ASELSAN bu il çoxqatlı inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi ÇELİKKUBBE-nin tədarükünü intensiv şəkildə davam etdirəcək. Sistemin komponentlərindən biri olan EJDERHA Yüksək Güclü Elektromaqnit Qarşı Tədbir Sistemi də bu il istifadəyə veriləcək.
AzerVoice-in xəbərinə görə, ASELSAN-ın baş direktoru Ahmet Akyol SAHA İstanbul-un “SAHA Sohbet” proqramında çıxışı zamanı bildirib ki, ÇELİKKUBBE uzun illər ərzində formalaşmış radar, rabitə, naviqasiya, komanda-idarəetmə və elektron müharibə təcrübəsi üzərində qurulub. Sistemin əsasını ASELSAN tərəfindən hazırlanmış süni intellekt əsaslı proqram təminatı və hərbi 5G əsaslı şəbəkə təşkil edir.
Akyol Ankarada yerləşən obyektin Avropanın ən böyük inteqrasiya olunmuş hava hücumundan müdafiə kompleksi olduğunu vurğulayıb. O bildirib ki, müxtəlif tezliklərdə çalışan radarlar, IRST sensorları və elektron müharibə sistemləri eyni struktura inteqrasiya edilib.
Prezident Recep Tayyip Erdoğan-ın iştirakı ilə keçirilən mərasimdə 47 ədəd ÇELİKKUBBE sisteminin təhvil verildiyini bildirən Akyol, 2026-cı ildə bu sayın iki dəfədən çox artırılacağını açıqlayıb.
ÇELİKKUBBE-nin əsas elementlərindən biri olan EJDERHA sisteminin sürü hücumlarına və FPV dronlara qarşı yüksək effektivlik göstərdiyini deyən Akyol, sistemin azsaylı seriya istehsalı mərhələsinə çatdığını və bu il istifadəyə veriləcəyini bildirib.
SAMİRƏ