Fransa və Azərbaycan arasında hərbi sənaye sahəsində əməkdaşlıq erməni tərəfinin daim diqqət mərkəzindədir. Bu fikirləri Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan İrəvanda keçirilən brifinqdə bildirib.
Fransanın Azərbaycana silah satması barədə mətbuatda dərc edilən yazıları şərh edən A.Naqdalyan deyib ki, İrəvan vəziyyəti diqqətlə izləyir və ikitərəfli görüşlərdə bu məsələni qaldırır. O, Fransa Prezidenti Makronun bu il fevralın 5-də söylədiyi fikirlərdən sitat gətirib: "Fransa heç zaman Azərbaycana elə silah satmaz ki, ondan Qarabağda istifadə olunsun".
Qeyd edək ki, "Paris Air Show-2019" silah sərgisi zamanı Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Fransanın "Nexter" silah istehsalçısı zirehli texnika, dəniz və hava platformaları üçün müxtəlif silah növləri, həmçinin, robot texnikasının birgə istehsalını müzakirə ediblər. Bundan əlavə, "Thales Group" şirkəti Azərbaycanda müxtəlif növ aşkaretmə və radiolokasiya sistemlərinin istehsalı üzrə birgə müəssisə, həmçinin, regional servis mərkəzi yaratmaq niyyətindədir.
Bütün bunlar da erməni tərəfini bərk narahat edir. Ermənilər Fransa ilə əlaqələrə o qədər arxayın idilər ki, Azərbaycanın Fransa ilə silah sahəsində əməkdaşlığını təsəvvürlərinə belə gətirmək istəmirdilər. Ancaq indi bu istiqamətdə Azərbaycanla Fransanın əməkdaşlığını görəndə özləri də çaşbaş qalıblar. Bu səbəbdən Ermənistan özünə təskinlik verərək Azərbaycanın Fransa ilə bu sahədə əməkdaşlığına şübhə ilə yanaşır.
Mübariz Əhmədoğlu: “O vaxt buna nail ola bilmədilərsə...”
Məsələyə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlunun sözlərinə görə, Ermənistan Fransanın Azərbaycana silah satmasına mane ola bilməyəcək: “Fransa Azərbaycana bəzi hərbi silahlar satır. Həmin silahlar da Azərbaycanın müdafiə mövqeyini gücləndirir. Fransanın Azərbaycanla birgə hərbi xarakterli məhsullar istehsal etmək perspektivi də yüksəkdir. Bununla bağlı iki ölkə arasında danışıqlar gedir. Fransa buna görə Ermənistandan icazə alası deyil. Azərbaycanın kosmosda olan peyklərindən biri Fransa tərəfindən bizə satılıb. Həmin peyk sayəsində Azərbaycan öz ərazilərinə tam nəzarət edə bilir. Bütün bunları deməkdə məqsədim ondan ibarətdir ki, nə Ermənistan, nə də erməni lobbisi Azərbaycanın Fransa ilə hərbi sahədə əməkdaşlığına mane ola bilməyəcək. Ermənilər güclü olsaydılar, bir neçə il əvvəl bütün bunların qabağını ala bilərdilər. O vaxt buna nail ola bilmədilərsə, indi də nəyəsə nail ola bilməyəcəklər. İndi silahla bağlı Azərbaycana nə lazımdırsa, Fransadan alacaq. Erməni faktoru Fransanın Azərbaycana silah satmasına maneçilik törədə bilməz. Mərhum prezident Heydər Əliyevin dövründən bizim Fransa ilə əlaqələrimiz yaxşı səviyyədədir. Ona görə də Naqdalyan olmur, kim olursa-olsun, buna gücü çatmayacaq”.
Vidadi ORDAHALLI