Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqlarının Ermənistanın mövqeyi üzündən istənilən nəticəni verməməsi konfliktin güc müstəvsində həlli ehtimalını yüksəltməkdə davam edir.
Digər tərəfdən, həm Ermənistan daxilində, həm də zəbt edilmiş Azərbaycan ərazisində yaradılan separatçı rejim sıralarında baş verənlər də savaşa əlavə zəmin yaradır. Çünki belə görünür, yaxın tezlikdə ermənilərin daxilində yaşanan ziddiyyət daha da dərinləşəcək və bu hal da məsələnin həllinə ciddi maneə yaradır. Ən azı o baxımdan ki, qarşı tərəf daxili ziddiyyətlər səbəbindən Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində konstrkutiv addımlar ata bilmir. Elə bu da müharibəni körükləyən başlıca faktorlardan sayılır. Qeyd edilən məqam ermənilərin özü tərəfindən də açıq etiraf olunur.
Hazırda “Qarabağ klanı“ ilə Nikol Paşinyan iqtidarı arasında artan qarşıdurma fonunda yeni savaşın başlaya biləcəyi ehtimalı bütün Ermənistanı bürüyüb. Erməni mediası yazır ki, Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin daxilində çaxnaşma yaşanır. Səbəb odur ki, 2020-ci ildə separatçı rejim “prezident və parlament seçkilərini” eyni vaxtda keçirəcək. Rejimin “rəhbəri” Bako Saakyan postundan imtina etmək niyyətində deyil, lakin Ermənistan rəhbərliyi “Qarabağ klanı” ilə mübarizə kontekstində ona təzyiqlər edir. İrəvanın təzyiqi ilə Saakyan bir tərəfdən Paşinyana qarşı çıxan “kadr”ları təmizləyir, digər tərəfdən revanş addımları atır. İyunun 26-da separatçı “lider” “təhlükəsizlik şurasının katibi” postuna Arşavir Qaramyanı gətirdi. İyunun 11-də isə keçmiş “müdafiə naziri” olmuş “fövqəladə hallar naziri” Levon Mnasakanyanı “polis rəisi” təyin etdi. Bu dəyişikliklər Paşinyana qarşıdır. Erməni siyasi texnoloq Vigen Akopyan hesab edir ki, Qarabağda mümkün müharibəyə hazırlıq gedir: “Ermənilərin daxilində baş verənlər ciddi parçalanmanın göstəricisidir. Bu dəyişikliklər həm də Azərbaycanla müharibəyə hazırlığın bir hissəsidir. Azərbaycan baş verənləri yaxından izləyir və parçalanmış erməniləri daha asan şəkildə əzə biləcəyini aydın görür”.
Hadisələrin inkişaf axarı isə savaşın yaxın tezlikdə başlana biləcəyini istisna etmir. Çünki Azərbaycan artıq danışıqlar prosesindən nəticə isətyir və bu olmayacağı təqdirdə hərbi əməliyyatlara start verəcəyini açıq bildirir. Erməni mediası yazır ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun bu fonda səsləndirdiyi fikirlər də təsadüfi xarakter daşımır. Bildirilir ki, həmin bəyanatda şərhçilərin diqqətindən kənarda qalan bir nüans var: “Vaşinqton görüşündən sonra Elmar Məmmədyarovun bəyanatında şərhçilərin diqqətindən kənarda qalan bir nüans var idi. O bildirdi ki, “əsas danışıqlar erməni qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasından sonra başlaya bilər”. Anlaşıldığı kimi, söhbət Dağlıq Qarabağ ətrafındakı ərazilərdən və Qarabağın özündən gedir. Məmmədyarovun bu bəyanatından sonra fikirlər səsləndi ki, öz müqəddəratını təyin etmək və Ermənistan-Dağlıq Qarabağ məhdudiyyətsiz kommunikasiya proqramının təmin olunması müzakirə edilirsə, o zaman Azərbaycan tərəfi Naxçıvanın “blokada” problemində təkid etməlidir. Yəni Ermənistan da Azərbaycan-Naxçıvan dəhlizinin maneəsiz fəaliyyətini təmin etməlidir. Deyəsən, Azərbaycan tərəfindən bu kimi analitik yanaşma son illərdə ilk dəfə dövriyyəyə buraxılır. Bakı əvvəllər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Ermənistan-Dağlıq Qarabağ quru əlaqəsi razılaşması haqqında danışırdı. Hazırda belə bir iddia yoxdur. Ehtimal etmək olar ki, Bakıda ən azından ekspert səviyyəsində “Mehri” variantına qayıtmaq ideyası müzakirə olunur. Bundan başqa, Azərbaycanın ekspert cəmiyyəti tərəfindən olduqca maraqlı digər bir versiya irəli sürülüb. Versiyaya əsasən, hədsiz dərəcədə böyük ehtimal var ki, ABŞ-Türkiyə anlaşılmazlıqları getdikcə dərinləşəcək. Avropa İttifaqı da buna öz töhfəsini verəcək. Türkiyə isə Rusiya və Çinlə yeni Avrasiya geosiyasi alyansının formalaşdırılmasına məcbur qalacaq. Bir neçə azərbaycanlı ekspertin vurğuladığı kimi, bunun üçün Türkiyə və Rusiya arasında birbaşa quru kommunikasiya məsələsinin həll edilməsi lazım gələcək. ABŞ və Avropa İttifaqı Gürcüstan razılaşması üçün Bakı-Qars dəmiryol xəttinin Rusiyaya birləşməsinə icazə verməyəcək. Azərbaycanlı analitiklərin fikrincə, Türkiyə və Rusiya hazırda Mehri dəmiryol xəttinin yenidən fəaliyyətə başlaması ehtimalını müzakirə edir. Buna baxmayaraq, problem yalnız işğal olunmuş ərazilərin azad edilməsindən sonra həll edilə bilər. Azərbaycanlı analitiklər belə bir fikir ifadə edib ki, bu problemin müzakirə olunması məqsədilə Moskva “Rusiya dəmiryolları”nın direktor müavini Maşarini İrəvana göndərib, lakin Ermənistanın baş naziri Nikol Paşinyan onları qəbul etməyib. Buna görə də azərbaycanlı analitiklər hesab edir ki, Azərbaycan Lələtəpə istiqamətində hərbi əməliyyatlara başlasa, Rusiya buna qarşı çıxmayacaq. Görünür, Azərbaycan Mehri variantına qayıtmaq üçün həll yolu təklif edir. Bu baş verməsə, o zaman Rusiyanın razılığı ilə Qarabağın cənubunda hərbi əməliyyatlar başlaya bilər. Bundan başqa, İlham Əliyev-Putin-Ruhani görüşünün gündəmində üç ölkənin dəmiryol xətlərinin birləşdirilməsi məsələsi də anonslaşdırılıb. Belə vəziyyətdə Azərbaycan təkcə Qarabağı yox, Mehrini də nəzarətinə qaytarmağı düşünür. Bunun üçün güc varinatından istfiadəyə hazırdır və görünən budur ki, Rusiya da Azərbaycanın bu addımlarına qarşı çıxmayacaq”. Hadisələrin qeyd olunan istiqamətdə inkişafı yaxın tezlikdə Ermənistanı daha böyük zərbələrin gözlədiyini deməyə əsas verir.
Beynəlxalq hüquq və əlaqələr üzrə eskpert Suren Sarkisyan da hadisələrin məhz yuxaırda qeyd olunan ssenari üzrə inkiaşfını istsina etmir: “Ermənistan belə bir vəziyyətdə ən təhlükəli və ən mümkün inkişafa hazır deyil”. Onun sözlərinə görə, Ermənistan təhlükəli və mümkün inkişafa heç 1 faiz belə hazır olmayan ölkə qismində çıxış edir: “Regionda baş verən inkişaflar istənilən an partlayış dərəcəsinə çata bilər. Bu o deməkdir ki, Ermənistan istənilən inkişaflara hazır olmalıdır. Əslində, Ermənistan belə bir vəziyyətdə ən təhlükəli və ən mümkün inkişafa hazır deyil. Bu mümkün ssenari ehtimalı bir faiz təşkil edirsə, o zaman Ermənistan çətinliklərə necə dözməklə bağlı bu bir faiz üçün strategiyaya malik olmalıdır”. O qeyd edib ki, aydın ifadə edilmiş strategiyaya malik olmaq Ermənistan milli təhlükəsizliyinin təmin olunmasının problemidir və bu istiqamətdə fəal addımlar atılmalıdır: “Rusiya ilə əlaqələrdə ortaya çıxan problem təhlükəsizliymizə ciddi təhdid yaradır. Azərbaycan bundan məharətlə istifadə edir. Türkiyə faktoru da ön plana çıxır və Ankara Moskva ilə bütün regionu əhatə edən planlar cızır. ABŞ-İran gərginliyi də hadisələrə təsirsiz ötüşməyərək Ermənistanın regionda mövqeyini zəiflədir. Bir tərəfdən ABŞ dostumuzdur, digər tərəfdən İran qonşumuzdur. İrana qarşı tətbiq edilən sanksiyaları nəzərdə tutsanız, o zaman Ermənistan iqtisadiyyatına zərbə vurmuş olarsınız. Ermənistan mümkün ssenarilərə hazır olmalı və strateji əməliyyatlar planına malik olmalıdır. Ermənistanın isə belə bir planı yoxdur. Hökumət, ən azı, Təhlükəsizlik Şurasına bu məsələ ilə məşğul olmaq üçün icazə verməlidir, lakin Təhlükəsizlik Şurasının rəhbəri açıq şəkildə öz yerində deyil. Hesab edirəm ki, o, peşəkar hərbçi olmalıdır və hərbi, taktiki əməliyyatlar haqqında təsəvvürlərə malik olmalıdır. İndilikdə biz bunu müşahidə etmirik”.
Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan da eyni mövqeni bölüşür. Onun sözlərinə görə, Paşinyan hakimiyyəti tərəfindən həyata keçirilən siyasət bir sıra mürəkkəbliklər yaradıb: “Hazırda problem hökumətimiz tərəfindən Qarabağın sülh yolu ilə nizamalanmasını nəzərdə tutan siyasətdir. Bu siyasət keçmişdəki aydınlıqları qarışıqlığa çevirib. Nisbi atəşkəs isə xarici siyasi-diplomatik amillər hesabına saxlanılıb. Birabaşa əlaqə məsələsi əvvəllər də mövcud idi, lakin onlar heç vaxt səmərəli olmayıb. Bunlar tərəflər üçün konkret vəziyyətlərdə bəzi problemlərin həll edilməsi və ya edilməməsi ilə bağlı ola bilər. Bu uzun sürən, sabit atəşkəsin təminatçısı deyil və ola da bilməz. Nisbi atəşkəs 25 il ərzində güc və xarici siyasi-diplomatik amillər hesabına saxlanıb. Münaqişənin nizama salınması prosesində bunlar eyni dərəcəli əhəmiyyətə malikdir. Amma qeyd etdiyim kimi, Paşinyan hakimiyyəti tərəfindən həyata keçirilən siyasət bir sıra mürəkkəbliklər yaradıb. İndi Ermənistana böyük dövlətlərin, xüsusən də Rusiyanın yanaşması fərqli xarakterə malikdir. Moskva Azərbaycan və Türkiyə ilə işbirliyinə daha çox meyllənir və burada İrəvanın buraxdığı səhvlərin rolu az olmayıb. Vəziyyət dəyişməsə, Ermənistanı yaxın tezlikdə daha böyük prolbemlər gözləyir. Bizi hətta güc yolu ilə buna vadar edə bilərlər”. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın gücə əl atması indi Ermənistanda ən böyük qorxu yaradan amillərdən biri sayılır. Çünki ordumuzun qısa müddətdə düşməni darmadağın edəcəyini qarşı tərəfdə də yaxşı bilirlər. Beynəlxalq ekspertlər dəfələrlə bildiriblər ki, Azərbaycan ordusu bütün göstəricilərinə görə Cənubi Qafqazda ən güclü ordudur. Xüsusən də Ermənistan silahlı qüvvələrindən dəfələrlə qüdrətlidir. Məsələn, 2016-cı ilin məlum aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi. Həmin qısamüddətli döyüş göstərdi ki, Ermənistan ordusu Azərbaycan ordusundan dəfələrlə zəifdir. Həm təşkilati, həm silahlanma, həm də döyüş taktikası, strateji planlama kimi istiqamətlərdə erməni ordusu çox geridə qalır. Azərbaycan ordusu yenidən öz gücünü göstərəəcyi təqdirdə isə düşmən tamamilə darmadağın olacaq.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.