Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə respublikanın aparıcı KİV təmsilçilərindən ibarət 12 nəfərlik nümayəndə heyətinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər proqramı başlayıb. Nümayəndə heyətinin Rusiyanın jurnalist təşkilatları və aparıcı KİV redaksiyalarında görüşləri nəzərdə tutulub.
Səfər proqramı iyulun 1-də başlayıb və ilk görüş Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində keçirilib. Səfir Polad Bülbüloğlu nümayəndə heyətini salamlayaraq, Azəbaycanın aparıcı KİV qurumlarının Rusiya Federasiyasına səfər proqramını müsbət dəyərləndirdiyini bildirib. O, iki ölkənin KİV qurumlarının əlaqələrinin güclənməsinin hər iki ölkənin maraqlarına xidmət etdiyini vurğulayıb. Səfir Azərbaycan və Rusiyanın müştərək maraqlarına xidmət edən proqramlar barədə də məlumat verib. Bu proqramların reallaşması üçün medianın dəstəyinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb və Azərbaycan media təmsilçilərinin Moskvaya səfərlərinin bu yöndə ciddi önəm daşıdığını vurğulayıb.
KİVDF-nin icraçı direktoru, səfər qrupunun rəhbəri Vüqar Səfərli KİV təmsilçilərinin Moskvaya səfərinin məqsədi, həmçinin, Azərbaycanda KİV-in durumu və KİVDF-nin fəaliyyəti barədə məlumat verib. V.Səfərli Rusiya - Azərbaycan media təmsilçilərinin sıx təmaslarının zəruri olduğunu, bunun üçün həm Rusiya, həm də Azərbaycan dövlətinin dəstəyinin önəmini vurğulayıb. Səfir P.Bülbüloğlu iki ölkə KİV-inin təmaslarının gücləndirilməsi üçün səlahiyyətləri çərçivəsində bütün dəstəyi verməyə hazır olduğunu qeyd edib.
Nümayəndə heyətinin növbəti görüşü İTAR-TASS İnformasiya Agentliyində keçirilib. Nümayəndə heyətinin üzvləri öncə agentliyin iş mühiti ilə tanış olublar. Daha sonra baş redaktor Maksim Filimonovla görüş keçirilib. Səmimi diskussiya şəraitində keçirilən görüşdə tərəflər qarşılıqlı maraqları və əlaqələrin inkişafı üçün fikirlərini çatdırıblar.
Məlumat üçün bildirək ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru V.Səfərli, “Xalq qəzeti”nin baş redaktoru, KİVDF-nin Müşahidə Şurasının sədri Həsən Həsənov, “Trend” İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Bakinskiy raboçiy” qəzetinin baş redaktoru Rəhman Hacıyev, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini Rəşad Nəsirov, “AzərTAC” İnformasiya Agentliyinin redaksiya müdir müavini Əziz Məmmədov, “Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev, “Kaspiy” qəzetinin baş redaktoru İlqar Hüseynov daxildirlər.
Azərbaycan media rəhbərlərinin Moskvaya səfəri Rusiya ilə münasibətlərin indiki mərhələsində hansı rolu oynayacaq?
Azər Həsrət: “Media səviyyəsində münasibətlərin qurulması həm də ölkələrimiz arasındakı əlaqələrin inkişafına da müsbət təsir edəcək”
Media məsələləri üzrə ekspert Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə bir səfərin təşkil olunması çox önəmlidir: “Azərbaycan media təmsilçilərinin Rusiya ilə əlaqələrinin intensivləşdirilməsinə ciddi ehtiyac var. Bilirsiniz ki, Rusiya mediasında bizə nisbətdə ermənilər daha çox təmsil olunurlar. Onlar bu amildən sui-istifadə edib, anti-Azərbaycan təbliğatına dəstək verirlər. Buna görə də düşünürəm ki, media təmsilçilərimizin Rusiyaya səfərlərinin, ümumiyyətlə, intensivləşməsinə ehtiyac var. Əlaqələri daha da dərinləşdirmək lazımdır. KİDF-nin təşkil etdiyi bu səfəri şəxsən alqışlayıram. Arzu edərdim ki, ora getmiş həmkarlarımız geri qayıdanda Rusiyanın KİV-i ilə hansısa sazişlər, razılaşmalar əldə etsinlər. Heyətə baxıram, orada çox təcrübəli və tanınmış jurnalistlərimiz iştirak edirlər. İstərdim ki, həmin adamlar öz qələmlərinin gücünü həm də Rusiyada sınasınlar. Düşünürəm ki, bunun üçün Rusiyada şərait yaratmağa hazır olan KİV az deyil. Sadəcə, həmin əlaqələrin qurulması və davam etdirilməsi lazımdır. Hesab edirəm ki, KİVDF xətti ilə Rusiyaya səfərlər ildə bir neçə dəfə gercəkləşdirilərsə, faydalı olar. Rusiya bizim üçün önəmli ölkədir. Media səviyyəsində münasibətlərin qurulması həm də ölkələrimiz arasındakı əlaqələrin inkişafına da müsbət təsir edəcək. Bu münasibətlərə xələl gətirmək istəyən qüvvələrin səylərinin neytrallaşmasına böyük töhfə verəcək”.
Məhəmmədəli QƏRİBLİ