İyulun 1-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib. “Trend”in məlumatına görə, mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak edib.
“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin 2019-cu il 3 iyun tarixli Sərəncamına uyğun olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib.
Mərasimdə xidməti vəzifələrin icrası zamanı fərqlənən əsgərlərə Fəxri Fərman, xatirə hədiyyələri və valideynlərinə təşəkkür məktubları təqdim olunub.
Sonra Birinci vitse-prezident Mehriban Əliyeva tədbirdə iştirak edən valideynlərlə görüşərək söhbət edib.