“Fikrimcə, şəhərimizdə ictimai məqsədlər üçün inşa olunan obyektlər kifayət qədər maraqlı və keyfiyyətlidir. Təəssüf ki, belə qiyməti geniş vüsət alan yaşayış tikintisinə şamil etmək çətindir. Son illər ərzində inşa olunmuş çoxsaylı yaşayış evlərinin bəziləri tam simasız və tam zövqsüzdür”. Bunu Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Respublikanın Əməkdar memarı Elbay Qasımzadə bildirib.
O qeyd edib ki, həmin binaların tikintisinə sərf olunmuş vəsaitdən başqa, burada yaşayan sakinlərə də mənəvi ziyan dəyir: “Memarlıq insanın mənəviyyatına təsir edən sənət növüdür. Onların həyat tərzinə, zövqünə, hətta tərbiyəsinə belə təsiri var. Bu simasız binaların orada yaşayıb böyüyən gənclərimizin tərbiyəsinə necə təsiri olacağını düşünəndə məyus oluram. Bunun bir neçə ciddi səbəbi var. İlkin səbəbi, əlbəttə, layihələri hazırlayan memarların kəmsavadlığı və yaxud biganəliyidir. Hər ikisi xalqa, sənətə xəyanət kimi qiymətləndirilə bilər”.
Doğrudan da, bu gün yaşayış evlərinin əksəriyyətinin görkəmi zövq oxşayıcı durumda deyil. Binaların xarici görkəmi necə gəldi boyanaraq sakinlərin istifadəsinə verilib.
Cəfər Qiyasi: “Yaşayış binaları arasında yaxşıları da var, ancaq görkəmi zövqsüz olan binalar çoxluq təşkil edir”
Tanınmış memar, memarlıq doktoru, AMEA-nın müxbir üzvü, professor Cəfər Qiyasi “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, paytaxt ərazisində olan yaşayış binalarının əksəriyyətinin siması xoşagələn deyil: “Yaşayış binaları arasında yaxşıları da var, ancaq görkəmi zövqsüz olan binalar çoxluq təşkil edir. Bu sahədə mövcud vəziyyəti dəyişmək üçün müəyyən işlər görmək lazımdır. Elə binalar var ki, orada memarlar işləməklə həmin infastrukturun görkəmini daha cazibədar edə bilərlər”.
Oqtay Əliyev: “Köhnə binaların fasadında məxsusi qədim memarlıq ənənələrini saxlamaq şərtilə modern sistemdən istifadə etmək olar”
Tanınmış rəssam, dizayner Oqtay Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu gün paytaxt ərazisində mövcud olan binaların əksəriyyətinin görkəmi bir mütəxəssis kimi onu da qane etmir: “Etiraf edək ki, bəzi binaların vizual görkəmi standarta uyğundur, bəziləri isə yox. Köhnə binaların fasadında məxsusi qədim memarlıq ənənələrini saxlamaq şərtilə modern sistemdən istifadə etmək olar. Bu gün əsasən qədim ənənə ilə müasirliyi sintez etmək lazımdır. Buna çox ehtiyac var. Ümumiyyətlə, binaların fasadları üzərində işlər aparılarkən diqqətli olmaq lazımdır”.
Həmsöhbətimizin sözlərinə görə, şəhərdə olan çoxmərtəbəli binaların fasadı mütəmadi olaraq dəyişdirilir. Dəyişdirilən fasadlar əsasən ya rənglənir, ya da üzlənir. Fasadlar bəzən elə rəngə boyanır ki, həmin binanın görkəmi itir. Beləliklə, tünd və ya xoşagəlməz üzlüklər estetik baxımdan şəhərin görkəminə xələl gətirir”.
Günel CƏLİLOVA