ABŞ-ın Venesuelaya endirdiyi hava zərbələri nəticəsində azı 40 nəfərin həlak olması beynəlxalq aləmdə ciddi narahatlıq yaradıb. “The New York Times” və “The Guardian” qəzetində yazılanlara görə, bu hadisələrdən sonra İran və Danimarka mümkün növbəti gərginlik məkanları kimi müzakirə olunur.
İran uzun illərdir Vaşinqtonun əsas geosiyasi rəqiblərindən sayılır və nüvə proqramı, regional təsiri səbəbilə ABŞ-ın təzyiq siyahısında ön sıralardadır. Venesuela hadisələrindən sonra sərt ritorikanın yenidən güclənməsi Tehranla qarşıdurma ehtimallarını gündəmə gətirir. Danimarka isə birbaşa hərbi deyil, Qrenlandiya üzərindən strateji maraqlar kontekstində diqqət mərkəzinə düşür. ABŞ-ın Arktika regionuna artan marağı, Trampın Qrenlandiya ilə bağlı əvvəlki açıqlamaları və Ağ Evə yaxın fiqurların simvolik paylaşımları bu mövzuda narahatlıqları artırır. Nəticə etibarilə, söhbət konkret planlardan çox, ABŞ-ın daha aqressiv xarici siyasət kursu fonunda formalaşan siyasi və geosiyasi ehtimallardan gedir.
Akif NƏSİRLİ