Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarını dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımız strateji tərəfdaşlıq xarakteri daşıyır.
Biz beynəlxalq təhlükəsizliyin təmin edilməsi, terrorizmə qarşı mübarizə məsələlərində çoxtərəfli qaydada fəaliyyətimizi bundan sonra da qətiyyətlə davam etdirmək əzmindəyik. Təşəbbüsçüsü olduğumuz və müvəffəqiyyətlə gerçəkləşdirdiyimiz “Cənub Qaz Dəhlizi” layihəsi isə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfədir. Enerji mənbələrinin və nəqlinin şaxələndirilməsinə xidmət edən layihələrimizin Birləşmiş Ştatlar tərəfindən dəstəklənməsi bizim üçün çox əhəmiyyətlidir.
Bütün bunlarla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmaması xalqımızın qarşılaşdığı ən ağrılı problem olaraq qalmaqdadır. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olunmuş, bir milyondan çox soydaşımız doğma yurd-yuvasından didərgin düşmüşdür. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə, Helsinki Yekun Aktının müddəalarına əsasən ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli şəkildə həll olunmalıdır. Biz bu işdə ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın ardıcıl və qətiyyətli mövqeyinə və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına daim sülh və rifah diləyirəm".
Göründüyü kimi, İlham Əliyevin ünvanladığı məktubun məzmununun böyük bir hissəsi Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ABŞ-ın fəallığını artırmaq istəyi ilə bağlıdır. İlham Əliyevin məktubda toxunduğu məqamlar ABŞ rəhbərinin Dağlıq Qarabağ problemi və onun həlli ilə bağlı təsəvvürlərini daha da konkretləşdirən yeni addım kimi nə dərəcədə əhəmiyyətlidir?
Nəzakət Məmmədova: “Prezident Əliyev haqlı olaraq Trampa məktubunda bu məsələni təfsilatı ilə qeyd etməklə...”
Politoloq Nəzakət Məmmədova qəzetimizə açıqlamasında bildirdi ki, hər iki ölkə başçısının mütəmadi şəkildə, əlamətdar günlərlə bağlı bir-birinə məktub göndərdiyinin şahidi oluruq: “Xüsusilə də son dövrlərdə Prezident Tramp və Prezident Əliyevin müəyyən əlamətdar hadisələr münasibətilə bir-birinə göndərdikləri təbrik məktublarında Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət yetirilməsini müşahidə edirik. Eləcə də ABŞ Prezidentinin münaqişənin digər tərəfi olan Ermənistan rəhbərliyinə olan məktublarında da münaqişənin həllində onlardan fəallıq gözlənildiyinə aşkar mətnlə münasibət bildirildiyinə şahid olmuşuq. Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ Qarabağ məsələsinə daha fəal, təşəbbüskar yanaşmağa başlayıb. Onun milli təhlükəsizlik müşaviri Boltonun regiona səfəri, Vaşinqtonda iki ölkə XİN rəhbərlərinin görüşü və s. bunu sübut edir. Ola bilsin ki, bu, Rusiya və İranla ABŞ arasındakı ziddiyyətlərdən qaynaqlanır. Hər iki region ölkəsinə sanksiyalar tətbiq edən Tramp administrasiyası onların ortasında yerləşən münaqişənin həllində təşəbbüskarlığı ələ almaqla, Rusiya-İran geosiyasi xəttini parçalamaq istəyir. Prezident Əliyev haqlı olaraq Trampa məktubunda bu məsələni təfsilatı ilə qeyd etməklə, fövqəldövlətin başçısından onun ölkəsinin Minsk Qrupu həmsədri kimi məsuliyyətini xatırlatmaqla yanaşı, ABŞ-dan davamlı, ardıcıl, məqsədyönlü addımlar atılması vaxtının çoxdan gəldiyini vurğulamaq məqsədi daşıyır. Çünki münaqişənin həlli artıq çox uzanır. Bunun üçün də dünyanın fövqəldövlətləri məsuliyyəti tərəflərin üzərinə bərabər şəkildə yükləməkdən uzaqlaşıb, daha konkret addımlar atmalıdırlar. Biz ABŞ və digər ölkələrdən bu mövqeni istəyirik. Beynəlxalq qanunlar və qəbul edilmiş sənədlər əsasında Ermənistanın qarşısına işğaldan əl çəkmək öhdəliyi qoyulmalıdır. Əməl etməyəcəyi təqdirdə isə onunla daha sərt metodlarla rəftar olunmalıdır. Bu baxımdan da İlham Əliyevin problemi yenidən ABŞ rəhbərinin diqqətinə çatdırması lap yerinə düşüb”.
Məhəmmədəli QƏRİBLİ