Rusiyalı ekspert, Moskvada yerləşən Avrasiya İqtisadi İnstitutunun direktoru Vladimir Lepexinin fikrincə, həmsədr ölkələrdən yalnız Rusiya münaqişənin həllində maraqlıdır: “ATƏT-in Minsk Qrupu danışıqların əsas formatı olmalı deyil. Çünki Rusiyadan başqa, orada heç bir ölkə münaqişənin həllində maraqlı deyil. Minsk Qrupunun əsas təklifi bölgədə BMT və NATO-nun sülhməramlılarının yerləşdirilməsidir”.
Rusiyalı ekspert münaqişədə format dəyişikliyinin vacib olduğunu bildirib: “Regionda baş verən dəyişiklikləri nəzərə alsaq, Türkiyə və İran özləri haqda önəmli mesajlar verdilər. Hazırda regional təhlükəsizlik İran, Türkiyə və Rusiyadan asılıdır. Ona görə münaqişənin həllini bu ölkələrin vasitəçiliyində görmək lazımdır. Türkiyə Azərbaycanla bağlı razılaşmaların, Rusiya isə Ermənistanla bağlı razılaşmaların təminatçısı olacaq”.
Göründüyü kimi, Rusiyadan olan ekspert münaqişənin tənzimlənməsi ilə bağlı formatın Rusiya-İran-Türkiyə kimi təsbit olunmasında maraqlıdır. Bu təkliflə bağlı ekspertlər nə düşünürlər?
Hatəm Cabbarlı: “Səslənən təklifin reallaşacağı mümkün sayılmır”
Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son zamanlar dünyada baş verən proseslərin fonunda rusiyalı institut rəhbərinin verdiyi açıqlama olduqca maraqlıdır: “Həmin bəyanatın əsas məğzi Dağlıq Qarabağ probleminin həlli istiqamətində fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunun formatının dəyişməsidir. Lepexin, eyni zamanda, qeyd edir ki, həmsədrlərdən biri olan Rusiya problemin həlli istiqamətində digər həmsədr ölkələrdən daha aktiv fəaliyyət göstərir. ATƏT-in Minsk Qrupunun formatının dəyişməsi ilə bağlı Azərbaycan da dəfələrlə öz istəyini bəyan edib. Amma bu günə qədər bu formatın dəyişməməsinin obyektiv səbəbləri olub. Lepexin bununla bağlı konkret ölkələrin adını da çəkir. Türkiyə və İranın ön plana çıxarılması maraqlıdır. Bu heç də o demək deyil ki, bu üç dövlət bölgədə təhlükəsizlik mühitinə tam hakimdirlər. Bu məsələdə ABŞ və Avropanın maraqlarını kiçiltmək olmaz. Əslində, Lipexinin belə bir bəyanat verməsi qəribədir. Çünki orada mənim razılaşmadığım bəzi nöqtələr var. Postsovet coğrafiyasında yaşanan etnik problemlərin həll olunmasında biz fərqli mənzərəni görürük. Dağlıq Qarabağla bağlı yaradılan Minsk Qrupu formatı 30 ilə yaxındır heç bir iş görə bilmir. Sanki bu təsisat Dağlıq Qarabağ probleminin həll edilməməsi üçün yaradılıb. Burada Rusiyanın yaxasını kənara çəkmək lazım deyil. Həməsdr ölkələrin laqeydlik dərəcəsi eynidir. Düşünün ki, problem həll edildi. Bölgədəki təhlükəsizlik mühitində yeni bir dövr yaşandı. Bu zaman hər üç həmsədr Azərbaycan və Ermənistan üzərindəki təzyiq mexanizmini itirir. Rusiya silah satışına görə iki mühüm silah alıcısını itirir. Bundan başqa, Rusiyanın Ermənistandakı maraqları da zədələnə bilər. Çünki problem həll edildikdən sonra Azərbaycan və Ermənistan Avropaya doğru yön götürə bilər. Müharibəyə xərclənən və heç bir faydası olmayan maliyyə iqtisadiyyata sərf edilər. Bu baxımdan da Rusiyanın problemin həllində səmimi olduğunu söyləmək olduqca çətindir. Bəli, razıyam ki, kilid ölkə kimi Rusiyanın problemə təsiri var. Amma Rusiya səmimi olarsa, burada irəliləyişə nail olarıq. ATƏT-in Minsk Qrupu həmsədrlərinin İran və Türkiyə ilə əvəz edilməsi istiqamətində bir təşəbbüs ortaya qoyularsa, bu, bölgənin təhlükəsizliyini ciddi zədələyə bilər. Lipexin deyir ki, İran Ermənistanın, Türkiyə isə Azərbaycanın təminatçısı olar. Belə başa düşülür ki, Rusiya hər iki ölkə üçün təminat verə bilər. Bu, əlbəttə, siyasi və təbliğat xarakterli bəyanatdır. Yaxşı olar ki, gələn təklifə ABŞ-la Rusiya arasındakı problemlərdən qaynaqlanan bir fikir kimi baxaq. Beynəlxalq şərait Lipexinin bu təklifinin keçərli olmadığını ortaya çıxarır. Çünki digər həmsədrlər və dünya gücləri bunda maraqlı deyillər. Bu baxımdan da səslənən təklifin reallaşacağı mümkün sayılmır”.
Məhəmmədəli QƏRİBLİ