İyunun 30-dan iyulun 2-dək Tehranda Avrasiya İqtisadi İttifaqının birgə komissiyasının iclası keçirilib. İclas Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə keçirilib. Tədbirdən sonra İranın energetika nazirinin müavini Humayun Ayeri və Mqer Qriqoryan elektrik enerjisinin verilməsi məsələlərini müzakirə ediblər.
Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan İranın energetika naziri Rza Ərdahaniyanla görüşüb və tərəflər Ermənistan-İran elektrik xəttinin çəkilməsi, qaz və elektrik enerjisinin mübadiləsi proqramını, Mehri SES-nin tikintisini və başqa iqtisadi əməkdaşlığı müzakirə ediblər. Tumanyan, həmçinin, İranın yollar və şəhərsalma naziri Mohammad İslami ilə görüşüb, nəqliyyat məsələlərini, o cümlədən, İranla sərhəddə yerləşən işğal olunmuş Azərbaycan torpaqlarının ərazisindən separatçı Dağlıq Qarabağ rejiminə nəqliyyat dəhlizindən səmərəli istifadə yollarını müzakirə ediblər. Hər iki ölkə perspektivdə Avrasiya İqtisadi İttifaqı çətiri altında azad ticarət əlaqələrinin imkanlarını geniş müzakirə ediblər.
Bununla belə, erməni mətbuatı yazır ki, guya ABŞ Ermənistanla İran arasında iqtisadi əlaqələrin genişləndirilməsinə qarşı deyil. Onlar bunu onunla əsaslandırırlar ki, mayın 7-də Ermənistan-ABŞ strateji dialoqunun ilk iclasından sonra ABŞ-ın İrəvandaki səfiri bu məsələyə aydınlıq gətirib. Səfir Linn Treysi deyib ki, onun ölkəsi Ermənistandan İranla ticarətin azaldılmasını xahiş etməyib. Guya səfir deyib ki, ticarət və təhlükəsizlik baxımından İran Ermənistan üçün çox vacibdir. ABŞ Ermənistanın vəziyyətini başa düşür və s.
ABŞ-ın İran-Ermənistan yaxınlaşmasına belə yanaşması barədə deyilənlər nə dərəcədə əsaslıdir?
Əli Orucov: “Bu baxımdan İranla bağlı Ermənistana hər hansı güzəştin tətbiq olunması ağlabatan deyil”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, ABŞ-ın Ermənistandakı səfirinin guya İranla Ermənistan arasındakı bütün sferalardakı mövcud əlaqələrin sanksiyalar altına düşməyəcəyi haqqında səsləndirdiyi fikirlər absurddur: “Həqiqətən də ticarət və təhlükəsizlik baxımından İran Ermənistan üçün çox vacib ölkədir. Lakin siz də bilirsiniz ki, ABŞ öz milli maraqlarını heç vaxt güzəştə getməyib. Bu baxımdan İranla bağlı Ermənistana hər hansı güzəştin tətbiq olunması ağlabatan deyil. Rəsmi İrəvan da Vaşinqtona qarşı çıxmaq cəsarətində ola bilməz. Ermənistanın iqtisadiyyatı xarici dövlətlərdən, Rusiya və İrandan, eləcə də beynəlxalq erməni diasporunun ianə və yardımlarından asılıdır. Bunun da başlıca sabəbi həmin dövlətin işğalçılıq və ekspansiya siyasəti ilə bağlıdır. Yəni heç bir təbii və digər resurslara malik olmayan Ermənistan həm transmilli iqtisadi-kommunikasiya layihələrindən, həm də xarici sərmayədarların investisiyalarından kənarda qalıb. Bunlar isə milyardlarla dönərli valyuta itkisi deməkdir. Blokada da qalması isə Ermənistanı beynəlxalq aləmdən təcrid edib. Ölkənin çox cüzi sərvətləri və daxil olan pulların da böyük kütləsi korrupsiya mənimsəmələrinə, ordunun saxlanmasına sərf olunur. Ermənistan nə Qərb üçün, nə də region ölkələri üçün iqtisadi cəhətdən cəlbedici ölkə deyil. Vaxtı çatanda Ermənistanın İranla olan nəfəsliyi də qapadılacaq. O zaman işğalçı ölkənin durumu dözülməz olacaq. Hələlik isə Ermənistanın rəhbərliyi gah müharibə xofu, gah yalançı vədlər və ümidlər verməklə cəmiyyəti idarə etməyə çalışmaqdadır. Bu da uzun sürməyəcək”.
Vidadi ORDAHALLI