Məlum olduğu kimi, paytaxtımızda UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası keçirilir. İyulun 10-da başa çatacaq Bakı sessiyasında bir sıra məsələlər müzakirə edilib. UNESCO-nun Dünya İrs Komitəsinin sessiyasında Bakı Bəyannaməsi qəbul edilib.
Mədəniyyət naziri Əbülfəs Qarayevin bildirdiyinə görə, Bakı Bəyannaməsi dünyada mədəni irsin qorunmasına xidmət edir və dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltmək məqsədi daşıyır.
Qeyd edək ki, bəyannamədə komitəyə üzv olan ölkələrdə yerləşən Dünya İrs Siyahısına daxil edilmiş mirasların effektiv qorunması, saxlanması və idarə edilməsi istiqamətində səylərin artırılmasının zəruriliyi qeyd olunur. Həmçinin, bəyannamədə münaqişə zonlarında təbii və mədəni irsin dağıdılmasından, o cümlədən, arxeoloji ərazilərdə qanunsuz qazıntılardan, mədəniyyət nümunələrinin qanunsuz daşınmasından, mədəni sərvətlərin qanunsuz istismar edilməsindən narahatlıq ifadə olunub. Burada Azərbaycanın ermənilər tərəfindən işğal altında saxlanan abidələrinin taleyi də diqqətə çəkilib. Bəyannamədə üzv ölkələrlə Dünya İrs Komitəsi arasında dialoqun gücləndirilməsi, irs miraslarına təsir edən iqlim dəyişikliyi, təbii və insan tərəfindən törədilən fəlakətlər və digər müxtəlif qlobal çağırışların aradan qaldırılmasının zəruriliyi qeyd edilir.
Fariz Xəlilli: “Biz işğal altındakı abidələrimizi beynəlxalq missiya vasitəsilə nəzarətdə saxlamalıyıq”
Sessiyada qəbul edilən Bakı Bəyannaməsinin əhəmiyyətindən danışan MİRAS-Milli Mədəniyyətin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru, maddi irs üzrə mütəxəssis Fariz Xəlilli “Bakı-Xəbər”ə bildirdi ki, Bakı Bəyannaməsini təqdir edir. “Zaman-zaman belə tədbirlərdə işğal altında olan mədəni irs abidələrinin vəziyyəti müzakirə edilməli və bu öz əksini sənədlərdə tapmalıdır. İşğalçıların bu abidələrə qarşı törətdikləri vandalizm hərəkətləri, bəzi abidələrin konservasiyaya cəlb etmələri, qanunsuz bərpa etmələri, bizim tərəfimizdən aşkar edilən saxtakarlıqlar beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Eyni zamanda, işğal altında olan Azərbaycan torpaqlarında ermənilər tərəfindən dağıdılan abidələr sənədləşdirilməlidir. Əslində, UNESCO-nun Ümumdünya İrs Komitəsinin bu cür təhlükə altında olan mədəni isr abidələri ilə bağlı layihələri də mövcuddur və belə layihələrdə, xüsusən də sənədləşdirmə layihələrində bizim iştirakımız düzgün addım olardı. Düşünürəm ki, gələcəkdə Mədəniyyət Nazirliyi belə layihələrdə yer alacaq. Biz 2015, 2016, 2017-ci illərdə tarixi Qarabağ irsi sənədləşdirmə layihəsi üzərində işləmişik və həmin layihəni Mədəniyyət Nazirliyi ilə müzakirə də etmişik. O vaxt Ümumdünya İrs Fondunun təhlükə altında olan mədəni irs nümunələrinin sənədləşdirilməsi ilə bağlı bir qrant layihəsi vardı, biz həmin layihəni ora təqdim etmək istəyirdik. Amma təəssüflə qeyd etməliyəm ki, hansısa səbəbdən biz o layihəni ora təqdim edə bilmədik. Fikrimiz o idi ki, biz layihəni təqdim etdikdən sonra UNESCO-nun Ümumdünya Mədəni İrs Komitəsinin missiyası gedib işğal altında olan abidələrimizin vəziyyətini öyrənsin. O layihəni biz sadə bir elmi məqalə şəklində nəşr edə bildik, ona başqa cür diqqət cəlb edə bilmədik. Hesab edirəm ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin qəbul etdiyi bəyannamədəki məsələlər, o cümlədən, işğal altında olan Azərbaycan torpaqlarındakı maddi irsimizlə bağlı məqamlar kağız üzərində qalmamalıdır. UNESCO-nun müvafiq qurumu Bakı sessiyası başa çatdıqdan sonra işğal altındakı Azərbaycan torpaqlarında ermənilər tərəfindən saxtalaşdırmaya, dağıntıya, qanunsuz restavrasiyaya məruz qalan maddi-mədəni irsimizin hazırkı vəziyyətini öyrənmək, araşdırmaq üçün ora missiya təşkil etməlidir. Bilirsiniz, BMT başda olmaqla, bir sıra beynəlxalq qurumlar işğalçını tanıyır, bunu qəbul etdiyi sənədlərdə də göstərir, lakin bununla bağlı tədbir görmürlər. Azərbaycanın işğal altında olan abidələrinin, maddi irsinin taleyinə ciddi yanaşılmalıdır. Bu gün beynəlxalq ictimaiyyət işğalçını tanıyır və onun dağıtdıqları maddi-mədəni irs haqqında məlumatı var, amma ona təzyiq göstərmir ki, torpaqları işğaldan azad et və mədəni irs abidələrinə qarşı saxtakarlığı dayandır. Əslində, bu təşkilatlar işğalçıya təzyiq göstərməlidirlər” -deyə F.Xəlilli qeyd etdi.
F.Xəlilli hesab edir ki, Azərbaycan, UNESCO və digər beynəlxalq qurumlar işğal altında olan abidələrimizin taleyi ilə bağlı xüsusi işlərin görülməsinə nail olmalıdır. Mütəxəssisin sözlərinə görə, biz UNESCO-nun müvafiq qurumunun dəstəyilə o abidələrin mövcud vəziyyətini, tarixdəki yerini öyrənməli, araşdırmalı, eləcə də bərpa və konservasiyası ilə bağlı xüsusi layihə sənədi hazırlamalıyıq. “Bu gün ora getməyə hazırlaşdığımızı bildirməli və bunu bir təzyiq vasitəsinə çevirməliyik. UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakı Bəyannaməsini təqdir edirəm, amma hesab edirəm ki, bunlar kağız üzərində qalmalı deyil, konkret təsir rıçaqları mövcud olmalı və beynəlxalq missiya ilə birgə işğal altındakı ərazilərimizə gedilməli və yerindəcə abidələrimizin vəziyyəti müəyyənləşdirilməlidir. Biz işğal altındakı abidələrimizi beynəlxalq missiya vasitəsilə nəzarətdə saxlamalıyıq. Bu çox vacib məsələdir” - deyə ekspert qeyd etdi.
İradə SARIYEVA