Donald Tramp Kolumbiya prezidenti Qustavo Pedro ilə telefonla danışdığını və onunla Ağ Evdə görüşəcəyini açıqlayıb. Amerika lideri bu barədə sosial media hesabı olan Truth Social-da məlumat verib.
Trampın sözlərinə görə, Qustavo Pedro ona "narkotik vəziyyəti və digər fikir ayrılıqlarını aydınlaşdırmaq" üçün zəng edib. Sosial media hesabında "Mən onun zəngini və tonunu yüksək qiymətləndirirəm və yaxın gələcəkdə görüşməyi səbrsizliklə gözləyirəm"- yazan Tramp əlavə edib ki, vitse-prezident J.D. Vance və Kolumbiya xarici işlər naziri artıq Ağ Evdə görüş barədə razılığa gəliblər.
Qeyd edək ki, Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının "narkoterrorizm", silah saxlamaq və narkotik qaçaqmalçılığında ittiham olunaraq qaçırılmasının ardından Tramp Kolumbiyada da oxşar əməliyyatın keçirilməsinin yaxşı bir fikir olduğunu deyib.
"Kolumbiya da çox xəstədir, kokain istehsal etməyi və ABŞ-a satmağı sevən xəstə bir adam tərəfindən idarə olunur və o bunu uzun müddət edə bilməz", - deyə o bildirib.
Buna cavab olaraq, Kolumbiya prezidenti "silahlanmağa" söz verib və Latın Amerikasını birləşməyə çağırıb.
SAMİRƏ