Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 1-də Amerikanın Qlendeyl şəhərinin meri Ara Nacaryanı qəbul edib. Erməni mətbuatının yazdığına görə, Paşinyan onunla görüşündə bildirib ki, Ermənistan diasporla əlaqələri gücləndirməlidir. Paşinyan ölkədəki siyasi dəyişikliklər şəraitində diasporla əlaqələr qurmaq üçün yeni imkanlar açdığını qeyd edib.
Öz növbəsində, Nacaryan qeyd edib ki, diaspor yeni Ermənistandan ilhamlanıb. Onun sözlərinə görə, guya Ermənistanda dəyişikliklər nəticəsində xaricdəki ermənilər üçün vətənində yaşamaq və işləmək üçün lazımi şərait yaradılıb. O hesab edir ki, indi erməni diasporu hökumətə güvənir və Ermənistanın təhlükəsizliyi öz əlindədir.
Məlumatda o da qeyd olunur ki, görüş zamanı Paşinyanla Nacaryan Ermənistanın gələcəyini, Ermənistan-diaspor münasibətlərinin güclənəcəyinə dair məsələləri müzakirə ediblər. Bütün bunlara rəğmən, belə bir ehtimal var ki, erməni merlə Paşinyan qapalı şəkildə Amerika ilə necə yaxınlaşmaq və ölkədə Rusiyanın maraqlarını sıxışdırmaq yollarını müzakirə ediblər. Nəzərə alsaq ki, sözügedən görüş qapalı şəraitdə keçirilib, o zaman bu istiqamətdə tərəflər arasında müzakirələrin aparılması ehtimalı yüksəkdir.
Maraqlıdır, ekspertlər bu versiyanı necə dəyərləndirirlər?
Məhəmməd Əsədullazadə: “Vaşinqtonla əlaqələrin bərpasını ən aşağı kanal vasitəsilə həyata keçirməyə başlayırsa, demək, Paşinyan iqnor edilib”
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Nikol Paşinyanın apardığı siyasət, demək olar ki, effekt vermir. Çünki iki stulda oturmaqla irəliləyişə nail ola bilməyəcək. Hesab edirəm ki, onun Moskva və Vaşinqton arasında bir il ərzində seçim etməməsi ABŞ-ı məyus edən faktorlardan biridir. Hesab edirəm ki, onun amerikalı merlə görüşməsi heç də ikitərəfli əlaqələrin bərpasına gətirib çıxarmayacaq. Vaşinqtonla əlaqələrin bərpasını ən aşağı kanal vasitəsilə həyata keçirməyə başlayırsa, demək, Paşinyan iqnor edilib. Bu gün inqilabdan ötən il yarım ərzində ölkənin xarici strategiyasında Rusiya ilə əlaqələr daha geniş təsvir olunub. ABŞ-la əlaqələr isə istənilən nəticəyə gətirməyəcək. Qeyd edim ki, ABŞ-ın dəstəyini itirməsi gələcək perspektivdə onun hakimiyyətdən getməsi ilə nəticələnəcək. Vaşinqton bir müddət çalışdı ki, Paşinyanla daha yaxın əlaqələr qursun. Ancaq Paşinyan ona göstərilən etimadı doğrultmadı. Vaşinqton onu Rusiya ilə əlaqələri aşağı səviyyədə təşkil etməyə səsləyir. Nə qədər ki, Paşinyan Rusiya ilə Qarabağ faktoru üzrə əlaqələri yüksək səviyyədə saxlayır, Vaşınqton ona dəstək verməyəcək. Baxın, özünü demokratik inqilabçı elan edən Paşinyanı Ağ Ev rəsmi olaraq ölkəyə dəvət etmir. Halbuki, Gürcüstan və Ukrayna inqilablarının liderləri Ağ Evdə rəsmi qəbulda olublar. Bu onu göstərir ki, ABŞ-ın Paşinyandan gözlədikləri reallaşmayıb”.
Vidadi ORDAHALLI