Çərşənbə axşamı günü, 22 iyul 2025
     

Azərbaycan ədəbiyyatında təbiət mövzusu və ekoloji dünyagörüş...

Image

"Təbiət insanla ittifaq qurmur,
 Günəş istəyirsən, sulu qar yağır"
 
Hamlet İsaxanlı

Torpağın, təbiətin gözəlliyini, ahəngdarlığını poetikləşdirmək Azərbaycan ədəbiyyatı tarixində yaranmış əsərlərdə əks edilmişdir. Dünya şöhrətli Nizami Gəncəvi hələ XII əsrdə Azərbaycan təbiətinin, onun bir şəhərinin ekoloji gözəlliyini belə vəsf etmişdir:

Bərdə nə gözəldir, necə qəşəngdir,

Yazı da, qışı da güldür, çiçəkdir,

İyulda dağlara lalələr səpər,

Qışını baharın nəsimi öpər,

O yaşıl meşəsi cənnətə bənzər.

Dahi Nizamidən əvvəl də, sonra da füsunkar təbiətli Azərbaycanın qüdtərli qələm ustaları təbiətə sevgi yaradan, onun gözəlliklərini vəsf edən qiymətli ədəbi nümunələr yazıblar.

Nizami Gəncəvidən əvvəl yaranmış "Dədə Qorqud"dan başlamış günümüzə qədər ədəbi mətnlərin əksəriyyətində doğma diyarımızın təbii gözəllikləri çeşidli çeşməyə çevrilmişdir. Nizaminin "Xəmsə"sində, Şah İsmayıl Xətainin "Dəhnamə"sində, Füzulinin "Leyli və Məcnun"unda, M.F.Axundovun "Şərq poeması"nda və Azərbaycanın başqa klassik əsərlərində qəhrəmanların ağır dəqiqələri, iztirabları, hətta ölümü belə insana inam gətirən rəngarəng təbiət mənzərələri ilə qarşılaşdırılaraq təsvir olunmuşdur. Təbiətə belə doğma münasibət və müraciət, Azərbaycanın təbii gözəlliklərinin ədəbiyyatımızın bütün mərhələlərində vəsf edilməsi klassik bədii əsərlərə təbiətin saf və gözəl rayihəsini gətirmişdir.

Əlbəttə,  bir məqalədə Azərbaycan ədəbiyyatında yer alan bütün qələm ustalarının əsərlərini ayrıntıları ilə şərh etmək mümkün olmadığı üçün bir neçə şair və yazıçının əsərlərindən gətirdiyimiz nümunələrlə kifayətlənməyi uyğun bildik və bu gün dünyanı problemlərlə üz-üzə qoyan iqlim dəyişikliklərinin ədəbiyyatımızda yerini və şərhini izah etməyə çalışdıq.

XVI əsr ədəbiyyatımızın korifeylərindən olan  Şah İsmayıl Xətainin "Dəhnamə"sində və bir çox lirik şeirlərində təbiət mövzusu geniş və hərtərəflidir. Təbiətin sərvəti olan torpaq, bitki və canlılar aləminə, onun səfasına, nemətlərinə vurğunluq Xətainin "Dəhnamə" əsərindəki "Sifəti-gülşəni-bahar" ("Baharın tərəfi") lirik misralarında belə nəzmə çəkilir.

Qış getdi, yenə bahar gəldi,

Gül bitdivü laləzar gəldi.

Quşlar qamusu fəğanə düşdü,

Eşq odu yenə bu canə düşdü.

...Bülbül oxudu süfati-hicran,

Dəryadə dür oldu əbri-neysan…

...Qum-qum, der idi ağacda qumri,

Məst oldu bənövşə içdi xəmri.

...Boyandı zəmin həzar rəngə,

...Çinar əlini çü rəqsə açdı,

Gül xırda zərin şəbaşə saçdı.

...Al ilə yaşıl geyindi bağlar,

Ağ ləçəyi sərpə salrı dağlar.

...Döndü vətəninə cümlə quşlar,

Gəldi yuvasına qurla quşlar.

(Şah İsmayıl Xətai. Əsərləri. 

Bakı, 1976, səh. 63-65)

 

XX əsrdə Səməd Vurğunun

 

Sıra dağlar, gen dərələr,

Ürək açan mənzərələr.

Ceyran qaçar, cüyür mələr,

Nə coxdur oylağın sənin,

Aranın, yaylağın sənin -

                          

- misralarında olduğu kimi söz ustalarının əsərlərində, dastan və nağıllarımızda, aşıq ədəbiyyatında Azərbaycan təbiəti, onun füsunkarlığı məhəbbətlə tərənnüm edilir, təbiətin gözəlliklərinin şeirə gətirilməsinə önəm verilir.

Siyasi lirikaya daha çox önəm verən Məmməd Araz kimi ustad sənətkarlar da təbiətə təkcə şair kimi deyil, rəssam gözü ilə baxır, yaddaqalan poetik lövhələr yaradırdırlar. Məmməd Arazın aşağıdakı şeirində olduğu kimi:

 

Bir səhər gördüm ki, durulub yatır,

Kəpəzin dibində burulub yatır.

Qovulan ceyrantək yorulub yatır,

Daş atdım, diksindi, oyandı Göygöl.

 

Yüksək sənətkarlıqla yazılmış belə şeirlər Əhməd Cavadın, Abbas Səhhətin, Almaz Yıldırımın, Nəbi Xəzrinin və b. əsərlərində tez-tez görünən poeziya nümunələridir.

Şuşanın tər-təmiz havası, sanki gülab çilənmiş yolları, möcüzə Cıdır düzü, Zarıslı, Xələfli çayı qələm ustalarına ilham vermiş, böyük vətəndaş şairimiz Xəlil Rza Ulutürkün hələ 1972-ci ildə qələmə aldığı "Şuşa səfəri" adlı lirik poemasında bu torpağın bulaqları, çayları, gədik və yayalaqları,  təbiətin möcüzəsi olan dağ keçidləri vəsf edilmişdir.

Şair gözəl Şuşada onlarla bulaq adını tarixləşdirmişdir. "İsa bulağı", "Qoşabulaq", "Aydın bulağı", "Südlü bulaq", "Nağıllar bulağı", "Bəylər bulağı", "İsmayıl bulağı", "Kor bulaq", "Buz bulaq", "Səkili bulaq", "Çömçə bulağı", "Damcı bulağı", "Bədəl bulağı", "Daş bulağı", "Lilpar bulağı", "Novlu bulaq", "Şırşır bulağı", "Öküz uçan bulaq", "Xınalı bulaq", "Sarı bulaq", "Həsən bulağı", "Armud bulağı", "Hacı bulağı" kimi saymaqla bitməyən bulaqların adlarını poetikləşdirən şair:

 

Ay aman, gör gəlib hara çıxmışam,

Natəvan bulağı – səkkiz çeşməli – kimi onlarla Şuşa bulaqlarına "Şuşanın dirilik çeşmələri" deyir və ilhama gələrək

 

İskəndər tapmadı dirilik suyu,

Gəlsin nişan verim neçə qaynağı – deyir.

(Bax: Xəlil Rza Ulutürk. "Mən Şərqəm". 

Bakı: Elm, 1994, səh. 575).

 

Cənubi Azərbaycanda yetişmiş müdrik söz ustadı Məmmədhüseyn Şəhriyarın etnoqrafik məzmunlu "Heydərbabaya salam" əsərində təbiətə müraciəti və təsvir vasitəsi orijinallığı ilə seçilir. Çünki poemada ustad sənətkar Şəhriyar xalqının həyat və məişətini təsvir edərkən xalqının doğma etnoqrafik cəhətlərini təbiətdən ayırmamışdır.

Şəhriyarın təsvir etdiyi Heydərbaba dağı, Ağa dağı, Qaragöl dərəsi, Damqaya kimi dağ-daş, qaya, dərə və düzlər Allahın təbiətə bəxş etdiyi möcüzələrdir. Şair bunların hər dirinin xalqının tarixinin bir nişanəsi olduğunu, onlardakı qüruru, əyilməzliyi, vüqarı qələmə almış, onları təbii qalmasını arzu etmişdir:

 

Daşlı bulaq daş-qumnan dolmasın,

Bağçaları saralmasın, solmasın,

Ordan keçən atlı susuz qalmasın,

Deynə, bulaq, xeyrin olsun, axarsan,

Üfüqlərə xumar-xumar baxarsan.

 

Təbiətin gözəllik və incəliklərini, təbii qalmasını bu şəkildə qələmə alan şair çobanların tütəklərindən, bulaqların şırıltısından, kəkliklərin avazından tutmuş naxırçının gəlişinə, təndirdə bişən çörəklərin gözəl ətrinə qədər olan təbii lövhələri öz cazibəsi və incəliyi ilə tərənnüm edir.

 

Səhər tezdən naxırçılar gələrdi,

Qoyun-quzu dam-bacada mələrdi,

Əmməcanım körpələrin bələrdi,

Təndirlərin qovzanlardı tüstüsü,

Çörəklərin gözəl iyi, istisi.

 

Bu doğma etnoqrafik lövhədə həm təbiət, həm də təbiətin zövq-səfası olan nemətləri ilhamla tərənnüm edilir.

Dərin fəlsəfi fikir ifadə edən poemada şairin vətəninin təbiətinə, onun nemətlərinə münasibət və müraciəti poemanın məzmununa Şəhriyar yaradıcılığına xas olan bir baba müdrikliyi gətirsə də, təbiətin ekoloji tarazlığının pozulması da şairin haqlı narahatlığına səbəb olur. Bu  ekoloji tarazlığının pozulmasını, təbiətə vurulan zərbəni şair "şeytanlıq qurğusu" adlandırır.

 

Bir soruşun bu qarğınmış fələkdən,

Nə istəyir bu qurduğu kələkdən,

Deynə,  keçirt ulduzları ələkdən,

Qoy tökülsün, bu yer üzü dağılsın,

Bu şeytanlıq qurğusu bir yığılsın!

 

İki hissədən ibarət olan "Heydərbabaya salam" mənzuməsinin birinci hissəsində Heydərbaba dağından, onun yaşıl ətəklərindən ilhamla söz açan şairi ömrünün ahıl bir çağında yenidən bu gözəl diyara gətirirlər. Heydərbabanı bir də gəlib "yoxlayan" şair onun təbii tarazlığının pozulduğunu, "niskilli sözlərin könüllərə dəydiyi, ağacların da Allaha baş əydiyi" kəndin zahirən dəyişməsini, ekoloji pozuntunu  şeytan əməlinə bənzədir və

 

Şeytan bizi qibləmizdən çöndərib,

Allah deyən yoldan bizi döndərib – 

deyir.

 

İrana ilhaq edilmiş gözəl təbiətli Cənubi Azərbaycanda təbiətin nizamının pozulması böyük Şəhriyarı beləcə narahat edir. Bu pozulmuş nizamın "libası" təbiət olsa da, "nüvəsi" isə təbiətin ekoloji tarazlığını pozan kimyəvi və hərbi zərbələrdir.

Bu zərbələr insanların həyata baxışını, dünyagörüşünü dəyişdirib. Dözüm və iradə rəmzi olan Heydərbaba dağı isə hər cür ekoloji zərbəyə duruş gətirmiş, talenin ümidinə sığınaraq gözü yol çəkə-çəkə heykəlləşmişdir.

Vətənin turaclı, kəklikli ovlaqlarını, dumduru sularını görmək eşqilə onun görüşünə gələn, "çox şükür ki, yenə gəldik, görüşdük" deyən şair 

 

"Heydərbaba, alçaqların köşk olsun,

Bizdən sonra qalanlara eşq olsun – 

 

deyərək Vətəninə əbədiyyət nəğməsi oxuyur.

Şəhriyarda olduğu kimi bütöv Azərbaycan ədəbiyyatında ciddi bəşəri mövzu olan təbiətin mühafizəsi, ekoloji tarazlıq, ekoloji terror törədənlər və bununla bağlı ciddi problemlər yaradanlara qarşı parçalanmış dünyanın fəlsəfəsini açmağa çalışan ciddi əsərlər yazılmışdır. Bu cəhətdən Mövlud Süleymanlının  1980-ci ildə işıq üzü görən "Köç" romanı öz təbii mövzusu və təbiətə müraciətdəki orijinallığı ilə diqqət çəkmişdir.

"Köç"ün  müəllifi oxucunu Azərbaycanın səfalı təbiətinə səyahətə aparır. Bu səyahət oxucuya çox haqlı həqiqəti söyləyir: insan təbiətə mərhəmət etməli, onun qayğısına qalmalıdır. Torpağı, suyu, havanı əsrin bəlasından – zəhərli qazlardan, çirkli sulardan qorumalıdır. Həyat rəmzi olan sular, bitkilər insanın  sağlamlığı üçün əsaslı şərtlər olduğu üçün onlara daha çox diqqət yetirilməlidir.

"Köç"ün müəllifi əsərdə yurdumuzun təmiz göylərindən, bərəkətli torpaqlarından özünəməxsus xalq deyim tərzində, Dədə-Qorqudun deyim tərzində danışır. Əsərdə müəllif köç edən insanların sığınacağı yerin təbiət olduğunu yazır. Qoşqar, Şahdağ, "Gəlin qayası", "Çoban qayası", "Şah yurdu" kimi qaya və dağlar təbiətin məharətlə yaratdığı möcüzələrdir. Təbiətin yaratdığı hər qayada, hər dağda  xalqımızın tarixindən danışan həqiqətlər var. Əsərdə təsvir edilən Əyriqar, Bibiqaya, Naltökən, Yemlikli, Ağlağan, Qaratac, Ağçalı qaya tarixin abidələşmiş şahidləridir. Onları sevməyin və qorumağın vacibliyindən danışır.

Oxucunu təbiətin qoynuna çəkir, onu təbiəti sevməyə, qorumağa çağırır, təbiətin loğman otlarının şəfaverici təsirindən söhbət açır və nadir otların, əvəzsiz dərman bitkilərinin çoxunun kökünün kəsildiyini və kəsilmək üzrə olduğunu təbiətin ahənginin pozulması, ona edilən ekoloji zərbələrlə əlaqələndirir. Müəllif təbiəti canlı bir aləm kimi oxucuya təqdim edir, təbiətin minbir sehri ilə oxucunu tanış edir, təbiətin mühafizəsinin insan  sağlamlığı üçün əsas amil hesab edir.

Azərbaycanın XX əsrdəki bahadırlarından olan  Bəxtiyar Vahabzadənin  yaradıcılığı üçün də doğma mövzulardan biri ana adlandırdığımız təbiətdir, təbiətə, onun mövsümlərinə, hər mövsümün gözəlliyinə, əlvan mənzərəsinə həsr etdiyi lirik şeirlər və bu şeirlərdəki fəlsəfi anlamlardır.

Təsadüfi deyil ki, şair elə ilk şeirlərindən birini "Yaşıl çəmən, ağac altı, bir də tünd çay" adlandırmışdır. "Çəmən", "ağac", "çay", bunlardan ikisi təbiət, üçüncüsü isə insanın təbiətdən aldığı zövq, səfa... Təbiət şairin yazmaq, yaratmaq, duymaq, düşünmək istəyəndə ona üz tutmaq, onsan bəhrələnmək üçün ilham mənbəyidir. Şair şəhərin səs-küyündən yorulanda təbiətin qoynunda rahatlıq tapdığını, yorğunluğun suallarına təbiətin məsumluğundan, saflığından cavab istəyir. Dağların küləyi onun yorğun ruhuna sığal çəkərək, onu yenidən dünyaya bağlayır. Şair insanoğlunun ürəyə toxunan sözündən narahatçılığını ifadə etsə də, təbiətin minbir möcüzəsi, zərif bir çiçəyin məsum görkəmi onun təsəvvüründəki ağrı-acıları unutdurur, təbiətin bu möcüzəsi onu ruhən rahatladır və bu rahatlanma poeziya nümunəsinə çevrilir.

 

Nərgizə baxıram mənə kəm baxan,

Nadürüst gözləri unutmaq üçün.

Haçalı dağlara baxıram, mənə,

Qıcanan dişləri unutmaq üçün.

Baxıram üfüqün genişliyinə,

Soyuq baxışları unutmaq üçün.

 

Kitablarından birinin adını "Bir ürəkdə dörd vəsil" adlandıran Bəxtiyar Vahabzadənin təbiət şeirlərindən biri də "Ömrün payızı"dır. Bu şeirdə şair ömrün pillələrinin ana təbiətin fəsilləri ilə üst-üstə düşdüyünə heyrətlənir və by düşüncəni belə poetikləşdirir:

 

Dövran tez dolanır, illər tez gəlir,

Biz də dəyişirik hey ildən-ilə.

Ömrün pillələri necə düz gəlir,

Ana təbiətin fəsillərilə.

 

Şair oxucunu dünyanın nizamını ömrün pillələri şəklində göstərir. Bu mənada onun təbiət şeirlərinin "libası" ana təbiət olsa da, "nüvəsi" ciddi, bəşəri mövzulardır. Şair təbiətin nizamını, təbiətin tarazlığını pozanları, onu zəhərləyənləri qınaq obyektinə çevirir. Bu qınaq sənətkarı elə bu günümüzün də qələm ustasına çevirir, günümüzdə də aktuallaşan təbiətin saflığını qorumağa çağıran ciddi bəşəri problemlərə yaxınlaşdırır.

Elmi-texniki tərəqqinin yüksəldiyi bir dövrdə yaşasaq da, B.Vahabzadəyə görə elmi-texniki tərəqqinin elə yönləri var ki, bunlar bəşəriyyətin mənəvi sərvətlərinə zərbə vurur, təbiətin ahəngini pozur. Bunu "Elm-əxlaq" şeirində mənalandıran şair insan ağlının yaratdığı elmin güclü, qüdrətli olduğunu görür, ancaq bu qüdrətin insanoğluna ziyan verməyəcəyinə əmin olmaq istəyir. Şairin qənaətinə görə elm etdiyindən utanmamaq, sonradan peşiman olmamaq üçün təbiət qanunları ilə də, təbiətin saflığı ilə hesablaşmalıdır.

 

Həkim, təbiəti gəl hakim sayaq,

Hifz edək bir səsin yüz ahəngini.

Gücümüz çatsa da gərək pozmayaq,

Ana təbiətin öz ahəngini.

 

Bu baxımdan XX əsr dünya mətbuatında təbiəti mühafizə məsələsi XX əsrin filosof şairi B.Vahabzadə lirikasından yan keçməmiş və onu müasir dövrün müasiri etmişdir.

Böyük ixtiralar əsri olan XX əsrdə yaşayan B.Vahabzadə insan idrakı ilə təbiətin üz-üzə dayandığını görür və əsrin yeniliklərinə biganə qalmayam şair bu yeniliklərə poeziyanın dili ilə münasibət bildirir. 1968-ci ildə Amerika alimi Q.Uayt meymunun beynini bədənindən uzun müddət ayrı yaşada bilmişdir. Bu məsələ ilə əlaqədar dünya filosofları arasında böyük mübahisələr getmişdir. Əlbəttə, beynin köçürülməsi təbabətdə yenilikdir, idrakın təbiət üzərində qələbəsidir. Ancaq bu qələbə nə verə bilər?   "Təbiətin danışan dili" olan şair "Baş" əsərində bu qələbəni bəşəriyyət üçün təhlükə sayır. Burada "soykök" düşüncəsi şairi düşündürür və yazır:

 

Bir nadan güvənib öz imkanına,

Dahinin başına göz dikdi bəlkə?

 

Tərsinə də ola bilər:

 

Dahinin beyninə qan sızdı birdən,

Cahil də qəzaya düşdü həmin gün.

 

Cahilin beynini öz bədənindən,

Ayıraq, dahini yaşatmaq üçün?!

 

Şairin haqlı narahatlığı da budur. Elmin qüdrəti böyükdür. O, çox vaxt təbiəti, insan orqanizmini öz məhvərindən ayıra bilir. Ancaq "sonrakı peşmançılıq fayda verməz" deyiblər. Bu gün atom, nüvə silahlarını kəşf edənlər, dünyanı müharibə ocağına çevirənlər də, bəlkə, peşman olmuşlar və əməllərindən vicdan əzabı çəkmişlər. Şairin isə hökmü belədir. İnsan öz əməlindən xəcalət çəkməmək üçün təbiətin verdiyi nizama ehtiyatla yanaşmalıdır.

B.Vahabzadənin "Elm-əxlaq" əsəri də bu fəlsəfi düşüncələrlə yazılmışdır. Elmin böyüklüyünə heyran olan şair insan ağlının yaratdığı nəhəng zavodlar, kimyəvi silahlar, cihazlar və laboratoriyaların yarışını, insanların isə təlaşını görürdü. Şairin təlaşı yerindədir və deyir:

 

Əynimiz, başımız kimyalaşsa da,

Mayamız, kökümüz saf qalsın barı.

 

Budur, B.Vahabzadənin təbiət düşüncələrinin günümüzlə səsləşən variantı. B.Vahabzadənin lirik şeirlərində görünən təbiətə, dünyanı məhvərindən döndərən silahlara münasibət, onun dram və poemalarında da bir xətt olaraq keçir. Bu cəhətdən onun "416" lirik poemasına və "Yağışdan sonra" adlı səhnə əsərinə diqqət yetirmək kifayətdir.

Ədibin  "Yağışdan sonra" adlı səhnə əsərində rayondan şəhərə oğlunun evinə qonaq gəlmiş baba Qədimbəyə nəvəsi Cağatay süd gətirir. Baba süddən bir qurtum içib üzünü turşudur. Bu nədir? Rəngindən südə oxşayır, bu o süddəndir? Nədir onun adı?

Cağatay cavab verir ki, poroşok südü.

Qədimbəy – necə də oxşadıblar ey... İçməsən elə bilərsən süddür. İndi gəl safı çürükdən ayır (B.Vahabzadə. Əsərləri. 8-ci cild, 2005, səh. 191-192).

Ölüm saçan yeni silahların kəşfi, bu silahlara güvənərək təbiətin nizamını məhv edən müharibə təbiətə, onun iqliminə, insanlara vurulan ən böyük zərbədir. Çünki B.Vahabzadənin təbiri ilə desək,

 

Tək-tək doğulanları,

Cəbhə yüz-yüz öldürür (səh. 76).

 

II Dünya müharibəsində məğlubiyyətə uğramış faşist Almaniyasının ölüm saçan yeni silahlar yaratmaq təşəbbüsünə "416" adlı poemasında münasibət bildirən şair Almaniyaya belə müraciət edir:

 

Tarixindən götürdüyün,

Böyük ibrət dərslərini unutma gəl.

Yox, sən yenə silahlanır,

Keçmişinə can atırsan,

Təzə növlü "Panker Faust" yaradırsan.

("Dörd yüz on altı". Bakı, 1970, səh. 98).

 

Bu misraları II Qarabağ müharibəsində məğlubiyyətə uğramış, işğal etdiyi Azərbaycan torpaqlarından qovulan bədnam erməni separatçılarının aqibəti ilə müqayisə etmək yerinə düşər. Özünün gücü çatmasa da, Ermənistandan bir vasitə kimi istifadə edən dövlətlərdən aldığı silahlarla silahlanıb yeni müharibə təhlükəsi yaradan Ermənistana söykənəcək ən doğru və kəsərli söz ona "utan" demək sözüdür. Bu gün nəinki erməni işğalçılarına, dünyada müharibə yaradanlara, dünyanın ekoloji düzənini pozanlara "utan" deməyin vaxtı çatmışdır. Necə ki, B.Vahabzadə "416" poemasında II Dünya müharibəsindən məğlubiyyətlə çıxan faşist Almaniyasının yeni növ silahlar yaratmaq təşəbbüsünə "Utan, Almaniya" dediyi kimi.

Vaxtilə mərhəmət təbliğ edən ədəbi əsər olan "Faust" əsəri ilə dünyanı fəth edən Almaniyanın indi "Panter Faust" adlı ölümsaçan silah yaratmasına nifrətini B.Vahabzadə belə poetikləşdirir:

 

Utan, utan, Almaniya!

Mərhəməti, insanlığı,

Bədxahlığa, alçaqlığa,

Axı, niyə dəyişdin?

Bir dahinin əsərini,

Sən mərmiyə dəyişdin.

O "Faust"la insanları,

İnsanlığa çağırdı.

"Panter Fauust  raketindən,

Bu torpağın sinəsi,

İndi yağır-yağırdı".

(səh. 79).

 

Bu gün dünyanı narahat edən  iqlim dəyişməsi, torpağın sinəsini yaran, təbiətə olan ekoloji terrorun, silahlanmanın, müharibənin nəticəsidir. Silahlar, füzelər təbiətin qəsdinə dayanmış, ərzaqdakı cinas dəyişikliyi kimi təbiiliyə terror suyun dadını, çörəyin ətrini, insanın ruhunu və təbiətini dəyişdirmiş, ana təbiətin iqlimini, tarazlığını pozmaqda davam etməkdədir. Bu şəkildəki ekoloji terror insanoğlunu parçalanmış dünyanın bərpası üçün düşünməyə vadar edir.

44 gündə erməni terroru üzərində zəfər çaldığımız müharibədəki qələbəmiz 30 ildə Azərbaycanın gözəl Qarabağının torpaqlarını zəhərləmək, bu torpaqlarda mina terroru, iqlim terroru törədən erməni vəhşiliyi üzərindəki qələbəmiz idi. İndi  ermənilərin zəhərlədiyi torpaqlarımızı təmizləmək, təbiəti, onun iqlimini əvvəlki yönünə qaytarmaq günümüzün aktual məsələsinə çevrilmişdir. Erməni işğalından azad olmuş torpaqlarımızda yaşıl enerjinin yaradılması da, yaşıl dünyanın dirçəlməsinə xidmət etməkdədir.

Bu gün  dünya mətbuatında təbiəti mühafizə məsələsindən tez-tez, həm də təşvişlə söhbət açılır. Günümüzdə Engelsdən sitat gətirmək dəbdən düşsə də, vaxtilə Engelsin təbiətin ahənginin pozulmasına insanların müdaxiləsinin çox vaxt qayıdıb insanın özünə zərər verməsi fikrinin doğru olduğunu söyləməmək haqsızlıq olar. Fridrix Engelsin "Təbiət üzərindəki qələbələrimizlə çox da öyünməyək, hər qələbəmiz üçün təbiət bizdən intiqam alır" fikri günümüzdə çox müsair səslənir.

İnsanın təbiəti müəyyən dərəcədə öz arzularına uyğunlaşdırması dünyanın ekoloji tarazlığının pozulmasına gətirib çıxarmışdır ki, bu tarazlığı əvvəlki halına gətirməkdə insan gücsüzdür. Mütəxəssislər təbiətdəki tarazlığın pozulmasının səbəbini elə insanın təbiətə hər cür zülm etdiyi üçün təbiətin insanla barışmaq istəməməsində   görür. Bu barışmamazlıq Azərbaycan poeziyasında da, ədəbi mətnlərdə də nəzərə çarpacaq qədər öz əksini tapmaqdadır.

Təbiətin insanoğluna olan bu qırğınlığını Hamlet İsaxanlı aşağıdakı  iki misrada belə şərh edir:

 

Təbiət insanla ittifaq qurmur,

Günəş istəyirsən, sulu qar yağır!

 

Təbiətin insanla acıqlı bir şəkildə üz-üzə dayandığı XXI əsrdə buna məhəl qoymayaraq öz əməllərindən xəcalət çəkməyən dövlətlər bu gün yenə kütləvi qırğın silahı yarışına girir, yaratdıqları kimyəvi zavodların, laboratoriyaların insan sağlamlığına, təbiətə vurduğu ziyanı təbiətin öz növbəsində Yer kürəsində yaşayan insanların özlərinə qaytardığının fərqinə varmırlar.

Göründüyü kimi, susmayan silahlar, davamlı müharibələr, zəhərsaçan zavod və laboratoriyalar  dünyanın iqlim dəyişikliyinə səbəb olan başlıca amillərdən biri olmuşdur. Dünyanın ekoloji düzənini pozan iqlim dəyişikliyinin səbəbkarlarından biri olan öıüm saçan silahlara qarşı etiraz Azərbaycan ədəbiyyatında humanist poeziya nümunələrinin yaranmasına vəsilə olmuşdur. Humanizmi təbliğ edən ədəbiyyatımızda "Sülhə gəlin, ey insanlar, yoxsa dünya məhv olar" kimi şeirlər bunun ən gözəl örnəklərindən biridir.

 

Silahları yandırın,

Ərşə qalxsın tüstüsü.

Hər obada, hər bir eldə,

Qanad açsın sülh sözü.

Üzü gülsün insanların,

Bayram etsin yer üzü.

 

Dünyanı əsir edən iqlim dəyişikliklərinə həsr olunmuş beynəlxalq forumun (COP-29) bu ilin noyabr ayında Azərbaycanda keçirilməsi öz yaranışı tarixindən təbiətin ahəngini ədəbiyyatında, mədəniyyətində, sülhsevərliyində göstərən, bu foruma ev sahibliyi edən ölkəmizdə  keçirilməsi tamamilə təbii və real görünür. İqlim  dəyişikliklərinin tənzimlənməsinin müzakirəsinə həsr olunmuş beynəlxalq forumun müasir dünya düzəninin qurulması üçün əhəmiyyət verəcəyindən xəbər verir.

Maarifə HACIYEVA 
filologiya elmləri doktoru, professor



VİDEO

SON XƏBƏRLƏR

22.07.2025 / 23:25
Azərbaycan və Türkiyə arasında Anlaşma Memorandumu imzalandı - FOTO

22.07.2025 / 22:53
Ermənilər Ağdamda qəbirlərdən protezləri belə oğurlayıblar - arxeoloq Fərhad Quliyev maraqlı faktlar açıqladı

22.07.2025 / 22:28
Media nümayəndələri Fəxri xiyaban, Zərdabinin məzarı və Zəfər parkını ziyarət ediblər

22.07.2025 / 22:10
Ceyhun Bayramov Gürcüstan Prezidentini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı

22.07.2025 / 21:49
"Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub" - Hikmət Hacıyev

22.07.2025 / 21:40
ABŞ-Rusiya savaşı, hələ ki, sözdə şiddətlənir...

22.07.2025 / 21:25
Rusiyanın ittiham etdiyi 2 azərbaycanlı alimdən reaksiyalar niyə gecikdi?..

22.07.2025 / 21:12
Azərbaycanın Avropa ilə siyasi gündəmi yenidən başlayır...

22.07.2025 / 20:58
Macarıstan və Serbiya Aİ-ni parçalayır - rus "neft kartı" işləyir...

22.07.2025 / 20:45
ABŞ-İran-Ermənistan üçbucağında Zəngəzur qovğası başlanır

22.07.2025 / 20:32
Azərbaycan-Ermənistan sülhü şəraitində Cənubi Qafqaz üçün beş mühüm ssenari…

22.07.2025 / 20:18
Azərbaycan rəsmilərinin adından Rusiya ilə münasibətlərə qarşı təxribat... Məqsəd nədir?

22.07.2025 / 20:05
Paşinyan Trampın qorxusundan 2 sülh maddəsinə münasibətini dəyişdi...

22.07.2025 / 19:51
Zəngəzur dəhlizi beynəlxalq ticarətin həcmini 100 milyard dollar artıracaq

22.07.2025 / 19:43
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və zərərçəkmişlərin hüquqi varisləri ifadə verdi - FOTO

22.07.2025 / 19:37
Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

22.07.2025 / 19:32
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO

22.07.2025 / 19:25
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş güclü dövlətdir"

22.07.2025 / 19:24
Mətbuatın builki yubileyi əvvəlkilərdən çox fərqli oldu...

22.07.2025 / 19:20
Bir sıra media nümayəndələrinə yubiley medalı verildi

22.07.2025 / 19:19
"Bizim milli mətbuat bir əsr yarım ərzində şərəfli və mütərəqqi inkişaf yolu keçib" - Prezident

22.07.2025 / 19:15
Prezident: "Mətbuatın müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca şərtlərindən biridir"

22.07.2025 / 19:13
“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR” ADLI KİTAB HAZIRLANIR

22.07.2025 / 19:12
"Azərbaycan milli mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib" - Prezident İlham Əliyev

22.07.2025 / 19:11
İrəvan Minsk qrupunun buraxılmasını Bakı ilə müzakirə edir? - Maraqlı bəyanat...

22.07.2025 / 19:07
Prezident İlham Əliyev Azərbaycanın media nümayəndələrinə müraciət ünvanladı

22.07.2025 / 18:57
Prezident Əliyev sazişlə bağlı İrəvana növbəti mühüm təklifi etdi...

22.07.2025 / 18:44
Avropa yalnız Azərbaycandan qaz alışını çoxaldıb - digər 3 mənbədən isə...

22.07.2025 / 18:30
İran nüvə müzakirələri üçün ABŞ-ı yox, 3 Avropa ölkəsini seçdi...

22.07.2025 / 18:23
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:16
Dünya mediası Əliyevin Mediaforumda çıxışına niyə həssas yanaşdı..

22.07.2025 / 18:08
DGK sədri Şahin Bağırov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:01
Qərb Azərbaycanı iki qonşu ilə müharibəyə sövq edir... Şok

22.07.2025 / 17:48
Prezident İlham Əliyevin "Rusiya məhkəməyə veriləcək" bəyanatına Kremldən reaksiya ..

22.07.2025 / 17:35
Trampı Azərbaycanla bağlı xüsusi demarşa təşviq edən hadisə...

22.07.2025 / 17:30
Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 17:22
İsraildən Şara ilə bağlı şok iddia - 7 ayda 3 sui-qəsd cəhdi… Həyatını türklər xilas etdi…

22.07.2025 / 17:19
BDU-nun müəllimi “Bakı-Xəbər”in əməkdaşını təbrik etdi

22.07.2025 / 17:15
Hakan Fidandan xəbərdarlıq - Suriyanı bölməyə çalışsalar, müdaxilə edəcəyik...

22.07.2025 / 17:09
Tramp ABŞ-ı UNESCO-dan çıxarır...

22.07.2025 / 17:05
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO

22.07.2025 / 16:57
Daxili işlər nazirinin adından saxta məlumatlar yayıldı - MEDİA çağırış etdi...

22.07.2025 / 16:50
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

22.07.2025 / 16:33
Yunus Oğuzun 65 illik yubileyi münasibəti ilə kitab nəşr olunub

22.07.2025 / 16:32
Ömrünün 16 ilini orduda keçirdi, Vətən yolunda şəhadətə ucaldı

22.07.2025 / 16:30
Mətbuat Şurası Yunus Oğuzu 65 illik yubileyi münasibətilə təbrik etdi

22.07.2025 / 16:27
BDU-nun müəllimi Qismət Yunusoğlu “Bakı-Xəbər”i təbrik etdi

22.07.2025 / 16:20
Ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı artırıldı - SƏRƏNCAM

22.07.2025 / 16:18
Türkiyənin Egey sahilində yerləşən Didimi ziyarət etmək üçün 5 səbəb...

22.07.2025 / 16:15
Azərbaycanda qablaşdırılan dərmanlar 5 il yerli mal hesab olunacaq

22.07.2025 / 16:10
Azərbaycanda əmlakın qeydiyyatına dair yeni prosedur müəyyənləşdi

22.07.2025 / 16:07
Çoxşaxəli istedad sahibi, dərin intellektual... Aydın Mirzəzadədən Yunus Oğuza yubiley təbriki...

22.07.2025 / 16:01
Millət vəkili jurnalistləri təbrik etdi

22.07.2025 / 15:50
Millət vəkili Cavanşir Feyziyev jurnalistləri təbrik edib

22.07.2025 / 15:48
Millət vəkili Vüqar İskəndərov Yunus Oğuzu 65 yaş münasibətilə təbrik etdi

22.07.2025 / 15:28
Ərdoğan Avropa İttifaqına çağırış etdi - Türkiyəyə ehtiyacınız var…

22.07.2025 / 15:12
Ceyhun Bayramovun Gürcüstanın XİN başçısı ilə müzakirə etdiyi məsələlər açıqlandı...

22.07.2025 / 14:53
Azərbaycanın dövlət borcu açıqlandı

22.07.2025 / 14:36
İranın Rusiyadakı keçmiş səfiri - "Kreml seçim qarşısında qalsa, İsraili seçəcək"

22.07.2025 / 14:20
İran uranın zənginləşdirilməsinin müvəqqəti dayandırıldığını açıqladı...

22.07.2025 / 13:29
"Ermənistan konstitusiyasından ərazi iddiaları çıxarılmalı, Minsk Qrupu ləğv edilməlidir" - Nazir

22.07.2025 / 13:18
Prezident İlham Əliyev onun çıxışını paylaşdığına görə Trampa təşəkkür etdi

22.07.2025 / 13:10
Москва придумала новых врагов - казахов и президента Токаева - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.07.2025 / 13:08
Sabirabadda avtomobil yolunun əsaslı təmirinə 2,1 milyon manat vəsait ayrıldı - SƏRƏNCAM

22.07.2025 / 12:22
Maqnit qasırğası barədə əhaliyə XƏBƏRDARLIQ

22.07.2025 / 12:12
Hacıqabulda taxıl daşıyan TIR aşıb

22.07.2025 / 12:03
Türkiyə bu dəmir yolu layihəsinə 2,4 milyard avro cəlb edib

22.07.2025 / 11:43
BMT-dən həyəcan təbili: Quraqlıqlar qlobal fəlakətə çevrilir!

22.07.2025 / 11:38
Zəngəzur dəhlizi açıldıqdan sonra bu şirkətlərin xərcləri azalacaq

22.07.2025 / 11:22
Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək görüş keçirilir

22.07.2025 / 11:12
Xırdalanda faciə - fəhlə üçüncü mərtəbədən yıxılıb öldü

22.07.2025 / 11:04
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb

22.07.2025 / 11:03
Rusiya Qafqazdan sökülməyə başladı - CANLI

22.07.2025 / 11:00
Baqrat Qalstanyan Paşinyanın nazirlərindən kompensasiya tələb edir

22.07.2025 / 10:41
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başlayıb

22.07.2025 / 10:25
Jurnalistika şərəfli və yüksək məsuliyyət tələb edən peşədir - Hikmət Hacıyevdən PAYLAŞIM

22.07.2025 / 10:14
Uranın zənginləşdirilməsi proqramından imtina etməyəcək - Əraqçi ABŞ-a meydan oxudu

22.07.2025 / 10:10
Ceyhun Bayramov Gürcüstana səfərə gedib

22.07.2025 / 10:06
Daha 53 ailə Cəbrayıla köçürüldü

22.07.2025 / 10:04
Media nümayəndələrinin iştirakı ilə "Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib

22.07.2025 / 10:03
Prezident İlham Əliyevdən Milli Mətbuat Günü münasibətilə paylaşım

Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910