İranda iqtisadi böhrandan qaynaqlanan etirazların 12-ci günündə ölkəyə uçuşların bir-bir dayandırıldığı məlum olub. Türk Hava Yolları (THY), AJET və “Pegasus” şirkətləri Tehran və Təbrizə uçuşları ləğv edib. THY və AJET-in açıqlamalarına görə, ləğvlər 9-10 yanvar tarixləri arasında olan uçuşları əhatə edir.
THY bu gün və sabah İranın Tehran, Təbriz və Məşhəd şəhərlərinə planlaşdırılan 17 uçuşu ləğv edib. AJET İrandakı hadisələr səbəbindən 9 yanvar cümə və 10 yanvar şənbə günləri Tehrana planlaşdırılan 6 uçuşun ləğv edildiyini açıqlayıb.
“Pegasus” isə hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Tehranın Böyük Bazarında dükan sahiblərinin yerli valyutanın xarici valyuta məzənnələrinə qarşı kəskin devalvasiyasına və daha geniş iqtisadi problemlərə etiraz etməsi ilə başlayan nümayişlər tez bir zamanda ölkənin bir çox şəhərinə yayılıb. Ölkədə tez-tez təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurmalar yaşanır. Ölən və ya yaralananların sayı ilə bağlı rəsmi açıqlama verilməsə də, ABŞ-da yerləşən "İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA)" 8 təhlükəsizlik işçisi də daxil olmaqla 42 nəfərin öldüyünü, onlarla insanın yaralandığını və 2277 nəfərin saxlanıldığını bildirib.
Yarı-rəsmi Tasnim Xəbər Agentliyi 7 yanvarda yaralanan polis əməkdaşlarının sayının 568-ə, yaralanan Bəsic üzvlərinin sayının isə 66-ya çatdığını bildirib, lakin ümumi itkilər barədə məlumat verməyib.
Xəsarətlərin əksəriyyətinin ov tüfəngindən atılan güllələr və rezin güllələr nəticəsində yarandığı bildirilir.
TAHİR