Avropa ölkələri ABŞ-ı Qrenlandiyaya hücumdan çəkindirmək üçün hərəkətə keçiblər. Politico bu barədə rəsmilərə, diplomatlara və NATO mənbələrinə istinadən məlumat verib.
Lakin avropalı bir diplomat nəşrə bildirib ki, ABŞ adanı ələ keçirmək qərarına gələrsə, avropalıların bunun qarşısını ala bilməsi ehtimalı azdır.
Adı açıqlanmayan bir alman rəsmisi isə Politico-ya bildirib ki, xüsusilə Almaniyanın xarici işlər naziri Yohann Vadeful və həmkarları Qrenlandiyaya hücum halında ABŞ-a qarşı mümkün çəkindirici tədbirlər planı üzərində işləyirlər. Bundan əlavə, adanın yaxınlığında NATO-nun mövcudluğunun gücləndirilməsi ehtimalı araşdırılır.
"Alyansın Qrenlandiya yaxınlığında mövcudluğunu gücləndirmək və Trampın tələblərini yerinə yetirmək üçün edilə biləcək hər şey maksimum dərəcədə istifadə olunmalıdır", - diplomat bildirib.
Qeyd edək ki, Donald Tramp Qrenlandiya üzərində nəzarəti bərqərar etmək üçün hərbi gücdən istifadə ehtimalını istisna etməyib. ABŞ prezidenti qeyd edib ki, ölkəsi beynəlxalq təhlükəsizlik kontekstində əraziyə "çox ehtiyac duyur".
Bu arada, Trampın Qrenlandiya üzrə xüsusi elçisi Ceff Lendri bildirib ki, ABŞ "heç yeri fəth etməyi" hədəfləmir. Bunun əvəzinə, onlar "iqtisadi güc və qoruma" təklif edirlər.
Marko Rubio isə Konqresə bildirib ki, Vaşinqton Qrenlandiyanı almağı hədəfləyir.
SAMİRƏ