“Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür. Bizim borcumuz, gələcək nəsillərin borcu tarixi keçmişimizə, ənənələrimizə, milli nailiyyətlərimizə hörmət etməkdən, onları qoruyub saxlamaqdan ibarətdir”. Heydər Əliyev
Abşeronda təqribi hesablamalara görə 1500-ə qədər coğrafi yer adı var. Bunların 80 faizi passiv fondu təşkil edir. Qala kəndinin yaşayış məskəni kimi adı birbaşa “qala” sözü ilə strateji tarixi-memarlıq tikilisi ilə əlaqədardır.”Qala” toponiminin ilk baxışda sadə görünən izahı bir tərəfdən arxeoloji faktlara, digər tərəfdən isə xalq etimologiyasına əsaslanır. Yaşlı sakinlərin bəziləri kəndin adını”mühafizə olunan yer” kimi mənalandırır, başqa sözlə, alınmaz, məğlubedilməz yer, kənd, yaşayış məskəni.
Arxeoloji qazıntılar da sübut edir ki, ərazidə eramızdan əvvəl III minillikdən etibarən yaşayış mövcud olub. Buradan maddi-mədəniyyət qalıqlarının I mərhələsi e.ə. III minillikdən eramızın IX əsrinə,II mərhələsi isə bizim eranın X-XIX əsrlərini əhatə edir. XIX əsrdən Qala kəndi 7 hissədən ibarət olub: Qala kəndinin özü, Şəburi-Şəhri Şaburi (indiki aeroport yaxınlığı), Kələdağ (kələdağ-qışlaq yeri), Şüvəlan (bağ yerləri), Qala tut ağacı, yaxud Binə görünən (Binə tərəfdə), Türkanyanı torpaqlar, Pirxəxir (Hövsan həndəvəri). Bundan əlavə, Xoşxonə (Xaki-xanə), Qərəcə, Dərəçal, Əlcəki və Parağat (Farağat) bağları da Qala kəndinə daxil idi.
Qala kəndində əhalinin əsas təsərrüfat məşğuliyyəti heyvandarlıq (başlıca olaraq qoyunçuluq), əkinçilik, sənətkarlıq (o cümlədən xalçaçılıq) və kustur üsulla duz istehsalı olub. Bu kənd həm də qədim ticarət mərkəzlərindən biri idi. Abşeronun karvan ticarətində Qala kəndi həmişə əhəmiyyətli rol oynayıb. Bundan əlavə, Qala kəndi Pirallahı limanı vasitəsilə istər Bakı, istərsə də Azərbaycanın digər bölgələri ilə ən intensiv ticarət əlaqələrinə malik idi.
Vaxtilə yerli əhalinin bir qismi özünü tat, digər qismi isə tərəkəmə adlandırardı. Qala kəndinin meydanları və məhəllələri də məşhur olub. Bunlardan Hacı Ramazan meydanı, habelə Şıxlar, Qala dibi, Pirvənzəri, Çəmbərəkənd, Tucuğlar (Tocuqlu) məhəllələrini göstərmək olar.
Qalada istər tarixi, istərsə də sosial mədəniyyət əhəmiyyəti daşıyan tarixi-memarlıq abidələri və tarixi tikililər dövlət qeydiyyatına alınaraq maddi-mədəni irs nümunələri kimi dövlət tərəfindən qorunur.
Abşeronun heç bir kəndində burada olduğu qədər məscid yoxdur: onların sayı altıdır. Bunlar cümə və məhəllə məscidləridir. Bu məscidlərdən birini Məşədi Süleyman, digərini Əlqulu Əlyar, bir başqasını Hacıbaba və başqaları tikdirib. Bəzi məscidlər məhəllə adı ilə adlanırdı: Çəmbərəkənd məscidi, Tərəkəmə məscidi. Məscidin baş xidmətkarına “şıx” (yəni şeyx-red) deyilirdi. Kənddə 2 mollaxana, 2 qibləgah da mövcud olub.
Qala kəndində mövcud hamamlardan biri də”Şor hamamı”adlanırdı. Bu hamam kəndin cənub hissəsində, duz gölünün yaxınlığında yerləşirdi. Hamamın suyu duzlu olduğundan ondan müalicəvi məqsəd üçün istifadə olunurdu. 2016-cı ildə orada”İçərişəhər” DTMQ İdarəsi və “Qala” DTEQ tərəfindən “Şor hamam”da mədəni irs abidəsi kimi arxeoloji qazıntı işləri görülüb, mövcud hamamın tikili qalıqları aşkar olunub, foto-fiksiya işləri aparılıb. Mədəni tarixi irs abidəsinin arxeoloji qazıntı işləri nəticəsində aşkar olunmuş tarixi tikinti qalıqlarının konservasiya olunması, buklet nəşr olunması, turist marşrutlarına salınması, son orta əsr sosial tarixi məişət abidəsi kimi təbliğ olunması burada qədim Qala kəndində turizmin aparıcı sahələrindən hesab olunan etnoturizmin, aqroturizmin, kənd turizminin inkişaf etdirmək zərurərini doğurur.
Suyu şor olan hamamlardan biri də İmaməli hamamı idi. Əhədəli hamamının suyu isə cox şor olmayıb. Kənddə olan hamamlardan biri də hazırda öz təyinatına uyğun olaraq fəaliyyət göstərir. Bu hamam cox vaxt “Cümə hamamı”, yaxud hamamı inşaat etdirənin adı ilə “Bayraməli hamamı”adlanır. Hamamın giriş hissəsindəki epiqrafik yazıdan məlum olur ki, hamam 1881-ci ildə inşa olunub. Qala kəndində yerləşən hamamların hamısında vacubatxana olub.
Qala kəndinin su ilə təminatında, su çıxarılmasında müxtəlif üsullar tətbiq olunurdu: adi iplə dartma, mancanaq, dolamaçarx, kəlləçarx, dolbağara. Dolbağara ilə toplanan su ağır olduğundan onu quyudan at və ya eşşəklə çəkib çıxararaq əkin üçün istifadə edirdilər.
Kəhriz Qala kəndinə Qurat bağlarından, Xəşəxuna bağlarının 150-200 metrlik şimal istiqamətindən çəkilmişdi. Kəhriz çəkmək üçün ilk olaraq "gumana" quyusu qazılır. Qala kəhrizi sistemində hər 50 metr məsafədə bir ədəd olmaqla 17 quyu qazılmışdı. Bu quyuların suyu yeraltı basdırılmış təqribən 70-120 sm dərinlikdə saxsı borularla - tünglərlə biri-birinə birləşərək kəndə çatdırılırdı. Təqribən 50-70 sm uzunluğunda saxsı tüng boruların diametri iki yarım, üç düym təşkil edirdi. Borular bir-birinə geydirildiyindən bir başı gen, digər başı isə dar diametrdə olurdu. Kəhrizdən suyun axıdılması üçün heç bir mexaniki üsul və ya vasitədən istifadə olunmurdu. Başqa sözlə, kəhriz sistemi ancaq yerin səthi quruluşu nəzərə alınmaqla xalq empirik təcrübəsinə əsaslanan kəhrizçilər tərəfindən inşa olunurdu. Kəhriz suyu su hövzəsinə (belə su hövzələrinin sayı 10 idi) toplanır və buradan götürülərək istifadə olunurdu.Yolu tutulmasın deyə kəhriz boruları müntəzəm olaraq kəhrizçilər tərəfindən təmizlənir, quyuların su norması nəzarətdə saxlanırdı.
1842-ci ildə Abşerona səyahət etmiş səyyah İ.Beryozin bir sıra kəndlərin əhalisi barədə məlumat verir. Həmin məlumata görə, 1842-ci ildə Maştağa kəndində 3600 əhali yaşayırdı. Qala, Suraxanı, Balaxanı, Novxanı, Nardaran kəndi də böyük kəndlərdən sayılırdı; onların hər birində əhalinin sayı 1000-dən yuxarı idi.
Əhalinin məşğuliyyəti.Yarımada öz coğrafi xüsusiyyətlərinə görə Azərbaycanın digər mikrozonalarına görə müəyyən qədər sərt iqlimə malikdir. Lakin bu amil heç də əhalinin ənənəvi məşğuliyyət növlərinin inkişafına təsir etməyib. Abşeronun ağ və qara şanısı, sarı ənciri, püstəsi, Şıxverdi soğanı (adətən Hövsan soğanı adlanır), zəfəranı, yemişi, qarpızı, Qala qoyunu və s-nin geniş şöhrət tapdığı yerdir Qala kəndi.
Arxeoloji qazıntılar göstərir ki, Azərbaycanın hər yerində olduğu kimi, Abşeron yarımadasında da artıq Neolit (yeni daş) dövründə əkinçilik təsərrüfatı xeyli inkişaf edib. Bu dövrdə başlıca əmək alətləri daşdan hazırlanırdı. Tunc dövrünə, yəni e.ə. III minilliyə kimi toxa əkinçiliyi hökmran olub. Tunc dövründə isə artıq qoşqu heyvanlarının gücündən istifadə olunmaqla cüt əkinçiliyinə keçilib.
Yunan coğrafiyaşünası Strabon yazırdı ki, Albaniya torpaqları çox münbitdir. Belə ki, torpaqdan ildə 2 dəfə, hətta 3 dəfə məhsul götürmək olar. O zamanlar adətən dənli bitkilər, o cümlədən arpa, buğda və s.əkilirdi. Qədim və orta əsrlərdə, sonrakı dövrdə, ümumiyyətlə Azərbaycanda taxılçılıq aparıcı sahələrdən biri olub.
XIX və XX əsrin əvvəlində Azərbaycanda ənənəvi kənd təsərrüfatı alətləri, o cümlədən qara kotan, dəmir gavahınlı xış, ağac mallar: bel, oraq, çin, vəl, dəryaz, yaba, şana, kürək, dırmıx və s. ilə yanaşı, qismən də olsa, fabrik istehsalı olan kotan, taxıldöyən, taxılsəpən, taxılsovuran, küləşdoğrayan, dərzbağlayan və s. kənd təsərrüfatı maşınları da tətbiq olunurdu.
Abşeron torpaqları öz təbii-geoloji xüsusiyyətlərinə görə son dərəcə rəngarəngdir. Burada münbit boz-qara qumluq torpaq sahələrinə, həmçinin qırmızımtıl, sarı gil rəngli və əkin üçün müxtəlif keyfiyyətli torpaqlara təsadüf olunur. Abşeronda belə torpaqlar "sarı torpaq" adlanırdı.
Əksər əkin sahələri kəndlərin ətrafında yerləşirdi. Belə münbit əkin sahələrindən Şağan kəndinin Banağan, Təmənnis və çöl bağları, Məhəmmədlinin qara arpa yerlərini, Buzovnanın qara torpaq, Qala kəndinin Qərəcə, Balaxanının Pirqübbə, Biləcərinin Arxlar, Xocahəsənin barı, qayadibi, qayadöşü, xanlıq yerləri, Binəqədinin Maralan, Binənin Hacə Mövlam zəmisi, Bilgəhin Müşgürlü (yaxud Miskinli), Qaley-pur (Qullei-pur), Sarayın dağ bostanı, dərəzəmi, Mərdəkanın dənli, Fatmayının, həmçinin Göradilin, Kürdəxanın yelkən zəmi və s.əkin yerlərini göstərmək olar.
Əkinçilik ixtisaslaşması, həmçinin məhsulların keyfiyyəti, növü, kəmiyyəti elə bir vəziyyət yaratmışdı ki, bir çox məhsullar ayrı-ayrı kəndlərin adları ilə adlandırılırdı. Məsələn, Bilgəh kökü və sarımsağı, Zirə qarpızı və cirəsi, Hövsan soğanı, Binə qovunu ilə bütün Abşeronda məşhur idi. Bütün Bakı-Abşeron zonasında "Şıxverdi soğanı"adı ilə məşhur olan Hövsan soğanı haqqında etnoqraf Q.Cavadov "Əkinçilik mədəniyyətinin sorağı ilə" kitabında belə məlumat verir:“XIX əsrin sonlarında S.Zelenski adlı bir rus müəllifi "Qafqaz kənd təsərrüfatı" adlı qəzetdə (1897-ci ildə,№ 203) yazırdı ki, Bakının Hövsan,Türkan, Qala kəndlərində xörəyə özünəməxsus dad verən əvəzsiz soğan növü becərilir. Həmin soğan yerlilər arasında "Şıxverdi soğanı"adlanırdı”.
Köhnə əkinçilərin dediyinə görə, Qala kəndində 2 növ buğda əkilərmiş: xırda Bakı buğdası və iri dənəvər Rusiya buğdası. Bakı buğdası dadlı və şirin olurdu. Buna görə də bu buğdadan bişirilən çörək və çörək məmulatı çox dadlı olardı. Səmənini ancaq Bakı buğdasından qoyardılar. Təcrübəli əkinçilərin dediyinə görə, səpilən hər kiloqram buğdadan ən azı bir neçə dəfə çox məhsul götürülərmiş. Bol məhsul alınması üçün torpaq bir neçə dəfə yaxşı şumlanmalı idi: 1-şum, 2-düxış, 3-səxış, 4-caharxış. Mal-qaranın yemlənməsi üçün Qala kəndində qara arpa əkilərdi. Kəblə Paşa, Kəblə Yusif, Xeyrulla, Kərim kimi təcrübəli əkinçilər əkin-biçinin “dilinə” yaxşı bələd idilər. Qala kəndində zəfərançılıq da inkişaf etmişdi. Zəfəran bağçaları kəndin gilavar əsən tərəfində idi. Kənd sakinlərindən Hadinin, Mehdinin və başqalarının zəfəran baxçaları var idi. Qala kəndində qarğıdalı, bərk, əzilməyən Qala pomidoru, Hövsan soğanı, kudu, lobya, qarpız, qovun və s. bostan bitkiləri əkilərdi.
İndiyə qədər Zirə, Qala və Şağanın qarpızı, Binə və Türkanın “ağ qovunu”, Zirə və Mərdəkanın “qara qovunu”, Corat və Şağanın “axund tumu” qovunu, Qala kəndində becərilən şamama adladır. Etnoqraflardan akademik T.Bünyadov, S.Quliyev, Q.Cavadov yazırdılar ki, Abşeronun Qala qarpızı öz dadına və şirinliyinə görə Sabirabad qarpızından heç də geri qalmırdı.
Abşeronda 50-dən çox yemiş növü becərilib. Burada daha çox “axund tumu”, ”Saray tumu”, “Gərmək”, “dəvə dabanı”, “Ağ qovun”, “Qara qovun”, “Məkkə tumu”, “İrəvan gögü”, Sarı və ağ “sami”, “Abşeron gözəli” və s. kimi qovun və yemiş növləri əkilib.
Bağçılıq ənənələrinin qədimliyi Abşeron üçün səciyyəvi olan bir sıra meyvə və üzüm növlərinin meydana gəlməsinə səbəb olub. Bunlardan sarı əncir, göy əncir, qara əncir, Bakı heyvası, hulu, bəzi qaysı növləri, həmçinin üzüm növlərindən: qara şanı, ağ şanı, sarıgilə, xatuni, pişraz (ağ, qara, göy), göybəndəm, keçiəmcəyi, gəlinbarmağı, qızıl üzüm, kişmişi, Səlyani, Dərbəndi (ağ və qara) Zabrat, Sabunçu, Saray sarıgiləsi, Buzovna xatunisi, Şabrani (burada qoyun gözü), ağadayı, şireyi, ağ gavangir, göy gavangir, qara gavangir, xırdagilə, sarı xatuni, göy xatuni, kələ kişmişi, xalbəsər, mövücü, dəvə gözü (yaxud sirkeyi), çahar üzüm, sıx salxım, əskəri, kəmər barik, gülabi, pitumi, duxşeyi(turş meyi) və s.qeyd etmek olar.
Dünyanın bir çox xalqları zeytunu “həyat ağacı”, “ağaclar padişahı”adlandırır. Qədim romalılar bu ağaca müdriklik nişanəsi kimi baxmışlar. Tarixi sənədlər göstərir ki, hələ b.e.ə. Kür-Araz vadisində, həmçinin Abşeronda zeytun yetişdirilib. Ümumiyyətlə, Abşeron zeytunçuluğun vətənlərindən sayılır. Respublikada 3 növ zeytun yetişdilir: Azərbaycan zeytunu, armudu zeytun və şirin zeytun. Bu yerli növ zeytunlar həmçinin Türkmənstan və Əfqanstanda da becərilir. Zeytunun quru çəkisinin 80%-i yağdır. O, bitki yağları içərisində ən keyfiyyətlisi sayılır.1 kq zeytun tutmasının qidalılığı 2050-2380 kkal-a bərabərdir. Ta qədim dövrlərdən Abşeronda, xüsusən də Qala kəndində zeytun əkilib. Abşeronun “yaşıl qızılı” adlandırılan zeytunçuluğu inkişaf etdirmək məqsədilə 1988-ci ildə “Zeytun” aqrofirması yaradılıb. 1,2,3 nömrəli zeytunçuluq sovxozu Hövsan, Zığ, Qala kəndlərini əhatə edirdi. Bu unudulmaqda olan bitkinin Abşeronda, o cümlədən Qala kəndində becərilməsi burada mədəni irs abidələrini qorumaq və təbliğ etməklə yanaşı, dünya turizmində öncül sahələrdən biri olan aqroturizimin inkişafına kömək etmiş olardı.
Maldarlıq. Min illər boyu Abşeron əhalisinin əsas təsərrüfat məşğuliyyəti sahələrindən biri maldarlıq olub. Burada at, eşşək, dəvə və qatır saxlanıb və maldarlıq tövlə-otlaq-yaylaq və tövlə-otlaq tipində olub.
1683-cü ildə Bakıda olmuş alman səyyahı Engelbert Kempfer yazırdı ki, şəhəri qoyun əti ilə Abşeron kəndləri təmin edir. Bütün Qafqazda qoyunçuluğun əsas beşiyi sayılan Azərbaycanda təbii seçmə və xalq seleksiyası yolu ilə bir sıra məhsuldar qoyun cinsləri və növləri əmələ gəlib. Bunlardan Qarabağ, Qala, Qaradolaq, Şirvan, Bozax və s. qoyun cinslərini qeyd etmək olar.
Abşeronda quyruqlu qoyunlar saxlanılmaqla, əsasən Qala, Kəsmərək, Şirvan, Dağıstan qoyun cinsləri yayılıb. Qala və Kəsmərək qoyun cinsləri Abşeron üçün səciyyəvi olub.
Qala qoyun cinsi öz üstün keyfiyyətlərinə nəinki Abşeronda, hətta Qafqaz regionunda qabaqcıl yerlərdən birini tutur. Bunu müvafiq elmi məlumat kitabları, ta qədimdən qoyunçuluqla məşğul olan bu təsərrüfat sahəsinə dərindən bələd olanlar da təsdiqləyər.
Qala qoyunu haqqında “Azərbaycan Ensiklopediyasında yazılır”: “Qala qoyunu qaba yunlu, yağlı, quyruqlu, ətlik-südlük, yerli qoyun populyasiyalarından olub, xalq seleksiyası yolu ilə yayılmışdır. Başı iri, boynu uzunsov və ətli, döşü enli, ayaqları uzundur. Qoçları buynuzlu və xırda buynuzlu (həmçinin gabaş, yəni buynuzsuz)olur. Rəngləri əsasən kürən və bozdur”.
Qoyunların nişanələrə ayrılmasında onların rəngi, qulaq rəngi, forması və s. başlıca əlamətlərdən sayılıb. Məsələn, qırmızıqulaq, bozqulaq, sarıqulaq, qızılqulaq, kərə, kürə, əbrəş, boz əbrəş, çahar təpəl, ağ təpəl, qara, çal, ağ, boz, qumral, qızılı, ala, ətəkli və s. Ümumiyyətlə, Abşeronda xarici əlamətlərə görə qoyunlar 56 növə ayrılıb.
Qala cinsinin qoçları 56-100 kq, qoyunları isə 48-76 kq olur. İki hissəli quyruqları 6,3-10 kq (bəzən 15-20 kq) təşkil edir. Həmin cins həm də qalın yunlu olur. Belə ki, qoçlardan orta hesabla 3,4-4,5 kq, qoyunlardan isə 2,85 kq yun qırxılır. İllik süd sağımı 55-60 litr təşkil edir. Hər 100 doğar qoyundan 102-110 quzu almaq olar. Onların duruşu da cəlbedicidir. Bütün bu cəhətlərinə görə Qala qoyunu Abşeronda həmişə yüksək qiymətləndirilib.
Əhliləşdirilmiş ev heyvanları içərisində at qədər insana yaxın və mehriban olanı yoxdur. Yaxşı at sahibini məğrur, cavan, şux saxlayır. ”At muraddır”, ”Yuxuda at görən adam öz muradına çatar” deyilir. ”At nalı ilə rastlaşan adam istəyinə çatar” deyiblər. Adətən küçə qapılarına, kandara nal mıxlayırlar ki, o həyətə, evə, ailəyə səadət nəsib olsun. 1832-ci ilə aid arxiv sənədlərində göstərilir ki, ticarət işlərində istifadə üçün Bakı xanlığında 3000 at var idi. XX əsrin əvvəllərinə kimi Abşeronda həm əkinçilik, həm heyvandarlıq təsərrüfatlarında, həm də nəqliyyat vasitəsi kimi at mühüm rol oynayıb. 1898-ci ilin məlumatına görə, Bakı quberniyasında təqribən 9962 ədəd at olub.
Abşeronda Qarabağdan, Qubadan və s. yerlərdən gətirilmə atlarla yanaşı, yerli atlar da şöhrət qazanıb. Bu cəhətdən Qala atları daha çox diqqəti cəlb edirdi.Yarımadada satış məqsədilə at əsasən Saray, Qobu, Güzdək, Novxanı və xüsusən də Qalada yetişdirilirdi. Qala atları sərrast bədən quruluşuna, yorğa yerişinə, qoşqu keyfiyyətlərinə, həmçinin daşlı-kəsəkli yerlərdə sərbəst yerişinə görə yüksək qiymətləndirilirdi.Təsadüfi deyil ki, abşeronluların ən sevimli əyləncələrindən olan at çapma yarışları (xüsusən bayramlarda) əsasən Qala kəndində keçirilərdi. Belə yarışlarda əsasən yerli cins atlar sınaqdan cıxarılardı.
At çapma yarışı ilə əlaqədar ibratamiz bir toy adəti haqqında danışmaq yerinə düşərdi. Vaxtilə Abşeron kəndlərində “gəlin gəldi “ zamanı pərdə aparmaq ənənəsi geniş yayılmışdı. Gəlin gətirməyə araba, faytonla bərabər atlılar da gedərdi. Gəlin yola düşdükdən sonra “gəlin pərdəsi”ni atlılardan birinə verərdilər ki, onlar da atlarını çapmağa başlardılar. Kim qabağa düşdü, pərdəni o birindən alardı. Atlılar çapa-çapa pərdəni bir-birinə ötürərdi. Oğlan evinə hansı atlı tez çatsaydı, ona xələt bağışlar və atının alnına çiy yumurta çırpardılar. Adət-ənənəmiz beləydi:
Dər gülü, at igidə
Varın var, sat igidə
Bərk gündə, bərk ayaqda
Yoldaşdı at igidə
Artıq arxaikləşmiş və unudulmaqda olan belə adət-ənənələr tədricən bərpa olunaraq dirçəldilməsi, vaxtilə Qala kəndində keçirilmiş at çapma yarışları, bayramlar keçirilməsi ənənələrinin bərpası Abşeron kəndlərinin adət-ənənələrinin tanıtımında, bu kəndlərdə kənd turizminin, etnoturizmin inkişaf etdirilməsinə təkan verərdi. Turizmun bu növləri dünyada, Avropa ölkələrində geniş istfadə olunmaqla həmin ölkələrin iqtisadi inkişafında mühüm istiqamətlərindən birinə çevrilib.
Abşeronda atçılıqla bərabər qatır da saxlanırdı.Təsərrüfat işlərində, yük daşımasında istifadə olunan qatır cinsi ən çox Qala kəndində yetişdirilib.
Abşeron yarımadasının təbiəti dəvəçilik üçün çox əlverişli olub. Dəvəçiliklə əlaqədar xalqımızın belə bir zərb-məsəli var: “Dövlətdə dəvə, övladda nəvə”. Dəvə təkcə sərvət, bərəkət simvolu yox, həm də əzəmət, qüvvət, yenilməzlik rəmzi sayılıb. İ.Q.Gerber soyadlı müəllif hələ XVIII əsrin 20-ci illərində yazırdı ki, əsrin əvvəllərinə kimi yarımada əhalisi çoxlu sayda dəvəyə malik idi. XIX əsrin əvvəllərinə kimi Abşeronun bir çox kəndlərində, o cümlədən Qalada, Güzdəkdə, Coratda, Masazırda, Maştağada, Hökməlidə, Sarayda, Fatmayıda, Zabratda, Novxanıda, Xırdalanda, Qobuda dəvə saxlanırdı. Məs: XIX əsrin 80-ci illərinə dair məlumatda göstərilir ki, Coratda 300, Qobuda 200, Maştağa və Sarayda hərəsində 100 baş hesabı ilə dəvə var idi. Burada həm iki hörgütlü, həm də bir hörgütlü dəvələr olub.
Abşeronda dəvəçilik bir növ sənaye məqsədinə xidmət edirdi. Yəni yüz illər boyu buradan Azərbaycanın müxtəlif bölgələrinə, hətta xarici ölkələrə neft əsasən tuluqlarla, məhz dəvələrlə daşınırdı. Belə bir faktı nəzərə alsaq ki, dəvə orta hesabla 400-500 kq yük götürməklə, gün ərzində 80-90 km yol gedə bilir, onda neft daşınmasında dəvənin əvəzsiz olduğu aydın olar.
Buna görə də Bakının bir çox kəndlərində dəvə karvanları saxlanırdı. Binəqədidə Hacı Əsgərin, Hacı Diyarın, Hacı İsgəndərin, Hacı Musanın, Hacı Mələmədzinin karvanları adla idi. XIX əsrin əvvəllərində Bakı xanının ticarət karvanlarında 479 dəvə var idi.
Dəvə yunundan məişətdə yüksək keyfiyyətli paltar və döşənəcək hazırlanmasında istifadə edilirdi. Abşeronda müxtəlif yeməklərin hazırlanmasında, yaxud ayrıca olaraq dəvə südü, demək olar ki, istifadə olunmayıb. Abşeron mətbəxində dəvə ətindən isə əsasən qutab hazırlanırdı.
Azərbaycanda dəmiryol nəqliyyatı işə düşəndən sonra Abşeronda dəvəçilik təsərrüfat sahəsi kimi sıradan çıxmağa başladı. Hazırda isə ancaq Qobu və Güzdəkdə müəyyən qədər dəvə saxlanır.
Əhalinin məşğulluğunda Abşeronda neft və duz istehsalı və onların məişətdə rolu əsas olub. Abşeronda neft çıxarılması, ondan bu və ya digər məqsədlər üçün istifadənin tarixi eradan əvvəlki dövrlərə gedib çıxır. Neft Azərbaycanın daxili bazarlarından başqa Şimali Qafqaza, Dağıstana, İrana, Orta Asiyaya, İraqa, Türkiyəyə, Hindistana daşınmaqla, Həştərxan vasitəsilə Rusiyaya və Qərbi Avropaya aparılırdı.
Qədim dövrlərdən başlayaraq Bakı neftindən məişətdə, xalq təbabətində və hərbi işlərdə geniş istifadə olunub. Orta əsr müəlliflərinin əsərlərində rənginə və keyfiyyətinə görə Bakıda bir neçə növ neft çıxarıldığı qeyd olunur: qara, ağ, qırmızımtıl, sarı, yaşıl və s. Bunların içərisində ən qiymətlisi ağ və sarı rəngli neft idi. Qara neftdən əsasən evi qızdırmaq üçün yanacaq və çıraq kimi istifadə olunurdu. Türk səyyahı Övliya Çələbi yazırdı ki, bütün evlərdə neft saxlamaq üçün daşdan düzəldilmiş qablar var idi. Bundan başqa, qala və sarayları qızdırmaq üçün də neftdən istifadə olunurdu.
Vaxtilə Bakının qara neftindən çıraq yağı kimi dünyanın bir çox ölkələrində, xüsusilə İranda geniş istifadə olunurdu. Ağ neft tərkibcə ən təmiz olmasına, tez alışıb-yanmasına, yanarkən güclü istiliyinə görə yüksək qiymətləndirilirdi. Bundan başqa, ağ neft ipək və yun parçalarda olan yağ ləkələrinin təmizlənməsində də tətbiq olunurdu.
Bakı neftinin müalicəvi xüsusiyyətləri ilə əlaqədar neft nəinki digər ölkələrə ixrac olunur, hətta müalicə üçün müxtəlif dövlətlərdən (o cümlədən İrandan) bura xəstələr şəfa tapmaq üçün gəlirdilər. Əsrlər boyu bir sıra xəstəliklərin, o cümlədən yel, sümük, oynaq ağrıları, toxuma, qulaq, irin, çiban, sınqa, mədə yarası, böyrək və öd kisəsi daşı, müxtəlif dəri-zöhrəvi, bir sıra qadın xəstəlikləri və s.müalicəsində neft müvəffəqiyyətlə tətbiq olunub.
Bu baxımdan “xələfi” adlı Balaxanı neft qarışığı, Bibi Heybət, Qala (Qala kəndindəki “Pirvəro” adlı) neftli sahələrinin müalicəvi əhəmiyyəti daha çox olub. Bakı neftinin müalicəvi əhəmiyyəti barədə Marko Polo (XIII əsr ), Venetsiya səyyahı İocafato Barbara (XV əsr), İ.Lerx (XVIIIəsr) və s. müəlliflər olduqca qiymətli məlumatlar veriblər. İ.Lerx yazır ki, oynaq ağrıları zamanı, həmçinin daxili orqanlarda daş olarkən müəyyən miqdarda ağ neft içilir. Bundan başqa, podaqra, sınqa, qıcolma tutmalarında da neftdən istifadə olunur. Heyvan xəstəlikləri zamanı, o cümlədən qoturluq, çiçək, damaq və s. zamanı qara neftdən sürtmə yolu ilə istifadə olunurdu.
Etnoqrafik sorğular göstərir ki, Abşeronda neftlə müalicə əhali arasında indi də saxlanmaqdadır. Qala kəndindəki “Pirvəro” neftli sahənin yüksək müalicəvi xüsusiyyətinə bələd olanlar, xüsusilə revmatizm (yel) xəstəliyi ilə əlaqədar oradakı neftli palçıqdan istifadə edilir. Bu məqsədlə ağrıyan yerlərə həmin palçıqdan sürtülür.
Abşeron əhalisinin məşğulluğunda, həmçinin Bakının Azərbaycanın digər bölgələri ilə, xarici dövlətlərlə əmtəə-mal mübadiləsində, əmtəə-ticarət əlaqələrində duz istehsalı da mühüm rol oynayıb. Burada duz cıxarılması, duz istehsalının tarixi eramızdan xeyli əvvələ qədərki dövrə aiddir. Bunu arxeoloji və tarixi faktlara müraciət etmədən belə, yarımadanın olduqca şor sulu Xəzər dənizi sahilində ərazidə şor sulu göllərin olması da sübut edir.
Orta əsr ərəb müəlliflərindən Məsudi Bakının xarici ticarətində duzun mühüm rol oynadığını qeyd edib. Əbd ər-Rəşid əl- Bakuvi yazır ki, Bakıda duz vətəgələri var, başqa ölkələrə satış üçün aparılan çox gözəl keyfiyyətli duz istehsal edilir. O dövrdə yüksək keyfiyyətli Abşeron duzu əsasən Xəzərlər ölkəsinə, İrana, Bizansa, Rusiyaya, Orta Asiyaya, İraqa, Suriyaya, Hindistana, Çinə və digər ölkələrə ixrac olunub.
1796-cı ildə Bakıda olmuş Marşall fon Biberşteyn yazırdı ki, neft kimi duz da Bakıya olduqca çox gəlir gətirir. XVIII əsrin II yarısı - XIX əsrin əvvəllərində hər il Bakı xanının neft və duzdan gəliri təqribən 40000 min manat təşkil edib. Duz çıxarılması ilə azad muzdurlar məşğul idi. Əksər duz gölləri dövlət xəzinəsinin sərəncamında idi.
XIX əsrin ortalarında Abşeron yarımadasında irili-xırdalı təxminən 27 göl olub. Qala şorunun-gölünün uzunluğu 1 verst 125 sajen, çevrəsi 3 verst 300 sajen, duzun qalınlığı 1 düym idi. Qala duzu öz ağlığına görə ən keyfiyyətlilərdən hesab olunurdu. Qeyd etmək lazımdır ki, kəndin bəzi sakinləri hazırda da duz gölündən müəyyən xalq üsulları ilə məişətdə istifadə edirlər. Onların dediyinə görə, bu duzun həm keyfiyyəti, həm də dadı, tamı digər duzlardan qat-qat üstündür.
Bu duzlu sulu göllərdən əhali yay fəslində istifadə edərək çimərdi. Bu göllərin suyu, xüsusilə bir sıra dəri xəstəliklərinin müalicəsində əvəzsiz vasitə idi.
Abşeronun bu təbii milli sərvətinə biganə münasibət bu gün də davam edir. Mövcud duzlu sulu göllərin ekoloji-texniki, tibbi- sanitar cəhətdən yoxlanıldıqdan sonra ondan məişətdə və təbabətdə istifadənin bərpa olunması iqtisadi cəhətdən də dövlətə xeyli mənfəət gətirmiş olar. Son illərdə Abşeronun bir çox duz göllərində və Masazır gölünün təbii ehtiyatlarından sənaye üsullu istehsalın yaradılması bu istiqamətdə atılmış müsbət addım kimi qiymətləndirilməlidir. Qala duzunun keçmiş şöhrətinin bərpası bu istiqamətdə unudulmuş ənənələrin dirçəldilməsi olmaqla təqdirəlayiq hesab oluna bilər.
Sənətkarlıq. Abşeronda bir çox xammal mənbələrinin mövcud olması hələ ilk orta əsrlərdə müxtəlif sənət sahələrinin təşkilinə şərait yaradıb. Bunu həm arxeoloji materiallar, həm də tarixi məlumatlar təsdiq edir. İçərişəhər ərazisində aparılan arxeoloji qazıntılar zamanı əldə edilən maddi-mədəniyyət qalıqları göstərir ki, eramızın VIII-IX əsrlərində burada ayrı-ayrı sənət və peşə sahələri, o cümlədən dulusçuluq, toxuculuq, ipəkçilik, dəmirçilik, dabbaqlıq və s.xeyli inkişaf edib. Bunu Abşeronda XI-XV əsrlərdə inşa edilən və yüksək bədii sənətkarlıq nümunəsi olan tarixi-memarlıq abidələrinin timsalında da görmək olar. Belə ki, memarların, mahir bənnaların, daşyonanların, oymaçıların, xəttatların, dülgərlərin tikib düzəltdiyi, üzəriində bitki və həndəsi naxışlar, gözəl xətli yazılar nəqş etdiyi məscidlər, minarələr, mehrablar, pirlər, əzəmətli qala tikililəri, qəbirüstü abidələr və s. dediklərimizə sübutdur. Bu kimi tarixi-memarlıq abidələrinin üzərində əksərən onu tikən memarların, ustaların, oymaçı-xəttatların adları həkk olunurdu.
Vaxtilə Qala kəndində öz sənətinin bütün incəliklərinə bələd olan onlarla sənət, peşə adamları olub. Bunlardan dülgər Kərbəlayi Ümidəlini, Əbdüləlini, arababənd Fərhadı, bənnalardan usta Qədimi, Zərgər (ləqəbidir) Məmmədəlini, Məşədi Dərgahı, Yarəhmədi, Daşdəmiri, Əlivahabı, Məhəmməd Kərimi, Qüdrəti, cuna ustaları Hacı Zeynalı, Colay Nəcəfqulunu, özkəntoxuyan Bəşirmanafı misal göstərmək olar.
Abşeronda orta əsrlərdə XIII əsrə aid Mərdəkan dairəvi qalasının ( el içində “Şıx qalası”) memarı Əbd-əl Məcidi, XIII əsrin II yarısı, XIV əsrin əvvəllərində yaşamış, Nardaranda qala, Bibi-Heybətdə minarə və məscid tikən İçərişəhərdəki Molla Nəsrullah məscidinin oymaçı xəttatı Məhəmməd əl-Arifi, dülgər və ağac oymaçısı Aşur ibn İbrahim Bakuvini, XIV əsrdə yaşamış Mahmud ibn Məsudu, Arif ibn Musa Cəbalı, memar Küstasif ibn Musanı, XV əsrdə Şirvanşahların türbəsini tikən memar Məhəmməd Əlini, Xoca Ruhulla karvansarasının (XVII əsr) ustası Burhani, Mərdəkandakı Pir Həsən pirinin (1612-1613) bənnası usta Yarəlinin oğlu Nadirəlini, Buzovnadakı məscidin ustası bənna Murad Əlini, həmçinin XVIII əsrin məşhur daş-oymaçı xəttatların, şəbəkə ustalarından Seyid Tağını, Məmmədəli ibn Əmirəlini, Məhəmməd Saleh Qəzvinini, XVIII əsrdə Qala kəndində məscidlər tikmiş usta Məşədi Süleymanı, Əliqulu Əlyarı, XIX əsrdə Hövsanda məscid tikmiş usta Vaqifi, Şağanda məscid tikmiş usta Dost Məhəmmədi, 1916-1917-ci illərdə Binədə məscid tikən Heydər oğlu Sadıq Şağanini və s.usta və xəttatları qeyd edə bilərik.
Azərbaycan daşişləmə sənətinin tarixi bu ərazidə qədim insanın təşəkkül etdiyi ilk dövrlərə gedib çıxır. Bu cəhətdən Abşeron tarixi-etnoqrafik zonası da istisna təşkil etmir. Yarımadanın tarixən meşəlik ərazilərinin olmaması səbəbindən burada daş karxanaçılığı ənənələrinin tarixi əsrlərlə ölçülür. Daş karxanalarından çıxarılan əhəng daşları nisbətən yumşaq tərkibli və məsaməli olduğundan, ondan istənilən şəkildə və ölçüdə hörgü daşları hazırlamaq mümkün olub. Orta əsrlər dövründə daşyonma və daş üzərində oyma sənəti çox inkişaf edib.
Bu zaman Azərbaycan ərazisində məhəlli xüsusiyyətləri ilə fərqlənən bir sıra memarlıq məktəbləri meydana gəlir. Bu cəhətdən Şirvan-Abşeron memarlıq məktəbi daha çox fərqlənib. Bunu həmin dövrdə inşa edilən Bakıda Qız qalası, Şirvanşahlar sarayı, məscidlər, müşahidə və müdafiə qalaları, hamamlar, karvansaralar və s. tarixi-memarlıq tikililəri də sübut edir.
Abşeronun bir çox kəndlərində, o cümlədən Bibi-Heybətdə (Şatröz, Qarabədil, Badamdar, Güldər, Şahanbağ daş karxanaları), Binəqədidə (Aladağdaş karxanası), Maştağada (Xilinən karxanası), Əmircanda (Daşarası, Gülbəxt karxanaları), Şüvəlanda (Bəndüstü karxanası), Əhmədlidə, Biləcəridə, Zabratda, Nardaranda, Kürdəxanıda, Keşlədə və s. yerlərdə daş karxanaları var idi. Yüksək keyfiyyətli Abşeron ağ daşı (guşədaşı) 1852-ci ildə Moskvada Ümumrusiya sərgisində də nümayiş etdirilib və yüksək qiymətləndirilib.
Daşın çıxarılmasında və yonulmasında külüng, ling, gürz, daş baltası, iskənə, qələm-para kimi alətlərdən istifadə olunurdu.
Çəlləkçilik. Qədim tarixə malik olsa da, bu peşə XIX əsrin II yarısında məhz Bakıda çox böyük inkişafa, yüksəlişə çatır. Əvvəllər nefti də çəlləklərdə daşıyırdılar. Məhəllələrdə, döngələrdə, küçələrdə, həyətlərdə minlərlə çəlləkqayırma emalatxanası var idi. Sabunçu vağzalından Quba (Füzuli ) meydanınadək çəlləkçilər küçəsi uzanırdı.
XIX əsrin II yarısı – XX əsrin əvvələrində Bakı həm də sərraclıq sənətinin mərkəzlərindən sayılırdı. Burada qoşqu ləvazimatı hazırlayan onlarla sərrac emalatxanası fəaliyyət göstərirdi.
Vaxtilə Abşeronda gön-dəri məmulatı istehsalı dabbaqlıq peşəsi xeyli inkişafı edib. 1888-ci ildə Bakı quberniyasında 157 dabbaqxana qeydə alınıb. Bakının 1 May küçəsi ( indiki D.Əliyeva küçəsi ) “dabbaq palanı“ adlanırdı.
Azərbaycan dünyanın ən qədim xalçaçılıq mərkəzidir. Azərbaycan xalçaları haqqında ilk məlumatlara e.ə. V əsrdə yaşamış qədim yunan alimi Ksenofontun əsərlərində rast gəlirik. Xalça məmulatlarından götürülmüş ornamentlərə epiqrafik abidələrdə, xüsusən də qəbir daşlarında tez-tez təsadüf edilir. Rus yazıçısı Lev Qumilyovun təbirincə desək:“Azərbaycan xalçaları sadəcə xalça deyil, yun kitabələrdir”.
Azərbaycan xalçaçılığının Şirvan və Quba məktəbinin Bakı tipinə aid olan xalçalar yumşaqlığı, rənginin intensivliyi, özünəməxsus bədii zövq və zərifliyi ilə xarakterizə olunur. Bakı xalçalarının əsasını həndəsi motivli medalyon və rapportlu kompozisiya, stelizə edilmiş bitki elementləri təşkil edir.”Bakı”, “Suraxanı”, “Goradil”, “Fındığan”, “Xilə-Əfşan”, “Xilə-buta”, “Abşeron” daha geniş yayılmış xalça kompozisiyalarındandır.
Prezident İ.Əliyev deyib: “Xalçaçılıq sənəti Azərbaycan mədəniyyətinin bir hissəsidir. Xalçaçılıq sənəti hər bir azərbaycanlı üçün çox doğma, əziz sənətdir və hər bir azərbaycanlı həyatını xalçasız təsəvvür edə bilmir. Qədim dövrlərdən xalçaçılıq sənəti Azərbaycanda yaşayır və inkişaf edir. Azərbaycanda birinci xalçalar eramızdan əvvəl toxunub. Azərbaycan xalçası öz gözəlliyi, keyfiyyəti ilə həmişə seçilib”. Şərq ölkələrində olduğu kimi, Azərbaycanda da əsrlər boyu xalça və xalça məmulatı başlıca var-dövlət göstəricisi hesab edilib, bu gün də belədir. Müxtəlif xalçalar, zililər, kilimlər, palazlar, məfrəşlər evimizin, sarayların, xanəgahların, məscidlərin, karvansaraların bəzədilməsində həmişə başlıca element olub.
XVII-XVIII əsrlərdə Abşeronda bədii sənətkarlıq yüksək səviyyədə inkişaf etmişdi. Xalçaçılıq sənəti bu sahədə daha böyük tərəqqiyə çatmışdı. Abşeronda evlərin bəzədilməsində xalça və xalça məmulatlarına xüsusi yer verildiyini bir sıra əcnəbi səyyahlar xüsusən qeyd ediblər.1607-ci ildə katolik rahibi Karmelit Bakıda olarkən xanın evində döşəmənin başdan-başa qiymətli xalılarla bəzədilməsi barədə bəhs edirdi. 1733-cü ildə Bakıya və ətraf kəndlərə səyahət etmiş səyyah İ.Lerx də Zirə kəndində olarkən orada çox gözəl, qiymətli xalçalar gördüyünü yazır.
Xalça məmulatı üçün lazım olan hər cür xammal Abşeronda kifayət qədər var idi. Burada çoxlu qoyun sürüləri, dəvə saxlanılır və qismən də pambıq əkilirdi.
Hazırda muzeylərdə və evlərdə XVIII-XIX əsrlərdə Bakıda və Abşeronun ayrı-ayrı kəndlərində toxunan xeyli sayda xalça və xalça məmulatı qalmaqdadır. Moskvanın Dövlət Tarix Muzeyində Xilədə (Əmircan) toxunan (1,0x1,80 sm) “Xilə-buta” xalçası, Azərbaycan Dövlət Milli Tarix muzeyində qorunan, toxunma tarixi XVIII əsrə aid edilən “Buta” (Suraxanı kəndi) xalçası Abşeronun ən yaxşı xalça nümunələrindən sayılır. Ümumiyyətlə, Xilə (Əmircan), Suraxanı və Qala kəndləri öz keyfiyyətli, yaraşıqlı xalçaları ilə daha çox fərqlənirdi. II Şah Abbasın (1646-cı il) və Şah Süleymanın (1667-ci il) XVII əsrə aid fərmanlarında (“Bibi-heybət şeyxləri haqqında”) “dəzgah başı”adlı vergi növünün adı çəkilir. O vaxtlar Abşeronda xalçaçılıq karxanalarından “dəzgah-başı”adlı vergi yığılardı. Xilədə, Suraxanıda, Novxanıda, Qalada, Fatmayıda, Goradildə, Xızıda, Bülbülədə və s. kəndlərdə, həmçinin Bakı şəhərində onlarla xalçaçılıq karxanası fəaliyyət göstərirdi. Yuxarıda göstərilən muzeylərdə nümayiş etdirilən xalça nümunələri də məhz bu cür karxanalarda toxunmuşdu. Həmin xalçanın yuxarı hissəsində ərəb hürüfatı ilə “Karxaneyi-Xilə” yazılıb və xalçanın toxunma tarixi olan hicri 1218 (miladi 1803) qeyd edilib.
Bundan əlavə, yüzlərlə fərdi xalçaçılar da fəaliyyət göstərirdilər. Onların toxuduğu xalçalar və xalça məmulatı nümunələri bu günə qədər bəzi evlərin ən yaxşı, ən bahalı bəzəyi kimi qayğı iıə mühafizə olunur.
Abşeronda dəvə yunundan toxunan xalçalar daha yüksək qiymətləndirilirdi. Etnoqrafik materiallar göstərir ki, Abşeronda ən çox “buta”, “xilə-buta”, “Xilə-əfşan”, “Yelənli xalça”, “Piskəndə”,”Çaxmaq”, “Toyuqayağı”, ”Cığ-cığ”, ”Qızıl gül”, “Gülmöhrə” və s. kimi xalçalar , “Pitikli”, “Muncuq-muncuq”,”taxta-taxta” və digər palazlar, həmçinin namazlıq, kandarlıq, cecim və başqa döşənəcəklərin toxunuşu geniş yayılıb. Mütəxəssislər təsdiq edirlər ki, Əmircan və Qala kəndləri Abşeron xalçaçılığının əsas ocaqları olub. Bu kəndlərdə toxunan çeşid-çeşid döşənəcəklər ümumazərbaycan miqyasında özünəməxsus layiqli yer tutub. Ətraf kəndlərdə belə bir deyim geniş yayılmışdı ki, “qız alanda Qaladan al, çünki onlar sənətkar olur”.
Ötən əsrin 30-40-cı illərində Bakının Qala kəndində Göhərnisə, Əsli, Məsməxanım, Qızbacı və s. kimi tanınmış xalçaçılar olub. Belə usta sənətkarların toxuduğu çeşid-çeşid xalça və xalça məmulatları bu gün də Abşeron evlərinin bəzəyidir.
Etnoqrafik materiallar göstərir ki, XX əsrin 40-50- ci illərinə qədər Abşeron kəndlərində “xana uzatma” ənənəsi olub. Bu ənənə belə keçirilirdi: xalça üçün yun əyrilib hazır olandan sonra nişanlı qızın anası öz qudasına (adaxlı oğlanın anasına) xəbər göndərir ki, ”mən “xanabaşı” eyləyirəm (yəni xana uzadıram,toxuyuram), sən də gəl”. Bundan sonra, ənənəyə görə, oğlanın anası xonça tutub bir neçə qohum arvadla qudasıgilə gələrdi. Xalça toxunması üçün qudanın imkanı olmazdısa, “yançı” (köməkçi) yəni muzdlu xalçatoxuyan göndərərdi.
Kənd əhalisi balıqçılıqla da (bəzi sakinlərin vətəgələri də olub) məşğul olmaqla, ipəkçilik, pambıqçılıq, tütünçülüyə də əmək sərf edib. Qala kəndində bir sıra sənət sahələri də inkişaf edib. Qalanın dəmirçiləri, bənnaları, dülgərləri, silahsızları, özkəntoxuyanları (kişilər) boyaqçıları, xüsusən də xalçaçıları adla idi.
Geyim mədəniyyəti. Paltar tikilən parçaların, demək olar ki, əksəriyyəti yundan ibarət idi. Bunlardan qayçıkəsməz (qalın) “lüpürdü” (samani, limon rəngində olan gəlin paltarı) tikilərdi. ”Hacımənəbax”, “gülməxmər” və s. parça növlərini qeyd etmək olar. Vaxtilə gəlin üçün “qutu çarşabı”, “lentli çarşab”, “südlüsıyıq örpək” (qırış-qırış), “düşbərə”, “zəkiyyə” örpəkləri aparılardı.
Orta hissəsi gen, ayaqdan büzməli iplə bağlanan çaxçuru orta yaşlı qadınlar, iki balaq gen tumanları isə yaşlı qadınlar geyinərdi. Cavan qızlar, gəlinliklər yastı daban, uzunboğaz, nisbətən orta yaşlı qadınlar isə dabansız və üstü bəzəkli başmaqdan istifadə edərdilər.
Kişilər isə qara satindən qolları “filgili”, yəni dirsəyə qədər sıx (yapışıq), dirsəkdən aşağı isə gen olan paltar geyərdilər. Kişi paltarlarının ətəkləri uzun biçilərdi. Bu cür paltardan daha çox yaşlı kişilər istifadə edərdi. Qadın paltarlarının yaxası açıq olardı. Kişi tumanbağlarının ucuna “gülcə”(qotaz) tikilərdi. Kişi alt paltarları ağ bezdən, köynəklər isə yanyaxa tikilərdi. Kişi başmaqları dabanlı, pəncələri enli olardı.
Azərbaycanın hər yerində olduğu kimi Abşeronda, o cümlədən Qala kəndində kürk, xüsusən də sarı rəngli kürklər çox yüksək qiymətləndirilirdi. Kürkün qolu uzun, yuxarıdan enli, aşağıdan isə dar olurdu. Kürkün qolunu geyməz, sadəcə olaraq onu çiynə salardılar. Kürk həmişə bahalı,ağayana geyim sayılırdı.
Mətbəx. Məişətdə istilik və xörəkbişirmə vasitələri kimi təndirdən başqa kürsü, ocaq, sac kürədən istifadə olunurdu. Çörək kənddə bişirilirdi. Bu məqsədlə kəndin qırağında olan sarı gildən gətirər, ona saman qataraq sulayıb palçıq tutulardı. Sonra təndiri çin-çin düzəldərdilər.Aşağıdan diametri 80-100 sm olan təndir, yuxarı qalxdıqca daralardı. Hündürlüyü 100-120 sm təşkil edirdi.
Qalalıların mətbəxi də Abşeron mətbəxi kimi səciyyəvi olan xörək və bişmələrlə zəngin olub. Bunlardan bozbaşı, gürzəni, koşaxəşili(bərk xəşil), çobanaşını, qutabı, suvan halvasını, kudubəşiri, parça döşəməni, südlü sıyığı, yağlı qoğalı, fətiri (mayasız xəmirdən), yaymanı, təndir çörəyini və s. qeyd etmək olar.
Azərbaycanın hər yerində olduğu kimi, Abşeronda, o cümlədən Bakıda da əsrlər boyu həyat tərzimiz üçün səciyyəvi olan, min illər boyu məişətimizi, təsərrüfat maddi və mənəvi mədəniyyətimizi səciyyələndirən, zaman-zaman təkmilləşən, billurlaşan sənət və peşə sahələrimiz, o cümlədən dulusçuluq, tuluqçuluq, çəlləkçilik, şamtökməçilik, şamdan və fənər qayırmaçılıq, faytonçuluq, dəmirçilik, misgərlik, daşçıxarma, daşyonma, palçıqçılıq, bəzzazçılıq, boyaqçılıq, papaqçılıq, cız-bızçılıq, çörəkçi, lavaşçı, şirniyyatçı, halvaçı, pitiçi, xırdavatçı, çapıqçı, kəlləpaz, həlimaşı və s. onlarla, yüzlərlə sənət və peşə sahələri müxtəlif obyektiv və subyektiv səbəblər üzündən sovet rejimi dövründə, ötən əsrin 30-40-cı illərində təqib və təzyiqlər nəticəsində sıradan çıxdı, unuduldu, unutduruldu. Tariximizin və milli-mədəni irsimizin bu tip zəngin peşə və sənət sahələrinin bir qisminin bərpasına, dirçəldilməsinə zərurət yaranıb. Bu istiqamətdə elmi araşdırmalar aparılmalı, mədəni irs abidələri bərpa və konservasiya olunmalı, orta əsrlər dövrünün etno-tarixi mühitinə, ilkinliyinə qaytarılmaqla tarixi-memarlıq abidələrimiz, maddi-mənəvi dəyərlərimiz geniş təbliğ olunmalıdır. Azərbaycanın gündən-günə inkişaf etdiyi bir dövrdə, dünyanın hər yerindən turistlərin ölkəmizə axın-axın səfər etdiyi bir vaxtda mədəni irsimizin tərkib hissəsi olan tarixi-memarlıq abidələrinin turizm istiqamətində istifadə olunması zərurətə çevrilir.
Dünya xalqlarında olduğu kimi, Azərbaycan xalqının bir çox oyun əyləncələri təbiətlə mübarizə, əkinçilik və maldarlıqla əlaqədar olaraq meydana gəib. Keçmişdə olduğu kimi, bu gün də Abşeronda uşaq və yeniyetmələrin əyləndiyi çoxlu xalq oyunları, əyləncələri, tarixi-etnoqrafik və folklor baxımından diqqəti cəlb edir. Bu cür oyun və əyləncələr Qalada geniş yayılıb. Bunlardan “qaçaq-qaçaq”(gizlənpaç),”“fır-fıra”, “dirədöymə”, “pulatutdu”,”künctutdu”,”çilədi”, “daşdabaş”,”çərpələng uçurmaq” və s. geniş yayılıb.
Azərbaycanın tarix, etnoqrafiya, tarixi-memarlıq tikililəri ilə maraq kəsb edən Abşeron yarımadası, tarixilik və memarlıq cəhətdən xüsusi elmi əhəmiyyətə malik tarixi Qala kəndinin abidələrinin, adət və ənənələrinin öyrənilməsi, elmi cəhətdən araşdırılması mühüm əhəmiyyət kəsb etməklə, mədəni irs, maddi və mənəvi dəyərlərimizin təbliği məqsədilə dünya turizmində müvəffəqiyyətlə tətbiq olunan etnoturizm, ekoturizm, aqroturizm kimi sahələrin bu tarixi məkanda inkişaf etdirilməsi, Azərbaycanda gündən-günə inkişaf edən turizm infrastukturunun təşəkkül tapması Abşeron yarımadasında bu sahədə daha böyük uğurlara imza atmış olardı.
Elxan MƏMMƏDOV Tarixçi