və Aİ daxilində Kiprlə bağlı mövcud olan qeyri-normallığı dəfələrlə bildirmişik. Görüşdüyümüz hər kəsə bunu izah etməyə davam edirik. Hesab edirəm ki, Aİ rəsmilərinin bu çıxışımızı bir daha nəzərdən keçirməsi, mövqeyimizi çatdırmaq və bu istiqamətdə bir çox məqamı anlamağa yol aça bilər. Bu adada Kipr türkləri olub, var və var olmağa da davam edəcəklər. Burada yalnız dialoq, səbir və soyuqqanlılıq deyil, eyni zamanda, qətiyyət də mövcuddur. Bunu heç kim görməzdən gəlməsin".
SAMİRƏ