Məlum olduğu kimi, Heydər Əliyev Beynəlxalq Aeroportundan sərnişindaşımaların həyata keçirilməsi ilə bağlı yeni qaydalar qəbul edilib. Nəticədə hava limanından sərnişindaşımalar yalnız bu qaydalara tam cavab verən taksilər vasitəsilə həyata keçirilir. Taksi operatorlarının mobil tətbiqlərində hava limanına aid xüsusi sifariş kateqoriyaları yaradılıb.
Bu kateqoriya üzrə qiymətlər isə yüksəkdir. Belə ki, aeroportdan şəhərə daşımalar 5-6 manatdan başlayır. 3-25 kilometr məsafələr üçün hər kilometrə görə ödəniş 80-95 qəpik, 26 kilometr və daha uzun məsafələrdə isə 70 qəpik təşkil edir. Əlavə olaraq, hava limanı ərazisində yeni taksi terminalı quraşdırılıb və bu terminal vasitəsilə taksi sifarişlərinə xüsusi tariflər tətbiq olunur ki, həmin tariflər də 20-30 manat arasında dəyişir. Qiymətlərin belə olması isə vətəndaşların ciddi narazılığına səbəb olub.
Məlum vəziyyətlə bağlı ötən həftə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı münasibət bildirib. Qeyd edilib ki, tətbiq edilən yeni tarif siyasəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59-cu maddəsinin (Azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir.
Ombudsman Aparatının mövqeyinə AYNA tərəfindən cavab verilib. Həmin cavabda bildirilir ki, taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur: "Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır".
Maraqlıdır, Ombudsman Aparatının bəyanatına AYNA-nın məlum cavabı nə qədər məqbul sayıla bilər?
Natiq Cəfərli: “Konstitusiyanın 25 və 59-cu maddələrinin pozulması ciddi məsələdir, bu qərarın verilməsində rolu olan dövlət qurumları qanun qarşısında cavab verməlidir”
İqtisadçı Natiq Cəfərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, AYNA-nın cavabı məqbul sayıla bilməz, bu absurd cavabdır: "Ümumiyyətlə, AYNA insanların məntiqi, əsəbi ilə oynayır. Məlum məsələ ilə bağlı Ombudsman Aparatının rəyi həqiqətdir. Qeyd edilir ki, taksi xidmətində qiyməti bazar təyin edir. Ancaq hava limanında taksi xidmətinin qiyməti AYNA-nın müvafiq qurumları tərəfindən yazılıb, yapışdırılıb. Qiyməti bazar təyin edirsə, AYNA həmin qiymətləri hardan alıb, necə müəyyən edib? Onların təyin etdiyi 20 manatlıq məsafəni mən taksi sürücüsu ilə anlaşıb 15 manata gedirəmsə, AYNA buna müdaxilə etməməlidir. Ombudsmanın məlum məsələ ilə bağlı hərəkəti təqdir olunmalıdır. Konstitusiyasının 25 və 59-cu maddələrinin pozulması ciddi məsələdir. Bu qərarın verilməsində rolu olan dövlət qurumları qanun qarşısında cavab verməlidir. Qiyməti bazar təyin edirsə, qiymət cədvəlini kim təyin edir, o aydınlaşmalıdır. Hər halda AYNA-nın adı bazar deyil, çünki qiyməti bazar təyin edir”.
Şəmsəddin Əliyev: “Ombudsman Aparatının Hava limanında məlum məsələyə münasibətdə Konstitusiyanın 25 və 59-cu maddələrinin pozulmasını qeyd etməsi AYNA-nın mövqeyinin üzərindən xətt çəkir”
Hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, AYNA çoxlu sayda vətəndaşın hüquqlarını pozur: “Ombudsman Aparatı düzgün olaraq Konstitusiyanın 25 və 59-cu maddələrinin pozulmasını önə çəkib. Demokratik və hüquqi dövlətlərdə insan hüquqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Konstitusiyasının 25-ci maddəsi (Bərabərlik hüququ) bütün nəcib cəhətləri ilə səciyyəvi xarekter daşıyır. Söhbət hər kəsin bərabər hüquqdan istifadə etməsindən, süni maneələrin qarşısının alınmasından gedir. Həmçinin, Konstitusiyanın 59-cu maddəsində azad sahibkarlıqla məşğul olmaq istəyənlərin hüquqlarının pozulmasından da söhbət gedir. Ombudsman Aparatının Hava limanında məlum məsələyə münasibətdə Konstitusiyanın 25 və 59-cu maddələrinin pozulmasını qeyd etməsi AYNA-nın mövqeyinin üzərindən xətt çəkir. Yaxşı olar ki, AYNA Ombudsmanın gəldiyi qənaətə uyğun hərəkət etsin”.
Günel CƏLİLOVA