Müasir iqtisadiyyatımızı qadınlarsız təsəvvür etmək mümkün deyil. Ona görə də dövlət başçısının iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri də qadınların sosial-iqtisadi həyatda rolunun, iqtisadi fəallığının artırılmasıdır.
Bu baxımdan ölkə iqtisadiyyatında qadın sahibkarlığı kiçik və orta sahibkarlığın daha dinamik hissəsini təşkil edir. Statistik məlumatlara görə, dünyada yeni biznes strukturların 25 faizdən çoxunu qadınlar yaradıb və bu onu göstərir ki, qadınların iqtisadi təşəbbüskarlığı ilbəil artmaqdadır.
Azərbaycanda da qadınlar ildən-ilə kiçik və orta sahibkarlıqda geniş təmsil olunmağa başlayıblar. Bu isə sosial-iqtisadi inkişafın, o cümlədən, məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Açıqlanan statistik məlumatlara görə, paytaxt Bakı ilə yanaşı, regionlarda da qadınların sahibkarlığa marağı artıb. Bölgələrdə sahibkarlığın inkişafı istiqamətində keçirilən təlimlərdə kişilərlə müqayisədə qadınlar daha çox maraq göstərirlər. Araşdırmalara görə, əsasən Sumqayıt, Gəncə, Mingəçevir, Qəbələ, Quba rayonlarında sahibkarlıqla məşğul olan qadınların sayı üstünlük təşkil edir.
Məlumat üçün bildirək ki, hazırda ölkədə 150 mindən çox sahibkar qadın var. İqtisadiyyatın inkişafında kişilərlə yanaşı, zərif cinsin nümayəndələrinin də rolunun olması təqdirəlayiqdir.
“Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlara bəzən maneçilik törədilir”
“Vəfa” Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qadınların iqtisadi cəhətdən güclənməsi onların zorakılığa müqavimətini artıracaq. Bu sahədə potensialı olan qadınları irəli çəkmək, onlara dəstək vermək çox yaxşı olar: “Bizim biznes ledilərimiz var. O ledilər sahibkarlıq sahəsində müəyyən işlər görürlər. Ancaq dünya üzrə sahibkar ledilərimiz barmaqla sayılası səviyyədədir”.
Həmsöhbətimizin sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən qadın sahibkarlar, əslində, xırda və orta sahibkarlardır: “Danılmaz faktdır ki, hər zaman pul kişilərin əlində olub. Son 20 il ərzində isə qadınlar artıq pula sahib olurlar və sahibkarlıqla məşğul olmağa başlayırlar. Arzu edirəm ki, qadınlarımız kiçik və orta sahibkarlıqdan böyük biznesə doğru inkişaf etsinlər. Kiçik sahibkarlıqdan böyüyə yüksəlsinlər. Onu da deyim ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə bəzən maneçilik törədilir. Sahibkarlıq bacarığı olan qadınlara əsasən xanımın maddi gəlirinin artacağından qorxan kişilər mane olurlar. Digər səbəb isə sahibkar bacarığı olan, lakin kapitalı olmayan qadınlardır. Həmçinin, bəzi qadınlar sahibkarlıq fəaliyyətinin elmi əsasları və onun nəzəri biliklərini bilmirlər. Sadəcə, bu sahədə məşğul olmaq istəyirlər”.
Günel CƏLİLOVA