Bakının evsahibliyi ilə keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Ermənistanı ciddi şəkildə əndişələndirir. Bakı sessiyasından əvvəl ermənilər ciddi cəhdlə Azərbaycana qarşı qara piar kampaniyası aparır və iddia edirdilər ki, Azərbaycan UNESCO-nun belə nüfuzlu tədbirinə evsahibliyi edə bilməz. İşğal altında saxladıqları Azərbaycan ərazilərindəki tarix-mədəniyyət abidələrimizə qarşı törətdikləri vandalizm hərəkətlərindən utanmayan ermənilər ölkəmizə qarşı iftira ataraq Azərbaycanda “ermənilərə aid tarix-mədəniyyət abidələrinin dağıdıldığı”nı iddia edirdilər. Əlbəttə, bu, bir erməni saxtakarlığından başqa bir şey deyil.
43-cü sessiyanın davam etdiyi vaxtda indi də ermənilər başqa bir iftira ilə gündəmə gəlməyə çalışırlar. Ermənistanın Bakı sessiyasında təmsil olunmamasının səbəbi kimi onlar burada təhlükəsizlik probleminin olduğunu iddia edirlər. Guya ki, ermənilər sessiyada iştirak etmək üçün Bakıya gəlsəydilər, burada onları təhlükə gözləyərdi.
Məsələyə Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva da münasibət bildirib. O qeyd edib ki, UNESCO-nun Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında bəzi iştirakçılara Azərbaycan tərəfindən təhlükəsizlik zəmanətinin təmin edilməməsi mümkün deyil. Azərbaycanla UNESCO arasında imzalanan sazişə görə hər hansı istisna olmadan tədbirin bütün iştirakçılarının təhlükəsizlik zəmanəti ilə təmin edilməsi də daxil olmaqla, müvafiq təşkilati məsələlər öz əskini tapıb: “Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək niyyətində olan və Azərbaycan tərəfindən müvafiq təhlükəsizlik zəmanətini əldə edən UNESCO-nun bütün iştirakçı dövlətləri tədbirdə iştiraklarını təmin ediblər.
Ermənistan tərəfinin öz nümayəndələri üçün əlavə təhlükəsizlik zəmanəti tələb etməsi cəhdlərinə gəldikdə isə bu, Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil edilən növbəti beynəlxalq tədbirdə iştirakdan yayınmaq məqsədilə bu ölkənin siyasi qərarından başqa bir şey deyil. Əgər Ermənistan XİN-i hələ də Ümumdünya İrs Komitəsinin sessiyasının keçirilməsinin texniki qayda və prosedurları haqda məlumatlı deyilsə, o zaman onların bu kimi tədbirlərin bütün iştirakçılarına ümumi və universal zəmanətlərin verildiyi və ölkələrə ayrılıqda xüsusi qeyd-şərtlərin tətbiq edilmədiyini öyrənmək məqsədilə UNESCO Katibliyinə müraciət etmələri yaxşı olardı”.
Faiq Ələkbərli: “... onlar sessiyada öz ölkələrini ifşa edən yüzlərlə faktla, əsaslı tənqidlərlə üzləşəcəkdilər”
Ermənistanın Azərbaycandan təhlükəsizlik zəmanəti tələb etməsinə münasibət bildirən tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, ermənilərin bu iddia ilə çıxış etməsinin heç bir əsası yoxdur. Azərbaycanın, ümumiyyətlə, təhlükəli ölkə olmadığını deyən F.Ələkbərlinin sözlərinə görə, Ermənistanın Bakı sessiyasına qatılmamasının səbəbi tamamilə başqadır. “Ermənistan UNESCO-nun belə bir mötəbər tədbirini Azərbaycanın evsahibliyi ilə keçirməsini həzm edə bilmir. Bu da ondan irəli gəlir ki, Azərbaycan nəinki regional, eləcə də beynəlxalq səviyyəli müxtəlif tədbirlərin yüksək səviyyədə, tam təhlükəsizlik şəraitində keçirildiyi təhlükəsiz bir məkan kimi tanınır. Ermənistan isə tamamilə təhlükə içindədir, onun bir dövlət kimi həyata keçirdiyi məkrli siyasət bütün dünya üçün təhlükədir. Ermənistanın Bakı sessiyasına qatılmamasının başlıca səbəblərindən biri işğalçı dövlət kimi bir daha ifşa edilməsi qorxusudur. Çünki Ermənistan təmsilçiləri bura gəlsəydilər, onlar sessiyada onları ifşa edən yüzlərlə faktla, əsaslı tənqidlərlə üzləşəcəkdilər. Bu üzdən də tədbirə qatılmadılar və yalandan məlumatlar yaydılar ki, guya Azərbaycanda ermənilərlə bağlı təhlükəsizlik problemi var. Halbuki, Azərbaycanda erməniləri heç bir təhlükə gözləmir. İndiyə qədər Bakıda keçirilən beynəlxalq tədbirlərdə, idman yarışlarında ermənilər də iştirak ediblər, lakin onlar burada heç bir təhlükə ilə üzləşməyiblər. Sadəcə, beynəlxalq tədbirlərdə ermənilərin yalanları, saxtakarlıqları ifşa olunub. Saxtakarlıqda, məkrli siyasət aparmaqda mahir olan ermənilərin əməlləri bütün dünyaya məlumdur. Azərbaycan ermənilər üçün təhlükəli ölkə deyil. Ümumiyyətlə, Azərbaycan təhlükəsiz bir ölkədir və biz bunu dəfələrlə ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin, idman turnirlərinin, futbol çempionatlarının iştirakçılarından da eşitmişik. Bakı sessiyasında iştirak edən bütün qonaqlar, xarici ölkə nümayəndələri Azərbaycanın əmin-aman, təhlükəsiz bir ölkə olduğunu bəyan etdiyi bir halda, necə ola bilər ki, ermənilər ölkəmizi təhlükəli məkan kimi görürlər. Hesab edirəm ki, Ermənistanın ortaya atdığı son iftira da nəticə verməyəcək” - deyə F.Ələkbərli qeyd etdi.
İradə SARIYEVA