ABŞ prezidenti Donald Tramp Venesueladakı hərbi əməliyyatın Çin prezidenti Si Cinpinlə münasibətlərə təsir etməyəcəyinə inanır.
"Düşünmürəm ki, Si Cinpinlə əlaqələr pisləşər, onunla yaxşı münasibətlərim var", - RİA Novosti-nin xəbərinə görə, Tramp bildirib.
Əslində Tramp bu sözləri Çin Xarici işlər nazirinin olaya münasibətini açıqlamasından sonra səsləndirib. Çünki əməliyyatla bağlı şərh verən Çin xarici işlər naziri Vanq Yi bir ölkənin iradəsinin digərinə tətbiq edilməsinə qarşı çıxıb. O əlavə edib ki, bütün dövlətlərin suverenliyi və təhlükəsizliyi beynəlxalq hüquqla tam qorunmalıdır.
Xatırladaq ki, 3 yanvarda ABŞ Karakasa hava hücumları təşkil edib, bundan sonra prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Flores həbs edilib. Cütlük Nyu-Yorkdakı istintaq təcridxanasına aparılıb. ABŞ hakimiyyəti Maduronu narkoterrorizm törətmək üçün sui-qəsddə, kokain idxalında və silah saxlamaqda ittiham edir.
SAMİRƏ