Mahaçqala hava limanında baş verən iğtişaşların 150-dən çox iştirakçısı müəyyən edilib, onlardan 60 nəfəri saxlanılıb. Trend xəbər verir ki, bu barədə "MVD media" portalı məlumat yayıb.
"Daxili İşlər Nazirliyinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində iğtişaşlar dayandırılıb. Hazırda hava limanı bütünlüklə hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. İğtişaşların 150-dən çox iştirakçısı müəyyən edilib, onlardan 60 nəfəri saxlanılaraq istintaq üçün polis bölmələrinə aparılıb", - məlumatda deyilir.
Qeyd edək ki, ötən gecə Mahaçqala hava limanında iğtişaş baş verib. Aksiya iştirakçılar uçuş zolağına, həmçinin, aeroportun binasına daxil olublar. Hadisə yerinə gələn polis əməkdaşları ilə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb. Doqquz polis əməkdaşının xəsarət aldığı və ikisinin xəstəxanaya yerləşdirildiyi deyilir.
Hadisə ilə əlaqədar olaraq cinayət işi açılıb.
İğtişaşla əlaqədar olaraq Mahaçqala hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Hava limanının təkrarən oktyabrın 31-də fəaliyyətinə davam edəcəyi bildirilir.