Bakıda fəaliyyət göstərən bazarların girişində, eləcə də ayrı-ayrı ərazilərdə avtomobillərin yük yerində 3 ədədi və ya 3 kiloqramı 11 manata təmizlənmiş toyuqlar satılır. Qeyd edək ki, marketlərdə toyuq ətinin 1 kiloqramı 5 manatdan baha satılır.
Toyuq ətinin bir kiloqramı 5 manat olduğu halda 3 ədədi və ya 3 kiloqramı 11 manata təmizlənmiş toyuqların satışı həmin məhsulların mənşəyi barədə şübhələrə səbəb olur.
AQTA - Aysel Fərziyeva: “İstehlakçılar məhsulun saxlanma şəraitinə mütləq diqqət etməlidirlər”
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat katibi Aysel Fərziyeva bildirdi ki, istehlakçılar məhsulun saxlanma şəraitinə mütləq diqqət etməlidirlər.
Onun sözlərinə görə, əgər vətəndaşların bu məhsullarla bağlı hər hansı şübhələri olarsa bu barədə AQTA-nın 1003 çağırı mərkəzinə müraciət edə bilərlər.
Eyyub Hüseynov: “Broyler fabriklərində bəzən bir gecədə minlərlə quş tələf olur, çəkisi bir kilo olmayan quşların satışa çıxarıldığını da görürük”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd etdi ki, bakteriyalarla bağlı təhlükə hər zaman aktualdır: “Bu nəzarətdə saxlanmalıdır. Broyler fabriklərində bəzən bir gecədə minlərlə quş tələf olur. Çəkisi bir kilo olmayan quşların satışa çıxarıldığını da görürük. İstehlakçılar belə quş ətləri ilə ehtiyatlı olmalıdırlar. Çünki bu, tələf olmuş quş ola bilər. Broyler fabriklərində quşların geni modifikasiya olunmuş, Argentinadan gətirilən jmıxlarla yemləndirilməsi hər zaman diqqətimizdədir. Ölkə prezidentinin bu məsələyə nəzarətlə bağlı fərmanları olsa da, ölkədə GMO məhsulları təbliğ edən qruplar az deyil. Broyler toyuqlarının etiketlənmədən, kənd toyuğu adı altında açıq satışa çıxarılması hallarına rast gəlinir.
İstehlakçıların satıcılardan sənəd tələb etmək hüququ var. Alıcılar məhsulun yeni olmasına, saxlama şəraitinə fikir versinlər. Yeni məhsulun pis şəraitdə saxlandığı üçün tez xarab olma ehtimalı var. İllər əvvəl toyuqdan balıq qoxusu gəlməsi hallarına rast gəlinirdi. Bunun səbəbi o idi ki, toyuqlar balıq unu ilə yemlənirdi. Sevindirici haldır ki, artıq bu buna son qoyulub. Yararlılıq müddətini keçməsə belə, xarab olmuş məhsullar barədə vaxtaşırı müraciətlər olur".
Günel CƏLİLOVA