Məlum olduğu kimi, ötən il Bakıda Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı həyata keçirildi. Müəyyən olunmuş kateqoriyaya aid şəxslər mənzil əldə etmək üçün qeydiyyatdan keçərək, güzəştli şərtlərlə ev aldılar.
Aztəminatlı ailələr üçün nəzərdə tutulan güzəştli mənzillərin satışından hələ bir il keçməmiş maraqlı statistika ortaya çıxır. Belə ki, yayılan məlumata görə, sosial şəbəkələrdə, daşınmaz əmlakın kirayəsi barədə elanların yerləşdirildiyi saytlarda kirayə təklif edilən MİDA mənzillərinə tez-tez rast gəlinir. Hansı ünvanda belə mənzillər satılıbsa, eynən həmin ünvanda yerləşən mənzillərin kirayəyə verilməsi halları var. Əşyasız, sadəcə mətbəx mebeli ilə təmin edilən sözügedən mənzillərin kirayəyə verilməsi halları var. Həmin mənzillərdə kirayə qiymətləri aylıq 300 manatdan başlayır. Onu da nəzərə almaq lazımdır ki, Yasamal ərazisində, şəhərin mərkəz hissələrində yerləşdiyinə görə həmin sosial evləri kirayə götürmək istəyən müştərilər də kifayət qədər çoxdur. Şəhərdə işləyənlər, tələbələr belə mənzillərə maraq çox göstərir.
Aztəminatlı ailələrin güzəştlə sahib olduğu mənzillərin elan saytlarında kirayə təklif edildiyi məlum olanda bu istər-istəməz təəccüb doğurmaqla yanaşı, müəyyən sualların yaranmasına səbəb olur. Belə mənzillər ehtiyacı olan ailələrə satılıbsa, o zaman niyə kirayəyə verilir? Bu cür mənzillər kirayə bazarına necə yol tapır?
Fikrət Yusifov: “Mexanizm aydın olsa, o zaman belə halların qarşısını almaq mümkün olacaq”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən iqtisad elmləri doktoru Fikrət Yusifovun sözlərinə görə, belə halların müşahidə olunması yaxşı hal deyil: “Kimsə sosial mənzil alıb öz ehtiyacını ödəmək əvəzinə evi kirayə verirsə, deməli burada nələrsə düz deyil. O mənada düz deyil ki, görünür belə mənzil sahibləri hansısa yollardan istifadə edərək ev əldə ediblər. Onların əslində mənzilə ehtiyacı olmayıb. Sadəcə, özlərini sosial cəhətdən aztəminatlı ailə kimi qələmə veriblər. Nəticədə mənzili əldə etdikdən sonra onu başqalarına kirayə veriblər. Bu o qənaətə gəlməyə əsas verir ki, sosial mənzillərlə bağlı mexanizmlərə bir daha baxmaq lazımdır. Dəqiq hesablamalar aparmaq lazımdır ki, belə xoşagəlməz hallara yol verilməsin. Mənzillər öz təyinatına uyğun satılsın. Mexanizm aydın olsa, o zaman belə halların qarşısını almaq mümkün olacaq. Başqa bir tərəfdən, güzəştli mənzil satışında maksimum şəffaflıq olmalı və ictimai nəzarət təmin edilməlidir. Lazım gələrsə, belə mənzillərin bir müddət kirayə verilməsinə məhdudiyyət qoyulmalıdır. Nəzərə almaq lazımdır ki, sosial mənzillər güzəştli şərtlərlə satılır. Məqsəd aztəminatlı ailələri mənzillə təmin etməkdir”.
Vidadi ORDAHALLI