Venesuela prezidenti Nikolas Maduro vəzifəsinin ilk illərində Venesuela Mərkəzi Bankının ehtiyatlarından İsveçrəyə ümumilikdə 5,2 milyard dollar dəyərində 113 ton qızıl köçürdüyü məlum olub.
“Reuters” agentliyinin məlumatına görə, 2013-2016-cı illər arasında İsveçrəyə Venesuela Mərkəzi Bankının ehtiyatlarından 113 ton qiymətli metal göndərib. İsveçrənin SRF kanalının məlumatına görə, bu satışlar o dövrdə ABŞ-ın sanksiyalarına qarşı hökumətin ölkə iqtisadiyyatını ayaqda saxlamaq üçün ehtiyatındakı qızılı əritmək səylərinin bir hissəsi olub.
Qızıl axını 2017-ci ildə Avropa Birliyinin (AB) müxtəlif venesuelalı fərdlərə və təşkilatlara insan haqlarının pozulması və demokratiyanı sarsıtmaq iddiaları ilə sanksiyalar tətbiq etməyə başladıqda dayandırılıb. İsveçrə AB sanksiyalarını 2018-ci ilin əvvəlində qəbul etsə də, ölkənin Venesueladan qızıl idxalına ümumi embarqo tətbiq etməyib. Lakin StoneX bazar analitiki Rona O'Konnell ixracın dayandırılmasının ehtimal olunan səbəbini "Venesuela Mərkəzi Bankında qızıl ehtiyatının tükənməsi" ilə əlaqələndirib.
Qızılın dünyanın ən böyük qızıl emalı mərkəzlərindən biri olan İsveçrəyə, ümumiyyətlə emal, sertifikatlaşdırma və yenidən göndərmə məqsədləri üçün köçürüldüyü güman edilir.
3 yanvarda ABŞ xüsusi təyinatlı qüvvələri tərəfindən Karakasdan qaçırılan Maduro, narkotik qaçaqmalçılığı və narkoterrorizm də daxil olmaqla müxtəlif ittihamlarla Nyu-Yorkda mühakimə olunur.
Maduronun qanunsuz qaçırılmasından dərhal sonra İsveçrə hökuməti də hərəkətə keçərək Maduro və onunla əlaqəli 36 şəxsin İsveçrədəki aktivlərini dondurmaq qərarına gəlib. İsveçrə dondurulmuş bu vəsaitlərin təxmini dəyəri və ya mənbəyi barədə heç bir məlumat vermir və dondurulmuş aktivlərlə Mərkəzi Bankdan köçürülən qızıl arasında hər hansı bir əlaqənin olub-olmadığı da hələ məlum deyil.
TAHİR