Rusiyanın AŞPA-ya qayıdışı ciddi narazılığa səbəb olub. Artıq bəzi ölkələr buna qarşı çıxmağa hazırlaşırlar. Ukrayna, Polşa, Litva, Latviya, Estoniya, Slovakiya və Gürcüstan Rusiyanın AŞPA-ya qayıdışına qarşı birgə qətnamə layihəsini hazırlayacaqlar. Bu haqda Polşa Senatının marşalı Stanislav Korçevski bildirib.
Xatırladaq ki, AŞPA iyunun 26-da Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin tam miqyasda təsdiqlənməsi ilə bağlı qətnamə qəbul edib. Ukrayna, Polşa, Gürcüstan, Estoniya, Litva, Latviya və Böyük Britaniyanın etirazlarına baxmayaraq, Rusiya Federasiyasının AŞPA-da hüquqları şərtsiz olaraq bərpa olunub.
2014-cü ildə Krımın ilhaqına cavab olaraq Rusiyanın AŞPA-da səlahiyyətləri dondurulmuşdu.
Dövlətlər bu layihəni təqdim etsə, onun hansı perspektivləri ola bilər?
Yeganə Hacıyeva: “Avropa qurumları anlayırlar ki, Rusiya ilə bir qədər soyuqqanlı davranış lazımdır”
Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Avropa Şurası, digər beynəlxalq təşkilatlar kimi, çoxmilyardlıq büdcəyə malikdir: “AŞ siyasət və missiyasına uyğun fəaliyyət strategiyasını həyata keçirmək üçün nəzərdə tutulan bu büdcə bir neçə illik, üzv və ya iştirakçı dövlətlərin ödədiyi üzvlük haqqı ilə və ən əsası, üzv ölkələrə tətbiq olunan fərqli hesablama sistemləri vasitəsilə formalaşdırılır. Ölkələrin ödədiyi üzvlük və ya iştirakçılıq haqları onların makroiqtisadi göstəriciləri, ümumdaxili məhsulunun həcmi və ödəmə qabiliyyəti nəzərə alınmaqla həyata keçirilir.
Rusiya Avropa Şurasının büdcəsinin əsasını formalaşdıran 5 donor ölkədən biridir. Məsələn, Avropa Şurasının 2014-2016-cı illər üçün büdcəsinin əsasını, yəni 57 faizini 5 donor ölkə: Fransa, Almaniya, İtaliya, Rusiya və Böyük Britaniya formalaşdırmışdı. Ukrayna, Polşa, Litva, Latviya, Estoniya, Slovakiya və Gürcüstan AŞ-nın üzvlük haqqını az ödəyən ölkələrdir”.
Politoloqun sözlərinə görə, AŞ-nın strategiyası uzun müddətə formalaşdırılır: “Həmin strategiyada Rusiyanın mühüm rolu var. Bəzi reallıqları qəbul etmək lazımdır. Reallıqlardan biri budur ki, Avropanın təhlükəsizliyini Rusiyasız qurmaq mümkün deyil. Rusiya, eyni zamanda, Avropa Şurasının o tip ölkələrindəndir ki, onun Avropa ilə bağlı özünün həyata keçirmək istədiyi layihələri var. Bu siyasətinin həyata keçirilməsində ona qarşı tətbiq olunan sanksiyalar heç bir maneçilik törətmir. Biz bunu bu müddət ərzində gördük. Artıq bəlli olur ki, çox vaxt sanksiyaların tətbiqi effektiv vasitə sayılmır. Hesab edirəm ki, artıq böyük ölkələr bunu anlayıb ki, Rusiyaya yaşıl işıq yandırıblar. Digər ölkələrin Rusiyaya qarşı tərtib edəcəkləri qətnamənin heç bir nəticəsi olan deyil. Çünki Rusiya Avropa Şurasına bütün parametrlərə görə çox lazımdır. Bir faktı da qeyd etməliyik ki, Rusiyanın başlıca problemi Avropa İttifaqı ilədir, Avropa Şurası ilə deyil. Onlar gözləyirdilər ki, Rusiya Krım və Ukraynadakı mövqelərindən geri çəkiləcək. Ona görə də belə vasitələrlə ona təzyiq edirdilər. Bu səmərə vermədi. Avropa qurumları anlayırlar ki, Rusiya ilə bir qədər soyuqqanlı davranış lazımdır. Onunla sərt rəftarın daha çox ziyanını Avropanın özü görə bilər”.
Məhəmmədəli QƏRİBLİ