Azərbaycanın hərbi müstəvidə işğalçı Ermənistan üzərində malik olduğu üstünlüyü gedərək artırması düşmən ölkədə yaranan təşvişin miqyasını daha da genişləndirməkdədir. Hazırda bu xüsusda Ermənistanı qorxudan başlıca məqamlardan biri Azərbaycanın Qərb ölkələrindən də hərbi texnologiyaların idxalını həyata keçirməsi, eyni zamanda Avropa dövlətlərilə hərbi sahədə müştərək müəssisələr yaradıb birgə istehsala start verməsidir. Ermənistanda etiraf edirlər ki, bu hal Azərbaycanın hərbi üstünlüyünün daha da artmasına gətirib çıxaracaq.
Bununla yanaşı, Ermənistanın özünə mütəffiq saydığı ölkələrin də Azərbaycanla dərinləşən hərbi əməkdaşlığını düşmən özü üçün əsas təhdidlərdən biri sayır. Qeyd olunan xüsusda Fransa ilə qurulan işbirliyi Ermənistanda əsl ajiotaja səbəb olub. Belə ki, Ermənistan Fransa-Azərbaycan hərbi-texniki əməkdaşlığından təşvişə düşüb. Erməni mediasının yazdıqlarından belə bəlli olur ki, rəsmi İrəvan “Paris Air Show-2019” hərbi texnika sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi və Fransanın “Nexter” silah və hərbi texnika istehsalçısı arasında danışıqlardan ciddi narahatlıq keçirib. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib ki, rəsmi İrəvan Fransa şirkətinin Bakıya tədarük edəcəyi hərbi texnikanın Qarabağda istifadə olunmayacağına ümid edir. Lakin erməni rəsmisi sadə həqiqəti unudub ki, dünyada hərbi-texniki əməkdaşlıq sahəsində bağlanılan müqavilələrdə bu cür şərtlər qoyulmur. Təşvişə düşən erməni rəsmisi Fransanı Azərbaycana silah satmamağa çağırıb. Parisin bu addımının regionda tarazlığı pozacağını, sülhə və sabitliyə mənfi təsir göstərəcəyini söyləyən XİN rəsmisinin sözləri, təbii ki, Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycana qarşı səsləndirdiyi hədələrin fonunda qeyri-səmimi görünür. Digər tərəfdən, erməni rəsmilərinin çağrışlarına rəğmən, Fransa da daxil olmaqla, Qərb ölkələri Azərbaycanla hərbi əməkdaşılğa xüsusi önəm verir. Ötən ay baş tutmuş “Paris Air Show-2019” sərgisi çərçivəsində keçrilən görüşlərin nəticələri də bunu təsdiq edir.
Xatırladaq ki, hərbi təyinatlı aviasiya sahəsində dünyanın ən nüfuzlu sərgilərindən biri olan bu tədbirdə Azərbaycan da təmsil olunub. Sərgi çərçivəsində müdafiə sənayesi nazirinin müşaviri Fərrux Vəzirov Fransanın “Nexter”, “Thales”, “CS Communication”, “Lacroix” və Türkiyənin “TAİ” şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşlərdə hərbi-texniki əməkdaşlığa dair məsələlər müzakirə edilib. “Nexter” şirkətinin rəhbərliyi ilə görüşdə müxtəlif növ müdafiə təyinatlı məhsulların, o cümlədən Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində mövcud olan istehsal sahələrində təkərli zirehli texnikanın birgə istehsalı, robot texnikası sahəsində dəniz və hava platformaları üzərində müxtəlif növ silahların istehsalı və inteqrasiyası da daxil olmaqla əməkdaşlığın yaradılmasına dair danışıqlar aparılıb. Tərəflər arasında bu layihələrin həyata keçirilməsi üzrə yol xəritəsi müəyyən edilib. Görüşdə “Nexter” şirkətinin ekspertlərinin iyulda Azərbaycana nəzərdə tutulan səfərləri çərçivəsində danışıqların davam etdirilməsinə dair razılıq əldə edilib. “Thales” şirkətinin rəhbərliyi ilə görüşdə Azərbaycanda və qonşu ölkələrdə bu şirkətin məhsullarına texniki xidmətin göstərilməsi və təmiri üzrə birgə regional servis mərkəzinin yaradılmasına dair məsələlər müzakirə edilib. Eyni zamanda, müxtəlif növ aşkaretmə və radiolokasiya sistemlərinin birgə istehsalının yaradılması istiqamətində danışıqlar aparılıb. Müzakirə edilən birgə layihələrin həyata keçirilməsi üçün növbəti addımların atılmasına dair razılıq əldə edilib.
Bununla yanaşı o da məlumdur ki, Azərbaycan Fransanın “MBDA Systems” şirkətinin ölkəmizə ASTER 30 SAMP/T və VL “Mica” hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün danışıqları yekunlaşdırmaq üzrədir. Fransa dövləti bu müdafiə sistemlərinin Azərbaycana satılmasına icazə verib. Bu, Azərbaycanın ciddi diplomatik-hərbi nailiyyəti hesab edilə bilər. Çünki ilk dəfədir ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Qərb ölkəsi, eyni zamanda Minsk Qrupuna həmsədrlik edən Avropa nəhəngi Fransa Azərbaycana, müdafiə təyinatlı da olsa, müasir silah sistemlərinin satılmasına razılıq verir. Məhz bu məqam da Ermənistanda şok effekti yaradır. Erməni hərbi ekspert Van Ambartsumyan bununla bağlı bildirib: “Azərbaycan mühüm hərbi uğurlar əldə edir. Fransa Azərbaycana ASTER 30 SAMP/T və VL “Mica” komplekslərini satır. Azərbaycan silahlanmasını genişləndirir. Hazırda çox vacib hadisə baş verməkdədir. Ermənistanın dostu, NATO-ya üzv ölkə olan Fransa ASTER 30 SAMP/T və VL “Mica” zenit raket komplekslərini Azərbaycana satır. Bu raket kompleksləri 100 kilometr məsafə dərinliyədək məhvetmə qabiliyyətinə malikdir. Hədəf kimi ballistik raketlər, o cümlədən “İsgəndər” raketləri, qanadlı raketlər, təyyarə və helikopterlərin olduğu bildirilir. Bu raketlər Fransa istehsalıdır və ən yaxşı raket sinfindən hesab olunur”. İrəvanda bu narahatlığa baxmayaraq, Fransanın “Eurosam” şirkətinin Biznes Təkmilləşdirmə və İxrac üzrə meneceri Filip Çopin ölkəmizlə hərbi əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduqlarını bildirib: “Azərbaycanın tələblərinə cavab verəcək müxtəlif məhsullar üzərində işləyir və təkliflər edirik. Şirkətimizin baş qərargahı Parisin cənubunda yerləşir və 100-ə yaxın idarə heyəti var. Şirkətin investorları Avropanın ən böyük və ən təcrübəli müdafiə kontraktorlarıdır”. ASTER 30 SAMP/T raketlərinin Azərbaycana satışı barədə məsələlərə də toxunan şirkət nümayəndəsi ölkəmizin tələblərinə cavab verən məhsulların üzərində işləndiyini vurğulayıb. Onun sözlərinə görə, hazırda şirkətin raketləri və raket sistemləri 4 ölkəni - Fransa, İtaliya, Səudiyyə Ərəbistanı və Böyük Britaniyanı təchiz edir. Ekspertlər isə Fransadan alınan yeni texnologiyalar sayəsində Azərbaycanın hərbi üstünlüyünün daha da artacağını proqnozlaşdırır.
Ümumiyyətlə, Fransa-Azərbaycan əlaqələri, xüsusilə də hərbi-texniki sahədə əməkdaşlıq umumilikdə müsbət dinamikaya malikdir və artıq bir neçə ildir ki, yüksələn xətt üzrə inkişaf edir. Ermənilərin xüsusi narahatlıqla yanaşdığı Fransanın “Nexter” şirkəti ilə ölkəmizin əməkdaşlığı qarşılıqlı əlaqələrə növbəti təkan verən amil sayılır. Məlumat üçün bildirək ki, bu şirkət dünya ordularının yüksək texnologiyalı müdafiə məhsullarının hazırlanması və istehsalı sahəsində yaranan tələbatını qarşılamaq üçün yaradılıb. “Nexter” bütün qoşun növləri üçün yüngül zirehli avtomobildən ağır tanka qədər istənilən sinifdən olan vasitələrin, artilleriya qurğularının, müxtəlif çaplı və təyinatlı topların, onların quraşdırıldığı turellərin, idarəetmə sistemlərinin, müxtəlif optik avadanlıqların, robotların, kimyəvi mühafizə vasitələrinin, orta və böyük çaplı sursatların istehsalı ilə məşğul olur. Ümumilikdə “Nexter” şirkəti Fransa ordusunun istifadəsində olan əsas dəniz, quru və hava vasitələrində istifadə edilən silah sistemlərinin və onların sursatlarının əksəriyyətini tədarük etməklə eyni zamanda dünya silah bazarında 20-155 millimetr top və mərmilərin ən böyük istehsalçılarından biri hesab edilir. Yeri gəlmişkən, Azərbaycan Hərbi Dəniz Qüvvələri üçün “Naval” şirkəti ilə birgə inşa edilən OPV-90 gəmisinin silahlanmasında “Nexter” məhsulu olan NARWHAL məsafədən idarəolunan silah modulu da yer alır. “Nexter” şirkətinin Qafqazda məhz Azərbaycana maraq göstərməsi həm də rəsmi Bakının KTMT və NATO ilə normal münasibətləri və şəffaf siyasi mövqeyi, mövcud istehsal potensialı, idxal-ixrac imkanları, xammal bazası, alıcılıq və sərmayə qabiliyyəti və digər bu kimi vacib amillərlə sıx bağlıdır. Azərbaycan isə, təbii ki, “Nexter” kimi nəhəng bir şirkətin silahların layihələndirilməsi, inkişaf etdirilməsi və istehsalı sahəsində təcrübəsindən yararlanmaqla, müasir təcrübə əldə etməklə, cəlb olunduğu münaqişədə tələb olunan yeni silah və sursatları əldə etməklə bərabər onların istehsal və ixracında yaxından iştirak etməkdə maraqlıdır. Təbii ki, hadisələrin bu səpkidə inkişafını ermənilər özləri üçün ciddi təhdid sayır. Bununla belə, Azərbaycanın hərbi-texniki sahədə əməkdaşlıq etdiyi Avropa ölkələrinin sayı getdikcə artır. Onlardan biri olan İtaliya hərbi müstəvidə də ölkəmizlə sıx əməkdaşlıq qurub. Bu ölkənin “Leonardo” şirkəti artıq hərbi müstəvdə ölkəmizlə genişmiqyaslı əməkdaşlıq da qurub. “Leonardo” şirkətinin məhsulu olan reaktiv təlim-məşq təyyarələri ordumuzun ixtiyarına verilib. Şirkətin təmsilçisi Lorenzo Mariani qeyd edib ki, “Leonardo” Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlığını İtaliya - Azərbaycan münasibətlərinə uyğun davam etdirmək və bu istiqamətdə öz töhfəsini vermək niyyətindədir. Qeyd edək ki, “Leonardo” şirkəti müdafiə və təhlükəsizlik sahəsində müxtəlif çeşiddə məhsulların yaradılması və istehsalı üzrə tanınan şirkətlərdəndir. “Leonardo” geniş çeşiddə təlim-məşq təyyarələri, kommersiya, mülki, təhlükəsizlik və müdafiə məqsədli helikopterlərin ən geniş çeşidlərinin dizaynı, inkişafı, sınaqları, istehsalı, servisi və satışı ilə məşğul olur. Şirkət “Black Arrow”, “Black Scarpion”, MU90 kimi dəniz torpedolarını, müxtəlif çaplı artilleriya sistemləri və onların sursatlarını, təhlükəsizlik, informasiya, infrastruktur və ərazilərin mühafizəsi sistemlərinin istehsalını da həyata keçirir.
Ötən il isə Almaniyanın “Rheinmetall” hərbi sənaye korporasiyası Azərbaycanla əməkdaşlıq barədə danışıqlar apardığını elan edib. “Rheinmetall” korporasiyası müxtəlif tipli ağır və yüngül zirehli döyüş texnikası, iriçaplı artilleriya sistemləri, minaatanlar və müxtəlif digər silahlar istehsal edir. Bütün bunlar onu göstərir ki, Azərbaycan artıq inkişaf etmiş Qərb dövlətlərindən silah sistemlərinin alınmasını uğurla həyata keçirir. Təbii ki, bu hal Dağlıq Qarabağ münaqişəsinin həlli hərbi müstəviyə keçəcəyi təqdirdə Azərbaycanın daha böyük üstünlüyə malik olmasına gətirib çıxarır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.