Bu gün regionda hökm sürən geosiyasi vəziyyət işğalçı Ermənistanın daha ağır duruma düşdüyünü üzə çıxarır. Rusiyanın, İranın, Qərb ölkələrinin, hətta Gürcüstanın belə Ermənistandan üz döndərməsi işğalçı ölkənin regionda onsuz da zəif olan mövqeyini daha kövrək hala gətirir. Ermənistanda açıq şəkildə vurğulanır ki, hadisələr bu səpkidə inkişaf edərsə, İrəvanın indiki Dağlıq Qarabağ siyasətini davam etdirməsi sadəcə mümkünsüzdür.
Hazırda işğalçı ölkədə ciddi narahatlıq predmetinə çevrilən əsas məqamlardan biri Rusiya ilə sürətlə pisləşən münasibətlərdir. Burada hesab edilir ki, indiki vəziyyətdə Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın yanında yer alma ehtimalı getdikcə artır və bu da İrəvan üçün çox ciddi siqnaldır. Ermənistanın xarici siyasətində Rusiya ilə bağlı atdığı yanlış addımlar da bu prosesə əlavə təkan verir. Məsələ ilə bağlı Rusiyanın “rosbalt.ru” portalı yazır: “Rusiyanın xarici siyasətində – xüsusən sovetsonrası, ayrıca da Qafqaz yönündə – baş verən hadisələr açıqca anlaşılmazlıq doğurur. Buna örnək çoxdur, amma biz burada, görünür, hər şeyin artıq baş-ayaq olduğu Rusiya-Ermənistan münasibətlərinin üzərində duracağıq. Moskva ya Ermənistanın siyasi gerçəkliklərindən tam qopub, ya da özünü sadəlövh göstərərək İrəvana “çubuq cəzası” hazırlayır – məsələn, Qarabağ zəminində. Ötən həftə ideyaca Rusiyanı şəkləndirməli və düşüncəyə aparmalı olan iki önəmli hadisə baş verib: Ermənistanın yeni hökuməti ilə Ruisya gerçək müttəfiqdirmi? Görünür, Rusiyanın siyasi isteblişmenti indi Qafqazın başqa bir qaynar nöqtəsilə – “rusa nifrət edən” Gürcüstanla, daha doğrusu, onu cəzalandırmağa yeni yollar axtarışı ilə elə məşğuldur ki, Ermənistanda baş verənləri “görməyib”. Yəni Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiyaya səs hüququnu məhdudlaşmadan bu təşkilata qayıtmaq imkanı verən sanksiya mexanizmini dəyişmək haqda qətnamə qəbul edib. Qətnamənin lehinə 118, əleyhinə 62 deputat səs verib, 10 nəfər bitərəf qalıb.
Həm də Rusiyanın tam tərkibdə AŞPA-ya qayıdışını 11 ölkə, əsasən “xalis” Avropa ölkələri həmrəyliklə dəstəkləyib. Amma bax, baş nazir Nikol Paşinyanın sözlərinə görə “Rusiya ilə parlaq münasibətləri” olan “müttəfiq” Ermənistan öz havadarını aldadıb, hərçənd bu, Rusiyanın taleyini həll etmirdi. Yəni Ermənistan heyəti AŞPA-da parçalanıb: Ermənistanın şərti müxalifət partiyalarından iki deputat Rusiyanın qayıdışına, Paşinyanın hakim “Mənim addımım” partiyasından ikisi isə əks yöndə səs verib. Deməli, Ermənistan parlamentinin xarici əlaqələr üzrə komissiya sədri Ruben Rubinyan qətnamənin qəbuluna qarşı səs verib, həmkarı Ohanes İgityan isə səsverməyə ümumiyyətlə qatılmayıb. O heç bir siyahıda – “lehinə”, “əleyhinə” səs verənlər və səs saxlayanlar – yoxdur. Düzdür, bu artıq gözə ciddi dəyərkən Rubinyan bildirib ki, “lehinə” səs verib və “texniki yanlışlıq” olub. Bəs onda İgityanla bağlı necə, onunla da bağlı “texniki yanlışlıq” baş verib?
Aydınlaşdığı kimi, bu, Rusiya-Ermənistan münasibətlərində sonuncu deyil. Çünki Apellyasiya Məhkəməsi AŞPA-dakı hadisələrlə, demək olar, eyni zamanda Kremlin ən yaxın silahdaşı, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı təkrar həbs etmək qərarı verib. Yəni birinci instansiya məhkəməsinin onun işi üzrə icraatı dayandırmaq və Konstitusiya Məhkəməsinə göndərmək üzrə qərarı ləğv olunub. Yada salaq ki, Köçəryanı konstitusiya quruluşunu devirməkdə ittiham edirlər. İşdə habelə keçmiş müdafiə naziri Seyran Ohanyan, Baş Qərargahın keçmiş rəisi, sonradan KTMT baş katibi postunu tutan Yuri Xaçaturov və baş nazirin keçmiş birinci müavini Armen Gevorkyanın da adları keçir. Rusiya hökuməti Köçəryan və Xaçaturovun həbsilə bağlı qəzəbini gizlətməyib. Sonuncu ilə bağlı əhvalat isə bloka ümumiyyətlə ciddi nüfuz itkisi gətirib.
Moskvanın öz silahdaşı Köçəryanı unutmamasından bu fakt “danışır” ki, o, bir daha həbs edilməzdən az əvvəl Rusiyanın Ermənistan səfiri Sergey Kopırkinlə görüşüb və bu, Ermənistanda böyük səs-küy doğurub. Rusiya səfiri hətta keçmiş prezidentlə görüşdən sonra Ermənistan Konstitusiya məhkəməsinin sədri ilə təmasda olub: onların söhbətinin mövzusu, çətin ki, hansısa şübhəyə yer qoysun. Amma hamısı hədərmiş. Ermənistan xarici işlər nazirinin müavini Qriqor Ovannisyan bildirib ki, Kopırkin Köçəryanla görüşməklə diplomatik protokol və normalar çərçivəsində heç nəyi pozmayıb. Bununla belə, səfiri “izahat üçün” XİN-ə dəvət ediblər. Ermənistan mətbuatı isə “haray salıb”: “Lragir” xüsusən hiddətlənir ki, keçmiş prezidentin səfirlə görüşü təkbətək keçib.
Diplomatı XİN-ə isə, aydındır ki, Ermənistanın “daxili işlərinə qarışmaq”la bağlı çağırıblar. Və ümumiyyətlə, “Lragir” yazır: “Rusiya Ermənistanda məğlubiyyətə oynayır – bilə-bilə və nümayişkaranə, … daha doğrusu, Robert Köçəryanın öz müdafiəsini qurmağa çalışdığı Rusiyanın Ermənistandakı nüfuzunun ənənəvi qavramı məğlub olur. Və bu, ”Sankt-Peterburqda Paşinyan-Putin görüşündən sonra baş verir”. Və xülasə kimi: “Robert Köçəryanın üzərinə, demək olar, tarixi missiya qoyulur – Rusiyanın Ermənistandakı “ənənəvi” nüfuzunun məğlubiyyətini ifadə edir”. Rusiya isə “dilemma qarşısında qalıb: ya Ermənistanın suverenliyi üzərindən özünün bölgəsəl rolunu yenidən mənalandırmaq, ya da bölgədə nüfuzu tam itirmək”. Amma görünür, Moskva özünü elə göstərir ki, guya “yenidən mənalandırma” yolu ilə gedir. Hər halda, AŞPA-da “texniki qüsur”dan sonra aşkar qalmaqal qurmayıb ki, bunun ona çox da xas olmadığı xüsusi qeyd olunmalıdır. “Dəhşətli heç nə baş verməyib, – RF XİN rəsmi təmsilçisinin müavini Artyom Kojin deyib. – Anladığımız qədər və deputatın özünün şərhindən çıxış etsək, o, sadəcə, səsvermə zamanı düymələri qarışıq salıb. Əslində o “lehinə” səs verib. Bu sadəcə, texniki ziyandır”.
Nə olar ki, diplomatik “sadəlövhlüyün” arxasında uduşlu bölgü durursa, böyük günah deyil. Amma bax, uğursuzluqdur: Ermənistanın yeni hakimiyyətinin bir növ ruporu olan sözügedən nəşr yazır ki, Ermənistan Rusiyadan milli iqtisadiyyatın “açarlarını” qaytarmağı tələb edir. Və “ağlasığmaz sərvəti olan” Köçəryanı da bu açarları Moskvaya verməkdə ittiham edir. Dedi-qodulara görə, “açarlar” isə Ermənistan iqtisadiyyatının, demək olar, yarısını “açır”. Belə ki, keçmiş prezidentə daha bir ittiham elan edilərsə, təəccüblü heç nə olmayacaq. “Lragir” yazır: “Məsələ hətta təkcə pulda və konkret aktivlərdə də deyil, bundadır ki, Köçəryan bu aktivlərə-açarlara malikdir və bu açarlar Rusiyada saxlanır. Ermənistanın infrastrukturları, yer təkinin çoxu Rusiyanın dövlət korporasiyalarına verildiyindən vizual danışmaq olar, amma bu, aysberqin yalnız zirvəsidir – əslində, Moskva Ermənistan iqtisadiyyatı üzrə qərar alınan yer olub. Və indi açarlara sahib olmadan iqtisadi islahatları, xüsusən də inqilabı həyata keçirmək çətindir. Çoxları Köçəryanın həbsi və cinayət təqibini Ermənistanın yeni hakimiyyətinin iqtisadiyyatın açarlarını geri almaqda təbii niyyətə bağlayır. Ola bilsin, Rusiya bu açarları saxlamağın əvəzində Köçəryanı təhvil verməyə razıdır, amma bu açarlarsız Köçəryan Ermənistanda heç kimə gərək deyil”.
Dəqiqləşdirmək üçün: söhbət Rusiyanın dövlət korporasiyalarındakı səhmlərdən, “Qazprom”un icazəsi olmadan Ermənistanın İrandan qaz ala bilməyəcəyi haqda onlara açıq və gizli əlavələrdən, Ermənistanın rabitə sahəsinin Rusiya şirkətlərinə verilməsindən, “hətta İrəvanda sputnik stansiyasının sökülməsindən” gedir. Ermənistan AİB-ə girdikdən sonra isə özünün gömrükxana gəlirlərinə nəzarət edə bilmir. Bir sözlə,“Ermənistan indi açarları geri istəyir”. Ermənistanın baş prokuroru Artur Davtyan Rusiya səfiri Kopırkinlə görüşdə qanunsuz əldə edilmiş əmlakın müsadirəsi üçün işin və Ermənistandan aparılmış aktivləri qaytarmaqda institusional mexanizmlərin önəmini də vurğulayıb. Baş prokuror bildirib ki, respublikadan qanunsuz çıxarılmış aktivləri qaytarmaq probleminin həlli və Ermənistanın və başqa ölkələrin məhkəmə qərarlarını qarşılıqlı tanımaq üçün tədbirlər görüləcək.
İndi söz Rusiyanındır. Burada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təzyiq işə düşə bilər. Moskva görür ki, Ermənistanın indiki hökuməti Qərbin ona daha əziz olduğunu sirrə çevirmir. Kreml Paşinyanı və komandasını siyasi və ideoloji uzunömürlü saymır. Burada nəzərə alınmalıdır ki, Ermənistana güzəştli kreditlə və daxili qiymətlərlə silah satan Rusiya ilə hərbi-texniki əməkdaşlığın inkişafı, xüsusən də İrəvan üçün həyat önəmlidir, çünki başqa tərəfdaşlar yoxdur. Rusiya bundan imtina etsə, Ermənistan daha acınacaqlı vəziyyətə düşəcək.
Bundan savayı, Rusiya və Ermənistan Cənubi Qafqazda təhlükəsizliyi təmin etmək üçün birləşmiş qruplaşma yaradıb. Buna əlavə edək ki, Ermənistan ərazisindəki Gümrüdə Rusiyanın hərbi bazası mənzillənib – hesab edildiyi kimi, xarici təhlükələri dəf etmək üçün. Amma qeyd edək ki, Ermənistan qəti olaraq qeyri-məqbul yer olmayınca Cənubi Qafqazda möhkəmlənmək Rusiya üçün son dərəcə önəmlidir – burada yenə də Moskvanın respublikada siyasi durumu geri döndərməyə oynamaq hesabı var.
Bu, məsələnin zahiri tərəfidir və yetərincə etibarsızdır, çünki Ermənistan Rusiyadan ala biləcəyi hər şeyi almaq və əvəzində heç nə verməmək istəyir ki, AŞPA-dakı səsvermə bunu göstərib. Bu isə, yumşaq deyilsə, Ermənistanın xarici gündəminin ikiliyini sərgiləyib: bir növ, guya “Rusiyaya qarşı deyilik”, amma eyni zamanda Qərbə göstəririk ki, potensialca “onlarlayıq”.
Bəs burada müttəfiqlik münasibətləri haradadır? Doğrusu, Moskva üçün bu daha çox Bakı ilə formalaşır –Azərbaycan nümayəndə heyəti elliklə Rusiyanın AŞPA-ya qayıtmasına səs verib və düymələri qarışıq salmayıb. Belə ki, Paşinyan hakimiyyətdə qalarsa, istisna deyil ki, Rusiya elə həmin Qarabağ və silah tədarükü məsələsində Ermənistandan aralanacaq ki, bu da Azərbaycanın işinə yarayır. Bir də Köçəryanın həbsi də İrəvanı möhkəm korlaya bilər – hər halda, Ermənistanın qəzəbə gəlmiş keçmiş prezidentini doğum günü münasibətilə “Putinin özü” təbrik edib ki, bu da Ermənistan hökuməti üçün müəyyən “siqnal” rolunu oynamalıdır. Amma oynamayıb. Əlbəttə, bir məzəli durum olmasaydı, burada “ədalət məhkəməsinin qələbəsi”ndən də danışmaq olardı: Köçəryan özü respublikanın seçilmiş prezidenti ola-ola “konstitusiya quruluşu”nu necə devirə bilərdi?
Doğrusu, buradan vendetta iyi gəlmirmi? Çünki Köçəryanın Ermənistan başçısı seçilməsnə qarşı 1 mart etiraz aksiyaları dağıdılarkən Paşinyan iğtişaşlar təşkil etmək ittihamı ilə həbs olunub – onu yeddi il müddətinə azadlıqdan məhrum ediblər, amma 2011-ci ildə əfv olunub. Artıq bir ildən sonra parlamentin deputatı, altı il sonra isə baş nazir olub. Və Köçəryana qarşı əlüstü cinayət işi qaldırılıb. Nə daha çoxdur – bayağı qisas, cinayət tərkibi, yoxsa “Rusiyayönlü siysətçi”ni, hələ bir də “Putinin şəxsi dostu”nu (bu isə Ermənistanın “müstəqilliyini” təsdiq etmək baxımından xüsusən “xoşdur”) ölkənin siyasi həyatına qatılmaqdan təcrid etmək istəyi? ”. Sonda portal yazır ki, baş verənlər bir çox istiqamətlərdə, o cümlədən Qarabağ məsələsində İrəvana baha başa gələcək.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.