Son vaxtlar Ermənistanın xarici siyasət kursunda Belarusa yaxınlaşmaq cəhdləri hiss edilir. Ermənistan məmurlarının Belarusa səfərləri, həmin ölkə ilə qarşılıqlı əlaqə qurmaq meylləri nəzərə çarpır. Bir neçə gün əvvəl isə Ermənistan Prezidenti Armen Sarkisyanın Minskə səfəri reallaşıb.
Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə Ermənistan Prezidenti Armen Sarkisyanla görüşdə dolayısı ilə İrəvan daxilindəki siyasi mübarizəni ifşa edib. Lukaşenko Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonda danışdığını, Paşinyanın Prezident Armen Sarkisyana salam dediyini açıqlayıb: “Mən ona dedim ki, biz onu (Armen Sarkisyanı - red.) Ermənistana getməsi üçün tələsdirmirik, həm də o burada Ermənistan üçün lazımlı işlərlə məşğuldur”.
Ardınca üzünü A.Sarkisyana tutaraq, “Siz həqiqətən, tələsmirsiniz? Baxın, sənaye, kənd təsərrüfatı ilə öz iqtisadiyyatınız nöqteyi-nəzərindən maraqlanın. Siz ağıllı, təhsilli, təcrübəli insansınız, bilirsiniz ki, maraqlanmaq Ermənistan üçün faydalı və əhəmiyyətlidir”.
Lukaşenko Belarus-Ermənistan əlaqələrinə də toxunub və qeyd edib ki, “Erməni dostlarımız Belarusa sərmayə qoyurlar, buna görə onlara təşəkkür edirəm. Amma bir şərtim var, dostluq başqa, dövlət başqa…”.
Ermənistan Belarusa yaxınlaşmaqla nəyi hədəfləyir?
Elşən Mustafayev: “Ermənistanın ora doğru istiqamət götürməsi guya bizim bir qədər neytrallaşmağımıza nail olmağa hesablanıb”
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın bu səylərində, əslində, Azərbaycanla mübarizə faktoru durur: “Son vaxtlar Ermənistanın xarici siyasət kursunda bu tendensiya daha qabarıq nəzərə çarpmağa başlayıb. Ermənistan Azərbaycanın yaxın dost olduğu ölkələrlə təmaslara keçir, onlarla daha sıx əlaqələr qurmaqda maraqlı olduğunu göstərir. Biz bunu bir müddət əvvəl İsraillə də bağlı gördük. Ermənistan həmin ölkəyə də ciddi yaxınlaşdı, hətta orada səfirlik açmaq kimi niyyətinin olduğunu da bəyan etdi. Bilirsiniz ki, Belarus da Azərbaycanla yaxın ölkədir. Ermənistanın ora doğru istiqamət götürməsi də məhz bizim bir qədər neytrallaşmağımıza nail olmağa hesablanıb. Yadınızdadırsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) baş katib postuna görə Paşinyanla münasibətləri korlanan Lukaşenko Minskdə Sarkisyana “Paşinyan sizə salam deyir” sözləri ilə “İrəvanın daxilindəki çatlardan xəbərim var” mesajını vermiş olub. O cümlədən, Armen Sarkisyanı “ağıllı, təhsilli, təcrübəli” adlandırmaqla Paşinyana bu daxili mübarizədə kimin tərəfində olduğunu nümayiş etdirir. Lukaşenkonun davranışlarından açıq görünür ki, o, Ermənistanla münasibətlərə o qədər də ciddi yanaşmır. Bilir ki, Ermənistanla onları nə siyasi, nə də iqtisadi cəhətdən ciddi tellər bağlaya bilməz. Bir faktı da qeyd edim ki, Lukaşenko Rusiyanın əsas dayaqlarından sayılır. Onun Qərbin adamı kimi xarakterizə olunan Paşinyan hakimiyyəti ilə heç vaxt səmimi və sıx əməkdaşlığı alına bilməz. Ermənistanın bütün bu cəhdlərində blef etmək istəyi aydın görünür. Hesab edirəm ki, işğalçı ölkənin bu cəhdləri bizim Belarusla münasibətlərimizə zərrə qədər də olsun zərər verməyəcək”.
Məhəmmədəli QƏRİBLİ