İyunun 25-30-da Moskvaətrafı Kubinka qəsəbəsində keçirilən "Ordu" beynəlxalq hərbi-texniki forumunda Ermənistan İranla birgə istehsal edilən “Naim-802” radiolokasiya stansiyasını (RLS) nümayiş etdirib. RLS-dən uçan hədəflərin məsafədən aşkarlanması, hədəfi məhv etmək üçün koordinatların verilməsi üçün istifadə olunur. “Naim-802” İrəvan Rabitə Vasitələri Elmi-Tədqiqat İnstitutunda (ERNISS) hazırlanıb.
"Regnum" agentliyi bildirib ki, mobil RLS-lər yaxınlıqdakı ekipaj olmadan sutkada 24 saat fəaliyyət göstərə bilər: “Bu, Ermənistan və Dağlıq Qarabağın üzərində hərtərəfli radiolokasiya sahəsinin yaradılmasına imkan verir. Ayrıca qeyd etmək lazımdır ki, RLS elektronika anten postundan uzaqdadır və radiolokasiya əleyhinə raketlərin tətbiqi halında hərbçilərin məğlubiyyət risqini praktik olaraq istisna edir. Bununla yanaşı, zərbəyə kompleksin ən ucuz hissəsi məruz qalır ki, onu tez bir zamanda əvəz etmək mümkündür”.
O da məlum olub ki, 2016-cı ilin aprelində erməni ordusunun məğlubiyyətindən sonra İran-Ermənistan hərbi-texniki əməkdaşlığı möhkəmlənib. 2016-cı il mayın 24-25-də Tehranda Ermənistanın o zamankı müdafiə nazirinin müavini David Tonoyanın iranlı həmkarı Firuz Məsihpur, həmçinin, ökənin müdafiə idarəsinin rəhbəri Hüseyn Dehqani ilə görüşü olub. Ermənistan nümayəndə heyəti Malik Aştar Elm və Texnologiya Universitetini ziyarət edib.
Tərəflər hərbi əməkdaşlığın gündəliyini razılaşdırıblar və bu kontekstdə tədbirləri planlaşdırıblar. İyun ayında Maddi-Texniki Təminat Departamentinin rəisi Movses Akopyan başda olmaqla Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti İrana səfər edib. Erməni nümayəndələr İran Müdafiə Nazirliyinin himayəsi altında fəaliyyət göstərən ETKA şirkətinin zavodlarına və mağazalarına baş çəkiblər, şirkətin icraçı direktoru Mehdi Kərbəla ilə görüşüblər. Nümayəndə heyəti ETKA məhsulları ilə tanış olub, həmçinin, İİR Müdafiə Nazirliyinin rəhbəri ilə növbəti görüş keçiriblər. Səfərin yekunları ilə bağlı anlaşma memorandumu imzalanıb, eləcə də bəzi razılaşmalar əldə olunub, lakin razılaşmaların mahiyyəti açıqlanmır.
Bütün bu deyilənlərlə yanaşı, İranın Ermənistanla birlikdə hərbi xarakterli qurğular istehsal etməsi nə deməkdir? Ekspertlər buna necə yanaşırlar?
İbrahim Rüstəmli: “İran bunu nəzərə alsaydı, Ermənistanla birgə RLS istehsal etməzdi”
Məsələyə münasibət bildirən ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli İranın Ermənistanla birgə silah istehsal etməsinə mənfi prizmadan yanaşdı: “Biz Qarabağ məsələsində İranın bizim üçün heç də əhəmiyyətli olmayan mövqeyini görmüşük. Bu gün də İran öz siyasi maraqlarını təmin etmək məqsədilə Ermənistanla kifayət qədər geniş əlaqələr qurub. Onların nəinki iqtisadi-ticarət sahəsində, həm də hərbi sahədə geniş əlaqələri var. Burada Azərbaycan amili, Qarabağ məsələsi, demək olar, nəzərə alınmır. İran bunu nəzərə alsaydı, Ermənistanla birgə RLS istehsal etməzdi. Ona görə də buna çox mənfi prizmadan yanaşıram. İranın Qarabağ məsələsində mövqeyi də bizə aydındır. Bu mövqe də Azərbaycana ümidverici heç nə vəd etmir. Çünki İran Azərbaycanı güclü dövlət kimi görmək istəmir. Baxmayaraq ki, İranda 30 milyon soydaşımız yaşayır, ölkə hakimiyyəti Ermənistanla əlaqələrdə bunu nəzərə almır. Bu da əlbəttə ki, təəssüf doğurur. Bütün bunlar Azərbaycan üçün arzuedilən deyil”.
Vidadi ORDAHALLI