Əl çəkmədiyi işğalçılıq siyasəti üzündən regionda təcrid vəziyyətində yaşayan Ermənistan sosial-iqtisadi müstəvidə getdikcə daha böyük problemlərlə üzləşməyə başlayır. Söhbət Ermənistana yatırılan sərmayələrin sürətlə azalması, erməni lobbisinin də bu ölkədən üz döndərməsindən gedir. Belə bir vaxtda hakimiyyətə yiyələnən Nikol Paşinyanın ölkəni diktatura qaydaları ilə idarə etməsi də potensial sərmayədarları ciddi narahat edir. Elə bu fonda Avrasiya İnkişaf Bankı Ermənistana investisiya proqramını dayandırıb. Bu qərar Ermənistanda meyvə və tərəvəzin ixracı ilə məşğul olan ən iri şirkət sayılan “Spayka” şirkətinə qarşı cinayət işi açıldıqdan sonra qəbul edilib.
Erməni mediası bu fonda yazır ki, baş nazir Nikol Paşinyan bir ildən çoxdur ölkəyə investisiya axını vəd edir, amma ortada heç nə yoxdur. Bundan başqa, Paşinyan hərəkətləri ilə Ermənistanda əvvəllər işləyən investorları da küsdürür. Nəticədə 2019-cu ilin ilk rübündə Ermənistan iqtisadiyyatına xarici sərmayə qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə on dəfədən çox azalıb. Ermənistan Statistika Komitəsi də bildirir ki, 2019-cu ildə birbaşa sərmayələrin həcmi 37 milyard dram azalıb. Yəni 2018-ci ilin birinci rübündə bu göstərici 40 milyard dramdan çox idisə, cari ilin müvafiq dövründə cəmi 3 milyard, 317 milyon olub. Erməni iqtisadçılarının sözlərinə görə, bu kəskin azalmanın səbəblərindən biri Amulsar qızıl mədəninin fəaliyyətinin dayanması olubsa, əsas səbəb Ermənistanda “məxməri inqilab”dan bir il sonra davam edən qeyri-sabitlik və vergi sistemindəki uyğunsuzluqlardır. Qeyd olunur ki, xarici sərmayəçilər ölkədəki daxili siyasi vəziyyətə çox həssas yanaşır. Bundan başqa, “kölgə iqtisadiyyatı”, real rəqabət mühitinin, sərmayəçilər üçün güzəştlərin olmaması da iqtisadiyyata xarici sərmayələrin cəlb olunmasının qarşısını alan amillərdir. Eyni zamanda, müxtəlif vaxtlarda verilən vədlərə baxmayaraq, hökumət hələ də azad iqtisadi zonaların yaradılması üzrə heç bir konkret addım atmayıb. Ən başlıcası isə, Nikol Paşinyanın da qeyd etdiyi kimi, Ermənistanda müstəqil məhkəmə sisteminin yoxluğu da bu məsələdə mənfi amillərdən birinə çevrilib.
Korrupsiya hallarının genişlənməsi də burada öz sözünü deyir. Məsələn, Ermənistanın baş prokuroru yanında komissiya 2018-ci ilin yanvarından 2019-cu ilin iyunundakı sosial təminat sistemində olan korrupsiya hallarını təhlil edib. Həmin dövrdə sosial təminat idarələrində rüşvət halları ilə bağlı 166 cinayət işi qaldırılıb. Təhlil göstərib ki, korrupsiya bütün ölkəni əhatə edib. Məlumata görə, bir sıra vətəndaşlar sosial müavinət almaq üçün rüşvət veriblər. Bundan başqa, yüzlərlə insan bu siyahılara daxil edilib, lakin özlərinin bundan xəbəri olmayıb. Onların əvəzinə sosial müavinətləri sosial təminat xidmətlərinin əməkdaşları alıb. Korrupsiya əməllərində vilayət administrasiyalarının əməkdaşları, şəhər meriyalarının sosial təminat şöbələrinin ərazi idarələrinin rəisləri və aparıcı mütəxəssisləri, poçt şöbələrinin rəhbərləri də iştirak edib. Bu halın digər sahələrdə də yayılması investorları ciddi narahat edir. Politoloq Armen Badalyan qeyd edir ki, Paşinyan hökumətinin daxilində çəkişmələr də getdikcə artır və bu da sərmayədarları ölkədən qaçırır. Erməni politoloq “məxməri inqilab”ın Ermənistanda oliqarxların kənarlaşdırılması və bir adamın hakimiyyətinin bərqərar olması ilə nəticələndiyini bildirib. Onun sözlərinə görə, Paşinyanın özü də partiyasının heç bir ideoloji əsaslara söykənmədiyini etiraf edib. Bu isə, öz növbəsində, yüksək vəzifələrə təyinatların baş nazirə yaxınlıq prinsipi ilə həyata keçirilməsinə səbəb olur. Politoloq hesab edir ki, bu cür şəraitdə hakimiyyətdaxili mübarizənin güclənməsi labüddür. Erməni politoloq yaranmış vəziyyətin daha bir təhlükəli nüansını diqqətə çatdırıb. Belə ki, Paşinyanın ölkənin rayonlarında olan bəzi tərəfdarları həm yüksək nüfuza, həm də silahlı dəstələrə malikdirlər. O bu durumda Ermənistana sərmayə qoymağa heç kimin risq etməyəcəyini də xüsusi qeyd edir. Onun fikrincə, bu durumda Ermənistan hər an partlayacaq bombanı xatırladır: “Ölkə əhalisi iş tapa bilmir, çətin şərtlər altında həyatlarına davam edirlər. Bu da sosial etirazları gücləndirir. Paşinyan indiyədək hakimiyyətdəki yerini möhkəmləndirməkdən başqa heç nə etməyib. Ölkədə heç bir irimiqyaslı layihə həyata keçirilmir. İnsanların yaşayış səviyyəsi həddindən artıq ağırdır. Artıq Ermənistanın dövlət borcu 7 milyard dollar təşkil edir. Durmadan artan bu rəqəm Ermənistanı iqtisadi kollapsa gətirib çıxaracaq. Təbii ki, bu da investorları daha ehtiyatlı mövqe tutmağa sövq edir”.
Bununla yanaşı, ölkədə sosial narazılıq, xüsusən də Alaverdi Misəritmə Kombinatı ilə bağlı yaşananlar sərmayədarlar üçün təhlükəli sayılır. Çünki Ermənistanda növbəti sosial inqilabın elə Alaverdidən başlana biləcəyi istisna edilmir.
Xatırladaq ki, bu günlərdə Alaverdi Misəritmə Kombinatının işdən çıxarılan fəhlələri etiraz əlaməti olaraq Ermənistan-Gürcüstan dəmir yolunu bağlayıb. Fəhlələrin belə bir yola əl atmasına səbəb misəritmə zavodunun sahibi olan “Valleks” şirkətlər qrupunun işdən çıxardığı fəhlələrə iyun ayınadək maaşlarının ödəniləcəyi barədə verdiyi vədi yerinə yetirməməsidir.
İşdən qanunsuz çıxarıldıqlarını iddia edən fəhlələr Gürcüstana gedən dəmir yolunu kəsib. Onlar problemin həll edilməsi üçün hökumətin məsələyə müdaxilə etməsini və maaşlarının ödənilməsini tələb edirlər. Hökumətdən etirazçıların tələblərinə cavab gəlməyib. Qeyd edək ki, Alaverdi Misəritmə Kombinatı ötən ilin oktyabrında hökumətlə banklar arasında yaranan maliyyə problemləri səbəbindən fəaliyyətini dayandırıb. Təqribən 600 fəhlənin işlədiyi bu müəssisə sonradan xaricdə emal olunan mis yarımfabrikatlar istehsal edirdi. Bu məhsullar Ermənistan büdcəsinə gəlir gətirən on ixrac malları siyahısına daxildir. İndilikdə isə Ermənistanın Alaverdi Misəritmə Kombinatı və Texut mədəninin bağlanması ilə əlaqədar Alaverdi rayonu və ona yaxın kəndlərdə sosial partlayışın baş verəcəyi gözlənilir. Bu barədə Ermənistanda çıxan “Past” qəzeti yazır ki, hakimiyyətin bu müəssisələrin fəaliyyətini dayandırmasına etiraz olaraq şəhərin bütün lojistik sistemi mühasirəyə alınıb, bir neçə avtomobil yolu və dəmir yolu bağlanıb. Alaverdi Misəritmə Kombinatının əməkdaşları paytaxtda yürüşü də istisna etmir. “Past” qəzeti yazır ki, bu hal ağır sosial-iqtisadi durumu nümayiş etdirməklə yanaşı, investorların da ölkədən gedişini sürətləndirir.
Nahid SALAYEV