Qarabağ separatçıları ilə Ermənistanda mövcud hakimiyyət arasında artan gərginliyin artıq təhlükəli mərhəlyə keçməsi düşmən ölkənin özündə də açıq şəkildə etiraf olunmaqdadır. Burada məsələnin daha bir maraq doğuran tərəfi odur ki, bir vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlməsinə yardım edən qüvvələr də sıradan çıxarılır. Paşinyan mütləq mənada yeganə hakim qüvvə olmağı düşünür və inqilabda ona yardım edənləri də sıradan çıxarır. “Yerkrapah” hərbi təşkilatı ətrafında baş verənlər bunun real təsdiqidir. Məhz bu durumda “Qarabağ klanı” “Yerkrapah”ı öz sıralarına cəlb edərək onunla Paşinyana qarşı birləşməyi düşünür.
Erməni mediası yazır ki, hadisələr bu səpkidə inkişaf edərsə, İrəvanda növbəti hakimiyyət dəyişiklyii qan tökülməsi hesabına baş verəcək. Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində gələn il keçiriləcək “prezident seçkiləri”nə az qalmış isə tərəflər arasında qarşıdurmanın daha qanlı mərhələyə keçməsi gözlənir. Xatırladaq ki, separatçı rejimi nəzarət altına almaq üçün Nikol Paşinyan Dağlıq Qarabağ bölgəsində gələn il keçiriləcək “prezident seçkilərində” general Movses Akopyanın namizədliyini dəstəkləməyə hazırlaşır. Hazırda Ermənistanın baş hərbi müfəttişi olan Akopyan həmin “seçkilərdə” şəxsən Paşinyanın namizədi ola bilər. Movses Akopyan Dağlıq Qarabağda “müdafiə naziri” olub, daha sonra Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi təyin edilmişdi. 2016-cı ilin aprel müharibəsindən sonra Akopyan da Müdafiə Nazirliyinin rəhbərliyində yer alan bir sıra generallarla birlikdə vəzifəsini itirdi. Prezident Serj Sarkisyan onu baş qərargah rəisi vəzifəsindən uzaqlaşdırıb baş hərbi müfəttiş təyin etdi. Son vaxtlar Paşinyanla Qarabağdakı rejim arasında ciddi ixtilaf yaşanır və belə məlumatlar var ki, qarabağlı generallar və keçmiş səhra komandirləri onu hakimiyyətdən uzaqlaşdırmağa and içiblər. İndi onlar bu məsələdə “Yerkrapah” hərbi təşkilatından da faydalanmağı düşünür.
Hələ məlum inqilab zamanı Nikol Paşinyan Sasun Mikaelyanı “Yerkrapah”ın sədri seçərək təşkilatı ələ keçirə bildi. Bu onu göstərirdi ki, Paşiynan öz hakimiyyətini qorumaq üçün yaranan problemlərin həllində köhnə hakimiyyətin əl atdığı üsullardan istfiadə etməyi düşünür. Belə ki, Köçəryan və Sarkisyan hakimiyyətinin Ermənistanda legitimliyi yox idi, buna görə də hakimiyyəti qorumaq məqsədilə siyasi rəqiblərini susdurmaq üçün qeyri-leqal güc strukturu olan “Yerkrapah”ın xidmətlərindən istifadə olunurdu. Təşkilat hakimiyyətə qarşı olanları qətlə yetirir və müxtəlif yollarla susdururdu. Bunu nəzərə alan Paşinyan Sasun Mikaelyanı quruma təyin edərək ona nəzarəti ələ keçirdi. Amma indi bəlli olur ki, "Yerkrapah"ın sədri Sasun Mikayelyan və Nikol Paşinyan arasında münasibətlər getdikcə gərginləşir. Ermənistanın “İrates” nəşri yazır: “Məlumdur ki, Paşinyanın rəhbəri olduğu “Siyasi Müqavilə” partiyasında daxili fermentasiyalar və bölünmələr gerçəkdir. Sasun Mikayelyan bölünmələr haqqında danışıb. Cəmi bir il bundan əvvəl partiyanın idarə heyətinin sədri və təsisçisi olan Mikayelyan bu dəfə onun tərkibində yer almayıb. Mikayelyan partiyanı tərk etdiyi üçün kifayət qədər diqqətli müşahidə aparıb. O, Nikol Paşinyana eyham vurur ki, idarə sədri olduğu vaxt siyasi qələbə qazanıb, indi isə inqilabdan dərs çıxarmaq lazımdır, əks təqdirdə inqilab “məxməri uzaqlığa” çevriləcək. Bu, hər hansı bir yolla təhlükə kimi səslənir və sübut edir ki, Mikayelyanın tərəfdarları hakimiyyətin siyasətindən narazıdır. Onlar dərs çıxarılmasını tələb edirlər, lakin görünür, onları eşidən yoxdur. Daha bir diqqət yetirilməli məqam isə Mikayelyan və Paşinyanın “başının eyni qazanda qaynaya” bilməyəcəyidir. Yəni “iki qoçun başı, bir qazanda qaynamaz”. Paşinyan belə bir bəyanat verib: “Hüquq-mühafizə sisteminin ən əhəmiyyətli tapşırığı sözün məcazi mənasında keçmiş qarşısında qırmızı işığın yandırılması, gələcək qarşısında yaşıl işığın yandırılması və hüquqi gələcəyə çatmağın təmin edilməsdir”. Mikayelyan isə ona bu cür cavab verib: “Bu illərdə sistem formalaşdırılıb və bəzi insanlar var ki, bu sistemə məruz qalıb, onlar normal qalıblar, işləyiblər. İndi biz adamı dəyişməyə gəlmişik, yoxsa insanları? Anlayırsınız? Gəlin hamımız insanların bu formada hansı təzyiq və maneələr altında işləməyə məcbur olduğunu öyrənək”. Və həqiqətən bu, keçmiş “sistem”in doğuşudur. Mikayelyan o zaman Serj Sarkisyanın yaxın komanda yoldaşı idi və bu gün Paşinyana düzgün suallar verir: “İndi biz adamı dəyişməyə gəlmişik, yoxsa insanları?”. Nəşr qeyd edib ki, Mikayelyan Paşinyanı yaxşı başa düşmədiyi üçün bu cür çıxışlar edir: “Məlum olur ki, Mikayelyan Paşinyanı yaxşı başa düşməyib. İnsan bu cür dəyişir. Mikayelyan hazırda partiyadan kənarda qaldığı kimi, ola bilsin, gələcəkdə də partiyadan kənarda qalacaq. Yeri gəlmişkən, Mikayelyan bu faktdan sonra nəticə çıxarmalıdır. Paşinyan gənc, siyasi yol keçməmiş qubernator Romanos Petrosyana partiyanın əsasını qoymuş və inqilabın sütununa çevrilmiş Mikayelyandan daha böyük yer verdi”. “İrates” daha sonra yazır: “Mikaelyan cəmiyyətin nəbzini yaxşı hiss edir və anlayır ki, özü-özünə işləmə qaydası müsbət nəticələr verə bilməz, əksinə, böyük xəyal qırıqlığına səbəb olacaq. Mikaelyan onu Kotayk vilayətinin qubernatoru Romanos Petrosyana uduzduran Paşinyanı bağışlmayacaq. Mikaelyan bu xüsusda bildirib: “Hakimiyyət namizədliyimə qarşı oldu. Mənə qədər Romanos inqilabda fəal deyildi. Əgər biz dərs çıxarmasaq, bu inqilab bizim tərəfimizdən məxməri uzaqlaşma olacaq”. Hərbi təşkilat sədrinin sözləri həqiqətən əvəzolunmazdır. O, yeni hakimiyyət nümayəndələrindən ilk şəxsdir ki, həqiqəti dedi. Deputat hakimiyyətin gənc üzvlərinə öz yerini göstərir. O aydın şəkildə qeyd edir ki, hökumətin bir çox nümayəndələri hər hansı bir şey təqdim etmir, yalnız Paşinyanın sayəsində hakimiyyət başındadırlar”. Bütün bunlar Paşiyan tərəfdarları arasında artıq ciddi parçalanmalar olduğunu üzə çıxarır. Bundan istifadə etməyə çalışan “Qarabağ klanı” “Yerkrapah”ı öz sıralarına cəlb edərək onunla Paşinyana qarşı çıxmağı düşünür və bu zaman hadisələrin qanlı müstəvidə inkiaşfı istisna olunmur.
Nahid SALAYEV