Elxan Əliyev: “Həmkar dəstəyi istənilən sahədə önəmlidir”
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və özəl sektordan olan tərəfdaşlarla birgə reallaşdırdığı “Həmkardan həmkara qayğı ilə” sosial layihəsinin növbəti aksiyası keçirilib. Məlumat üçün bildirək ki, növbəti layihə Gədəbəydə baş tutub.
İki gün davam edən aksiya zamanı ümumilikdə 640 rayon sakini müayinədən keçib, səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub. Tədbirin təşkilində AHİK könüllüləri də fəal iştirak ediblər.
Qeyd edək ki, “Həmkardan həmkara qayğı ilə” sosial layihəsinin məqsədi ittifaq üzvlərinin sağlamlığını qorumaq, tibbi xidmətlərə əlçatanlığı artırmaq və dövlətin sosial siyasətinə töhfə verməkdir. İndiyədək layihə çərçivəsində 2250-yə yaxın vətəndaş ödənişsiz tibbi müayinələrdən faydalanıb. “Həmkardan həmkara qayğı ilə” sosial layihəsi ölkənin digər şəhər və rayonlarında da davam etdiriləcək.
Maraqlıdır, belə layihələrin praktik nəticələri necə olur?
“Layihənin keçirilməsində məqsəd tibbi xidmətlərə əlçatanlığı daha da artırmaq və dövlətin sosial siyasətinə dəstək olmaqdır”
Sosial sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu tip layihələrin keçirilməsi əhəmiyyətlidir: “Məlumat üçün deyim ki, layihə əsasən ucqar bölgələrdə keçirilib. Layihənin keçirilməsində məqsəd tibbi xidmətlərə əlçatanlığı daha da artırmaq və dövlətin sosial siyasətinə dəstək olmaqdır. Həmin mərkəzlərdə müalicə olunanlar özəl tibb müəssisəsinin peşəkar həkimləri tərəfindən ödənişsiz müayinə və müalicə olunur. Ümumiyyətlə, həmkar dəstəyi istənilən sahədə önəmlidir. Həmkar həmkarın həm sağlığı, həm təhsili, həm də istənilən sosial qayğıları ilə maraqlanmalı, lazımi dəstəyi göstərməlidir. Bu istiqamətdə “Həmkardan həmkara qayğı ilə” sosial layihəsi təqdir olunmalıdır. Bu cür layihələr digər səhərlərdə də tətbiq olunmalıdır”.
Günel CƏLİLOVA