Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında iyunun 20-də keçirilən Vaşinqton görüşündən bir müddət ötməsinə baxmayaraq, hələ də münaqişənin həlli üçün ümidverici situasiya yetişməyib.
Məsələ ondadır ki, Azərbaycan tərəfinin səylərinə baxmayaraq, hələ də Ermənistan tərəfi konstruktiv danışıqlara getməyə və münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Müxtəlif vasitələrlə bəhanələr uydurur və təxribatlara əl atır. Halbuki, Düşənbədə əldə olunan razılığa əsasən, tərəflər təmas xəttində sabitliyi təmin etməli idilər. Ancaq Ermənistan tərəfi buna əməl etmək istəmir.
Vaşinqton görüşündən əvvəl qoşunların təmas xəttində ermənilərin təxribatı nəticəsində Azərbaycan zabiti şəhid oldu. Daha sonra iyunun 9-da da şəhid verdik. Vaşinqtonda görüş keçirilən zaman da əsgərimiz şəhid edildi. Bununla belə, Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərimizdə genişmiqyaslı hərbi təlimlər keçirməyə başladı. Başqa bir tərəfdən, Füzuli istiqamətində təlim uçuşları keçirən Azərbaycanın aviasiya vasitələrinə uğursuz hücum cəhdi oldu.
Bir sözlə, həmsədrlər Bakıya gələn gün Ermənistan hərbçimizi şəhid etdi, Vaşinqton görüşü vaxtı başqa bir əsgərimiz düşmən təxribatı nəticəsində şəhid oldu. İndi də deyirlər ki, atəşkəsin pozulması ilə eyni vaxtda sülh danışıqları aparmağın mənası yoxdur və s. Bütün bu addımlar Qarabağ sülh prosesinə dağıdıcı təsir göstərir. O baxımdan yaranan belə mürəkkəb vəziyyəti ekspertlər necə şərh edirlər?
Elman Nəsirov: “Görəndə ki, danışıqlar labüddür və yayınmaq mümkün deyil, o zaman cəbhə xəttində təxribatlara əl atırlar”
Məsələyə münasibət bildirən millət vəkili Elman Nəsirovun sözlərinə görə, Ermənistanın yeni rəhbərliyinin münaqişənin tənzimlənməsi ilə bağlı tutduğu mövqe, əslində, öz sələflərinin mövqeyindən fərqlənmir: “Paşinyan hökuməti də Sarkisyan hökuməti kimi çalışır ki, hər vəchlə danışıqlardan yayınsın. Görəndə ki, danışıqlar labüddür və yayınmaq mümkün deyil, o zaman cəbhə xəttində təxribatlara əl atırlar. Sonuncu dəfə bir helikopter avantürasına da əl atdılar. Məqsəd odur ki, bu metodlarla danışıqlar pozulsun. Yaxud da danışıqlar baş tutsa belə, fundamental məsələlər kənarda qalsın və yalnız danışıqların bərpa edilməsi ilə bağlı müzakirələr getsin. Bu, ermənilərin ənənəvi taktikasıdır. Xüsusilə də bu gün Ermənistanda daxili vəziyyət kifayət qədər gərginləşməkdədir. Əslində, bu gün Ermənistanda iki tərəf bir-birinə qarşı müharibə elan edib. Bir tərəfdə hakimiyyətdə olan Paşinyanın komandası, digər tərəfdə isə “Qarabağ kalanı” və onun əsas liderləri Köçəryan, Sarkisyan, Saakyan, Qukasyan. Bu mübarizə kim-kimi prinsipi üzrə gedir. Ya Paşinyan onlara qalib gəlib hakimiyyətini gücləndirəcək, ya da onlar revanş götürüb yenidən hakimiyyəti qəsb edəcəklər. Diqqətdən yayınmayan cəhət odur ki, bu reallıqda tərəflər bir-birini ən çox Qarabağ məsələsində xəyanətdə ittiham edirlər. Məsələn, “Qarabağ klanı” bəyan edir ki, Paşinyan yaxın zamanlarda münaqişə ilə bağlı məsələlərdə çox böyük güzəştə gedəcək. Bununla da Ermənistanın milli maraqlarına zərbə endirəcək. Eyni məntiqlə də Paşinyan “Qarabağ klanı”nı ittiham edir. Bildirir ki, təmas xəttində xəyanətə imza atacaqlar ki, bütün məsuliyyət Paşinyanın üstündə qalsın. Belə vəziyyət danışıqların uzanmasına səbəb olur”.
E.Nəsirovun fikrincə, Paşinyan çox gözəl dərk edir ki, Qarabağ münaqişəsi həll edilməsə, Ermənistanın gələcəyi yoxdur: “Ermənistan iqtisadi-siyasi böhrandan çıxa bilməyəcək. Ancaq vəziyyət elə gətirib ki, Paşinyan bu məsələdə azca konstruktiv mövqe ortaya qoyan kimi, onu xəyanətdə ittiham edirlər. Beləcə, faktiki olaraq, bu gün Ermənistanda daxili gərginlik, hakimiyyət uğrunda mübarizə Qarabağ məsələsinə də çox ciddi təsir göstərir. Ona görə də aprelin 15-də Moskvada keçirilən xarici işlər nazirlərinin görüşü, 20 iyun Vaşinqton danışıqları bir danışıqlar olaraq tarixə düşdü, amma konkret real nəticələr yoxdur. Ancaq Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin bu məsələlərlə bağlı konkret mövqeyi var. O da ondan ibarətdir ki, münaqişənin tənzimlənməsində ərazi bütövlüyü əsas məsələdir. Heç bir zaman ərazi bütövlüyü məsələsi danışıqların predmeti olmayıb və bundan sonra da olmayacaq”.
Vidadi ORDAHALLI