Yeni vəzifəyə başlayan Nyu-York meri Zöhran Mamdani ABŞ prezidenti Donald Trampa şəxsən zəng edərək Venesuelaya qarşı hərbi əməliyyata və prezident Maduronun həbsinə qarşı çıxdığını bildirib. Mamdani bu addımın rejim dəyişikliyi olduğunu, federal və beynəlxalq qanunları pozduğunu Trampa çatdırıb.
Mamdani Trampla söhbətinin qısa olduğunu bildirib: “Prezidentə zəng etdim, bu əməliyyata qarşı olduğumu açıq şəkildə bildirdim və məsələni orada bağladıq”.
Venesuelanın paytaxtı Karakasda baş verən bir sıra partlayışlarla eyni vaxtda baş verən bu danışıq ABŞ-ın Cənubi Amerikadakı hərbi əməliyyatını yenidən diqqət mərkəzinə gətirib. Məlum olduğu kimi, Venesuela prezidenti Maduro əməliyyatın bir hissəsi olaraq tutulub və ABŞ-a aparılıb.
ABŞ administrasiyası Maduronun Nyu-Yorkdakı Metropoliten Saxlama Mərkəzində saxlanıldığını açıqladı. Qeyd edilib ki, Maduro Manhettendə narkotik və silah ittihamları ilə mühakimə olunacaq və bazar ertəsi günü məhkəmə qarşısına çıxa bilər.
Ağ Ev Mamdaninin Trampla görüşü ilə bağlı açıqlamasına münasibət bildirməyib.
TAHİR