ADP sədri Sərdar Cəlaloğlu yazıb ki, Fuad Abbasovu Rusiya deportasiya edir, amma Azərbaycanın qəzet redaktorları Rusiyaya gediblər. Onun Azərbaycanın KİV redaktorlarının Rusiya səfərinə bu cür yanaşması redaktorların səfərinə kölgə salmaq üçün uğursuz cəhddir. Eyni zamanda, yersiz xırdaçılıqdan başqa bir şey deyil.
KİVDF-nin təşkilatçılığı ilə respublikanın aparıcı KİV təmsilçilərinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfəri, orada Rusiyanın dövlət qurumları, jurnalist təşkilatları və aparıcı KİV-lərin redaksiyalarında keçirdikləri görüşlər Azərbaycanın maraqlarının qorunmasını və gücləndirilməsini özündə ehtiva edir. Sərdar Cəlaloğlu kimi hansısa məsələlərə cılız prizmadan yanaşılsa, o zaman gərək Azərbaycan heç bir iş görməsin. Rusiyanın media qurumları ilə, ümumiyyətlə, heç bir təmas qurulmasın. Sanki bu cür “metodlarla” nəyəsə nail olmaq mümkündür. Bütövlükdə, belə bir yanaşmanı siyasətdən uzaq olan sadə bir vətəndaş sərgiləsəydi, bəlkə də bu qədər təəccüblü görünməzdi. Ancaq partiya sədri olan bir şəxsin bu qədər bəsit prizmadan çıxış etməsi olduqca gülünc mənzərədir.
Azər Həsrət: “Bütün bunlar onu deməyə əsas vermir ki, Azərbaycan KİV redaktorları Rusiyaya səfər etməməlidirlər”
Bir sözlə, Fuad nə böyük fiqurdur ki, bu qədır media rəhbəri onun üstündə hansısa oyunu qursun? Məsələyə münasibət bildirən media eksperti Azər Həsrətin sözlərinə görə, onun bu cür yanaşma ortaya qoyması təəccüblüdür: “Onun bu cür yanaşmasından təəccüblənirəm. Ona görə ki, dəxli olmayan bir məsələdir. Düzdür, Fuad Abbasov məsələsinə Azərbaycan mediası, ictimai rəyi həssas yanaşdı. Eyni zamanda, Moskvaya səfər edən redaktorlarımız da bu məsələdə həssaslıq nümayiş etdirdilər. Bütün bunlarla yanaşı, Azərbaycan KİV redaktorlarının Moskvaya səfər etməsini Fuadla əlaqələndirmək anlaşılmaz bir şeydir. Nəzərə almaq lazımdır ki, Rusiya böyük dövlətdir. Azərbaycanla istənilən halda münasibətləri var və olacaq. İki ölkə arasında münasibətlərin müxtəlif səviyyələrdə inkişaf etdirilməsi bundan sonra da davam etməlidir. Təbii ki, bəzən hansısa anlaşılmazlıqlar, qanun pozuntuları da olur. Azərbaycanlılara qarşı arzuolunmaz münasibətlərin də şahidi oluruq. Ancaq bütün bunlar onu deməyə əsas vermir ki, Azərbaycan KİV redaktorları Rusiyaya səfər etməməlidir. Yaxud da məhz Fuad Abbasova görə səfər etməməlidir. Ona görə də belə yanaşma anlaşılmazdır və mən bunu təəccüblə qarşılayıram. Məsələyə bu cür baxmaq uyğunsuz və uğursuz yanaşmadır. O üzdən, məsələləri bu cür əlaqələndirməkdə Sərdar bəyə haqq qazandırmıram”.
Vidadi ORDAHALLI