Rusiya və Gürcüstan arasında münasibətlərin kəskinləşməsi fonunda Ermənistanın regional təcridinin dərinləşməsi düşmən ölkədə getdikcə daha böyük şok effekti yaratmaqdadır. Hesab edilir ki, Gürcüstan üzərindən Rusiya məhsullarının Ermənistana daşınması dayansa, bu hal İrəvanın ilk növbədə böyük sosial-iqtisadi problemlər yaşamasına, bir çox məhsulların isə qıtlığına gətirib çıxaracaq. Eyni zamanda, bunlara paralel olaraq Dağlıq Qarabağda münaqişənin yenidən alovlanması Ermənistan üçün kifayət qədər ağır zərbə sayılır.
Qeyd olunanlar fonunda “Jamanak” nəşri yazır ki, son 10 gün ərzində baş verən hadisələr onsuz da pis vəziyyətdə olan Gürcüstan-Rusiya münasibətlərini daha da kəskinləşdirib. Nəşrin məlumatına görə, Rusiya prezidentinin əmrilə Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairəsi qoşunları, Şərq və Cənub Hərbi dairələrinin hərbi birləşmələri, o cümlədən Gümrüdəki 102 saylı hərbi baza və Erebunidə yerləşən 3624 saylı aviabaza tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu isə Moskva və Tiflis arasında yeni hərbi qarşıdurmanı istisna etmir. Ermənistan parlamentinin deputatı Arman Babacanyanın sözlərinə görə, Gürcüstan-Rusiya münasibətlərində davam edən gərginlikdə ölkəsi üçün də risqlər mövcuddur. Deputatın fikrincə, Ermənistan ərazisində yerləşdirilmiş rus qoşunlarından istifadənin rəsmi İrəvan üçün faciəvi nəticələri olacaq və buna görə də erməni hökuməti bu hərbi kontingentin istifadəsinə imkan verməməlidir. Amma o etiraf edib ki, ölkəsi hadisələrin bu səpkidə inkiaşfının qarşısını almaqda acizdir. Bunu Ermənistan parlamentinin keçmiş vitse-spikeri, Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov da təsdiq edir: “Bu gün Rusiya ilə Gürcüstan, eləcə də ABŞ-la İran arasındakı siyasi gərginləşmə rəsmi İrəvanı olduqca çətin vəziyyətlə üz-üzə qoymaqdadır. Bu vəziyyət Ermənistan üçün ciddi problemlər yarada bilər”. Onun fikrincə, Gürcüstan və Rusiya arasındakı gərginlik erməni-gürcü münasibətlərinə təsir göstərməsə də, bu vəziyyət İrəvanı narahat etməyə bilməz. Ermənistan-Gürcüstan münasibətlərinə üçüncü tərəfin təsirinin olmaması barədə İrəvanla Tiflis arasında razılaşmanı xatırladan Şarmazanov son yaşantılara rəğmən narahatlığını da gizlədə bilmir: “Moskva ilə Tiflis arasındakı gərginlik İrəvanı heç cür məmnun edə bilməz. Rusiya ilə Ermənistan arasındakı bütün iqtisadi əlaqələrin məhz Gürcüstan ərazisindən keçdiyini nəzərə alsaq, bunu daha aydın başa düşmək olar. Gürcüstan paytaxtında baş verənlər davam edərsə, Ermənistanı çox çətin günlər gözləyir. Bundan Azərbaycanın istifadə edəcəyi isə şübhəsizdir”. Elə rusiyalı ekspert Stanislav Tarasov da vurğulayır ki, Gürcüstanda yaranmış vəziyyət çox mürəkkəbdir və bunun ucu Ermənistana toxunacaq. O, yaranmış durumda Qarabağ savaşının yenilənməsinin Ermənistan üçün çox böyük faciələrə gətirib çıxaracığını qeyd edir. Xatırladaq ki, Ermənistanın Rusiyaya yeganə birbaşa quru yolu Gürcüstandakı Yuxarı Larsdan keçir. Yuxarı Lars nəzarət-buraxılış məntəqəsinin bəzən birgünlük belə bağlanması Ermənistan üçün dəhral böyük problemlər yaradır. İndi Ermənistanın qorxusu Rusiya və Gürcüstan arasında yenidən münasibətlərin gərgin həddə çata bilməsi və bunun İrəvana böyük iqtisadi zərbələr vurmasıdır. İndilikdə Moskva və Tiflis arasında münasibətlər getdikcə daha gərgin mərhələyə yönəlir və İrəvan qoxmaqda haqlıdır. Belə görünür ki, Rusiya Gürcüstanda onun maraqlarına qarşı edilən gedişləri gürcü tərəfinə bağışlamaq niyyətində deyil. Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bu durumda baş verənlərə görə məhz gürcü tərəfini ittiham edir: “Rusiya ilə Gürcüstan arasında heç bir münaqişə yoxdur. Hazırda gürcü hakimiyyəti iki ölkə arasında münasibətlərə son qoymaq üçün çalışır və bundan ötrü əlindən gələni edir. Biz heç bir təşəbbüs göstərməmişik. Gürcüstanla Rusiya arasında heç bir münaqişə yoxdur. Amma qeyd etdiyim kimi, gürcü hakimiyyəti iki ölkə arasında münasibətlərə son qoymaq üçün çalışır”.
”İravnuk” qəzeti isə yazır ki, Gürcüstanla Rusiya arasında münasibətlərin pisləşməsi fonunda Ermənistanın daha zəif duruma düşməsi Qarabağ savaşını yenidən başladacaq. Qeyd olunur ki, buna şərait yaradan amillərdən biri Ermənistanın daha zəif hala gəlməsi, eyni zamanda beynəlxalq şəraitin də İrəvanan əleyhinə işləməsidir. Elə rusiyalı hərbi analitik Pavel Felqenhauer də məsələyə bu prizmadan yanaşır: “Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların davam etdirilməsi üçün cəbhə xəttində sabitlik tədbirləri və addımları vacibdir. Amma dəyişən geosiyasi şərait, xüsusən də Rusiya-Gürcüstan münasibətlərinin pisləşməsi ortaya fərqli mənzərə çıxara bilər”. Onun sözlərinə görə, son zamanlar baş verən hadisələr, yəni bir tərəfdən sərhədi keçmiş şəxslərin geri qaytarılması məsələsi istiqamətində ümumi addımlar, digər tərəfdən danışıqlar prosesi çərçivəsində razılaşmalar, müharibəyə hazırlaşmaqla bağlı iki tərəfin bəyanatları, yeni silah növlərinin alınması üçün əldə olunan razılaşmalar vəziyyətin birmənalı olmadığını və kifayət qədər mürəkkəb olduğunu sübut edir: “Burada vəziyyət mürəkkəbdir. Təmas xəttində də vəziyyət bu cürdür. Xoşagəlməz ssenarilərə icazə verməmək üçün böyük səylər tələb olunur, çünki tərəflər son zamanlar yeni silah növlərinin alınmasından çox danışırlar. Mən həmişə demişəm ki, tərəflər hazırlaşırsa, bu müharibədən qaçmaq mümkünsüzdür. 2016-cı ildə belə bir hadisə yaşandı”. Ekspert vurğulayır ki, bu dəfə savaş başlasa, Rusiya çətin ki, onu dayandırsın.
Erməni analitik Yervand Bozoyanın sözlərinə görə isə, Rusiya ilə yanaşı, ABŞ da Ermənistanın əleyhinə mövqe tutub. O vurğulayır ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun fikrincə, Qafqazda yalnız bir güc var - Azərbaycan - Türkiyə tandemi. Bozoyan bildirib ki, Boltonun Cənubi Qafqaz baxışını 4 prinsiplə izah etmək olar: “Birincisi, Ermənistan İranla sərhədlərini bağlamalıdır. Ən yaxşı halda, Mehri rayonu Qarabağın bir hissəsinə qarşılıq bölünə bilər ki, buna da Azərbaycan və Türkiyə razıdır. İkincisi, Mehri variantı işləməsə, erməni tərəfi gərək Azərbaycan və Türkiyənin maraqları ilə razılaşıb, ümumiyyətlə Qarabağdan imtina etsin. Əks halda Ermənistanın mövcudluğu şübhə altına düşəcək. İranın bölünməsi Azərbaycan və Türkiyənin regionda güclü mövqelərə sahib olması üçün vacibdir. Üçüncüsü, ermənilər Rusiyanın təsiri altından çıxıb, Türkiyənin təsirinə adaptasiya olmalıdır. Ona görə ki, regionda başqa nüfuzlu ölkə yoxdur. Dördüncüsü, Ermənistanda ictimai fikrin dəyişdirilməsi üçün Paşinyan dəstəklənməli, Qarabağ dairəsi neytrallaşdırılmalıdır”. Bozoyan bu mövqenin Ermənistan üçün mümkünsüz olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistanın, Gürcüstandan fərqli olaraq, geosiyasi oriyentasiyasını dəyişməsi üçün alternativi yoxdur. Əgər Gürcüstanın Rusiyadan ayrılması Abxaziya və Cənubi Osetiyanın ondan qopmasına səbəb oldusa, Ermənistan üçün belə olan halda təkcə Qarabağ və Sünik yox, həm də dövlətçilik yox olacaq. Hesab edilir ki, yaranmış durumda Ermənistan Azərbaycanla danışıqlara gedib nəticə əldə etsə, özünü yox olmaqdan xilas edə bilər. Əks təqdirdə Azərbaycan nəinki Qarabağı öz nəzarətinə qaytaracaq, həm də Ermənistanı bir dövlət kimi məhv edəcək. Elə politoloq, sabiq diplomat Fikrət Sadıqov da bildirir ki, savaşın başlanması Ermənistan üçün böyük fəlakət deməkdir: “Xarici işlər nazirlərinin Vaşinqton görüşündən sonra təmas xəttində müəyyən sakitlik yaranıb. Amma bu sakitlik süni xarakter daşıyır”.
Politoloq bildirib ki, görünür, aparıcı dövlətlər, xüsusilə ABŞ Vaşinqton görüşündən sonra Ermənistana “qulaqburması” verib: “Xatırlayırsınızsa, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cənubi Qafqaza səfəri zamanı demişdi ki, Dağlıq Qarabağ münaqişəsinə son vermək lazımdır. Bu açıqlamanın Ermənistanda verilməsi birbaşa rəsmi İrəvana mesaj idi. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Ermənistan bütün hallarda çalışır işğal olunmuş torpaqlar öz nəzarəti altında qalsın. Əslində başa düşürlər ki, hüquq onların tərəfində deyil, beynəlxalq təzyiqlər var. “Qarabağ klanı“ hələ ki, kifayət qədər güclüdür və baş nazir Nikol Paşinyana qarşı təxribatlar törədirlər. Hətta Robert Köçəryanla bağlı da bir sıra addımlar atılır. Ermənistanın qeyri-stabil daxili siyasəti və çətin durumda olmasına baxmayaraq, bütün bunlar azmış kimi İrəvan Rusiya ilə də münasibətləri pozub. Hətta AŞPA-da Rusiyanın assambleyaya qayıtması ilə bağlı səsvermədə iki erməni əleyhinə səs vermişdi. Sonradan bunun texniki yanlışlıq olduğu bildirilsə də, bu gülünc açıqlamadır”. F.Sadıqov qeyd edib ki, Ermənistanın hər şəraitdə ikiüzlü siyasət yürütməsi göz qabağındadır: “Bu təkcə Azərbaycanla bağlı deyil, həm də ən yaxın müttəfiqlərilə bağlı işlərdə özünü biruzə verir. Bütün bunlara rəğmən, Ermənistanla yekun nəticəyə gəlmək üçün Azərbaycan diplomatik səylərini gücləndirməlidir. Çünki bu səylər Ermənistanı siyasətini dəyişməyə vadar edir. Ermənistanın həm hərbi, həm də diplomatik təzyiq altında qalması onu boyun əyməyə gətirib çıxaracaq”. Yuxarıda qeyd olunduğu kimi, bunların əksinin yaşanması Ermənistana böyük faciələr vəd edir. Çünki regionda Ermənistan əvvəlki dövrlərlə müqayisədə indi daha aciz duruma düşüb. Şübhəsiz ki, bütün bunlarda Azərbaycanın uğurlu diplomatik gedişlərinin də rolu az olmayıb. İndi İrəvan bütün bunlardan lazımi nəticə çıxarıb Qarabağ münaqişəsinin həlli istiqamətində müvafiq addımlar atmasa, Ermənistanı daha sarsıdıcı zərbələr gözləyir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.