İŞİD tərəfdarları Azərbaycanda çəkildiyi iddia olunan yeni video paylaşıblar. Görüntülərdə 3 nəfər üzübağlı üzvün terror qruplaşmasının “xəlifəsi” Bağdadiyə sədaqət andı içməsi yer alıb. Arxa fonda İŞİD-in bayrağı görünür, qruplaşma üzvlərinin əllərində isə “Kalaşnikov” avtomatları var.
Özünün “Tvitter” hesabında Cənubi Asiyada terrorizm üzrə ekspert Faran Cefri yazır ki, “islamçılar” bu videonu “əməli-salehlər üçün ən yaxşı çıxış yolu” olaraq, dünyaya səpələnmiş üzvlərini bir araya gətirmək məqsədilə yayıblar. Azərbaycanda çəkildiyi iddia olunan həmin video Rusiyanın tanınmış informasiya portalları tərəfindən dövriyyəyə buraxılıb. Ancaq videoya baxanda onun Azərbaycanla bağlı olduğuna dair hər hansı vacib detala rast gəlinmir. Məlumdur ki, hazırda İranla ABŞ arasında ciddi gərginlik yaşanır. Bunun fonunda bu tip həqiqətə uyğun olmayan informasiyaları dövriyyəyə buraxmaqda məqsəd regiondakı vəziyyəti gərginləşdirməyə hesablana bilərmi?
Fikrət Sadıqov: “...əksər hallarda bu cür təxribatlarda erməni barmağı olur”
Politoloq Fikrət Sadıqov qəzetimizə bildirdi ki, Azərbaycanın adının bu cür məslədə hallandırılması məqsədlidir və həmin məlumat həqiqəti əks etdirə bilməz: “Bilirsiniz ki, Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə qorunur. Ölkənin daxilində heç bir terror təşkilatının fəaliyyəti üçün münbit şərait yoxdur. Hətta həmin təşkilatlara meyllənən fərdlərlə bağlı ciddi tədbirlər görürülr. Belə olan təqdirdə, terrorçuların təbliğinə həsr edilən hansısa videoçarxın guya Azərbaycanda çəkildiyini iddia etmək məkrli niyyətdən xəbər verir. Çox təəssüflə qeyd etməliyik ki, Rusiyanın bəzi informasiya nümunələrində biz ölkəmizə qarşı yönəlik belə informasiya təxribatları ilə tez-tez rastlaşırıq. Araşdırdıqda məlum olur ki, əksər hallarda bu cür təxribatlarda erməni barmağı olur. Çünki Rusiya KİV-ində kifayət qədər erməni əsilli şəxs çalışır. Azərbaycanın maraqlarına belə təxribatçı məlumatlarla zərbə vurmaq istəyirlər. Burada başqa bir məqsəd regiondakı gərginliyə Azərbaycanı da qatmaqdır. ABŞ-la İranın gərginləşən münasibətləri ilə bağlı ölkəmiz neytrallığını qoruyub saxlaya bilir. Görünür, bu bəzi dairələrə sərf etmir. İŞİD isə İranın düşmənidir. Onun ünvanını Azərbaycanda göstərməklə İranı ölkəmizə qarşı qəzəbləndirməyi hədəfləyirlər. Azərbaycan bütün terror təşkilatlarına qarşı ciddi mübarizə aparır. Bizdən heç vaxt kütləvi şəkildə İŞİD sıralarında döyüşən olmayıb. Tək-tük fərdlər olub ki, onların da bir qismi ölkədə cəzalandırılıb, digərləri isə ölkə hüdudlarından kənarda gizləniblər. Cənubi Qafqazda gərginliyin olmasında maraqlı olan dairələr var. Biz bu cür təxribatlara qarşı həssas olmalıyıq. Peşəkarlıqla onların yalanlarını ifşa etməliyik. Azərbaycanın dini mühitində heç bir radikallığa rast gəlinmir. Əksinə, dünyaya nümunə sayıla biləcək bir tolerant mühit var”.
Məhəmmədəli QƏRİBLİ