Göllər təbiətin aynası hesab olunsa da, ölkəmizdəki göllərin əksəriyyəti o qədər çirklidir ki, orada nəinki təbiətin ecazkar əksini, heç içində yaşayan canlıların siluetini də görmək mümkün deyil.
Belə bir acınacaqlı hal Suraxanı rayonundakı tarixi Bülbülə gölündə müşahidə edilir. Gölün ətrafı məişət tullantıları ilə çirkləndirilib. Həmçinin, ətrafda olan 4 böyük qəsəbə - Əmircan, Bülbülə, Bakıxanov və Qaraçuxurun çirkab suları bu gölə axıdılır.
Həmin əraziyə yaxın yaşayan sakinlər yaranmış antisanitar vəziyyətdən şikayətçidir. Onların sözünə görə, zibil konteyneri az olduğu üçün gölün ətrafında qalaq-qalaq tullantı yığılır.
Suraxanı RİH - Mehman Hüseynov: “Gölün ətrafı yaşayış massivi olmadığı üçün konteynerlər məhdud saydadır"
Suraxanı rayon İcra hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Mehman Hüseynov məsələ ilə bağlı açıqlamasında qeyd etdi ki, konteynerlərin artırılması istiqamətində iş aparılacaq: “Gölün ətrafı yaşayış massivi olmadığı üçün konteynerlər məhdud saydadır. Məsələ ilə bağlı mütəmadi baxışlar keçirilir. İməciliklər təşkil olunur. Konteyner meydançaları düzəldib, sayını artırarıq”.
“Azərsu” ASC - Anar Cəbrayıllı: “Kollektor hazır olduqdan sonra artıq Bülbülə gölünə axıdılan tullantı sularının qarşısı tamamilə alınacaq”
“Azərsu” ASC-in mətbuat katibi Anar Cəbrayıllı bildirdi ki, Ziya Bünyadov prospektindən Olimpiya Stadionunun yanından keçməklə Hövsan təmizləyici qurğularına yeni bir xəttin - böyük bir tunel tipli kollektorun inşasına başlanılıb: “Tunelin bir hissəsi tikilib, digər hissələri layihələrindirilib. Bunlar böyük maliyyə tutumlu layihə olduğundan mərhələlərlə icra olunur. Kollektor hazır olduqdan sonra artıq Bülbülə gölünə axıdılan tullantı sularının qarşısı tamamilə alınacaq. Burada formalaşdırılan sular həmin kollektor vasitəsilə təmizlənib, birbaşa Hövsan təmizləyici qurğularına yönəldiləcək”.
Günel CƏLİLOVA