UNESCO Dağlıq Qarabağdakı tarixi abidələrlə bağlı daha ciddi addımların atılmasına hazır olduğunu bildirib. Bunu “Trend”ə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib: "Biz Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində olan mədəni irs nümunələri ilə bağlı məsələni ciddi şəkildə UNESCO-nun bütün üzvlərinin qarşısında qoyuruq, onları məlumatlandırırıq. Artıq UNESCO-nun Baş direktoru Odre Azule Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakıda olarkən həm cənab Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşlərində bu məsələ qaldırılıb. UNESCO Dağlıq Qarabağdakı tarixi abidələrlə bağlı daha ciddi addımların atılmasına hazır olduğunu bildirib və bu iş UNESCO ilə bizim diplomatlar arasında müzakirə olunacaq".
Ə.Qarayev əlavə edib ki, bu sadə proses deyil: "Amma əsas odur ki, Azərbaycan reallığı və işğal altında olan torpaqlarımızda mədəni sərvətlərimizin vəziyyətinin bizi narahat etməsi onlara tam aydın oldu. Biz UNESCO-nun fəal üzvlərindən biri olduğumuz üçün təşkilat bu vəziyyətə biganə yanaşa bilməz. Ümidvarıq ki, sessiya uğurla başa çatandan sonra növbəti bir neçə ay ərzində də müzakirələri davam etdirəcəyik".
Qeyd edək ki, 43-cü sessiyaya xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, ümumilikdə 180-dək ölkədən 2500-dən çox iştirakçı qatılıb.