Tehran İrəvanla siyasi və iqtisadi sahələrdə münasibətləri inkişaf etdirməkdə əzmlidir. İRNA agentliyinin məlumatına görə, bu fikirləri İran Prezidenti Həsən Ruhani iyulun 3-də Tehranda Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanı qəbul edərkən bildirib.
İran Prezidenti iki ölkənin dostluğunu xüsusi vurğulayıb: "İran xalqı Ermənistanla hər zaman dost münasibətində olub və biz istəyirik ki, bu münasibətlər daha da möhkəmlənsin və inkişaf etsin”.
O qeyd edib ki, İran hər zaman öz qonşuları, əsasən də Ermənistanla yaxşı münasibətlər qurmağa çalışır. H.Ruhani birgə layihələrin reallaşmasının sürətləndirilməsinin və ikitərəfi münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb. O, Tehran və İrəvan arasında bank əməkdaşlığının möhkəmləndirilməsinin vacibliyini qeyd edib. Deyib ki, qarşılıqlı hesablaşmalarda milli valyutalara keçid əmtəə dövriyyəsinin artmasına səbəb olacaq.
H.Ruhani xatırladıb ki, iyunda İran parlamenti Avrasiya İqtisadi Birliyi ilə azad ticarət zonası haqda sazişi ratifikasiya edib. Bu, İranın Avrasiya ölkələri ilə əməkdaşlığı genişləndirməsi üçün yaxşı imkanlar yaradır.
İranın Ermənistana bu qədər önəm verməsi heç cür anlaşılan deyil. Ard-arda rəsmi Tehranın İrana yönəlik reveranslar etməsi müəyyən sualların yaranmasına şərait yaradır. Niyə məhz qonşulardan əsasən Ermənistanla? Ermənistanın hansı önəmi var ki, İran bu qədər önəm verir?
Məhəmməd Əsədullazadə: “Ermənistanın müstəqil iqtisadiyyatı olmadığı üçün, onun İranla əməkdaşlıq perspektivləri yoxdur”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Ermənistan-İran münasibətləri əsasən siyasi cəhətdən yüksək səviyyədədir. Hər iki tərəf çox çalışır ki, bunu iqtisadi müstəvidə yüksək səviyyəyə qaldırsın, amma bu mümkün olmur. Ona görə ki, İrana qarşı hazırkı sanksiyalar bu ölkəni defolt vəziyyətinə gətirib. Həmçinin, Ermənistanın müstəqil iqtisadiyyatı olmadığı üçün, onun İranla əməkdaşlıq perspektivləri yoxdur. Bir nüansa diqqət çəkmək lazımdır ki, İran məhz Azərbaycana təzyiq rıçaqları əldə etmək üçün Ermənistanla bu qədər yaxın əlaqələr saxlayır. Hesab edirəm ki, Tehran rejimi haçansa mütləq şəkildə bu yanlış siyasətdən əl çəkəcək. Baxın, İran yalnız Azərbaycanla ciddi iqtisadi layihələrə imza atıb. Ermənistan onlara nə verib? Heç nə. Heç bir şey verə də bilməz. İran Prezidenti Həsən Ruhaninin bu açıqlaması, təbii ki, işğalçı ölkəyə dəstəkdir. İran neçə ildir işğalçıya verdiyi dəstəkdən geri çəkilmir. İran konstruktiv siyasət aparsa, yalnız o zaman regionda öz mövqeyini gücləndirə bilər. İranın aqressiv siyasəti nəticəsində bu gün ona qarşı sanksiyalar tətbiq edilib. Hətta Ermənistan da bu sanksiyalara qoşulmağa hazırdır. Ancaq Azərbaycan dəfələrlə bu sanksiyalara qoşulmayacağını bəyan edib. Belə olan təqdirdə, Tehranın bu davranışları Azərbaycan tərəfindən mənfi qəbul edilir. Nə qədər ki, İran regionda bu kimi siyasət aparacaq, ona qarşı sanksiyalar davam edəcək. Məhz indi İran ətrafında yaranan gərginlik də rəsmi Tehranın bu kimi siyasətinin nəticəsidir. Hesab edirəm ki, mütləq şəkildə Tehran rejimi konstruktiv siyasət ortaya qoymalı və Azərbaycanla səmimi əlaqələri inkişaf etdirməlidir”.
Vidadi ORDAHALLI