Ermənistanın Xüsusi istintaq komitəsinin direktoru Sasun Xaçatryan son bir ildə rəhbərlik etdiyi qurumda “olduqca müsbət dəyişikliklərin baş verdiyini, lakin bu barədə heç bir şərh verməyəcəyini” bildirib. Erməni KİV-nin verdiyi məlumata görə, jurnalistlərlə baş tutan təmasda media nümayəndələri prokurorluğun, əvvəlki illərdə olduğu kimi, yerində qaldığını və orada heç bir şeyin keyfiyyətcə dəyişmədiyni xatırladıblar. Onlar xüsusilə keçmiş prezident Robert Köçəryanla bağlı işdə prokurorluğun zəif rol oynadığını diqqətə çatdırıblar.
S.Xaçatryan bu barədə verilən sualların yanlış olduğunu və buna yanlış cavab vermək istəmədiyini söyləməklə kifayətlənib.
Jurnalistlərin 2008-ci il martn 1-də Serj Sarkisyanın prezident seçilməsinə etiraz etmək üçün küçələrə çıxan nümayişçilərə divan tutulması ilə bağlı Qarabağ separatçılarının lideri Bako Saakyanın istintaqda dindirilməsi ilə əlaqədar sualına isə S.Xaçatryan belə cavab verib: “Bu gün bayramdır (Ermənistanda prokurorların bayramıdır - red.). Gəlin bundan danışaq. Mən bununla bağlı gedən məlumatları nə təkzib, nə də inkar edirəm”.
Faktiki olaraq separatçıların liderinin də Köçəryanın işi üzrə istinaqa cəlb edildiyi rəsmən etiraf edilib. Bunun Ermənistandakı daxili vəziyyətə və xüsusilə də qondarma “DQR”lə Paşinyan hakimiyyəti arasındakı münasibətlərə nə kimi təsiri olacaq?
Elşən Həsənov: “Bako Saakyanı prosesə cəlb etmək isə klana meydan oxumaq anlamına gəlir”
Ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu artıq tərəflər arasında konfliktin son mərhələsidir: “Bilirsiniz ki, Ermənistanda daxili vəziyyət çox gərgindir. Orada açıq müstəvidə klan davası gedir. Paşinyan köhnə klanı devirib, ancaq bilir ki, tam məhv edə bilməyib. Hətta vəziyyət o yerə çatıb ki, Paşinyanın öz hakimiyyətində təmsil olunan kadrlar belə ona qarşı getmək, köhnə klanın nümayəndələrinə açıq dəstək vermək kimi iradə ortaya qoyurlar. Biz bunun bariz nümunəsini Köçəryanın həbsdən zaminə buraxılmasında gördük. Həmin prosesdə, faktiki olaraq, bu gün Köçəryanla cinayət ortağı kimi adı keçən Bako Saakyan birbaşa iştirak edib. Sonra Rusiya və köhnə klan nə qədər çalışdısa, Köçəryanı azadlıqda saxlaya bilmədi. Paşinyan bilir ki, Köçəryana görə ona təzyiqlər çox olur və olacaq. Ancaq bu məsələdə sona kimi gedir. Bako Saakyanı prosesə cəlb etmək isə klana meydan oxumaq anlamına gəlir. Bu, eyni zamanda, Rusiyaya verilən mesajdır. Çünki qondarma “DQR” rəhbərliyi Paşinyandan çox Rusiyanı eşidir. Bununla Paşinyan demək istəyir ki, qondarma qurumdakı rəhbərliyi də dəyişmək niyyətindədir və buna gücü çatar. Hələlik Saakyanın istintaqa hansı şəxs qismində cəlb edildiyi məlum deyil. Ancaq hadisələrin gedişi onunla bağlı veriləcək qərara da təsirini göstərə bilər. Paşinyan hakimiyyəti açıq şəkildə Köçəryandan Rusiyada gizlətdiyi pulları tələb edir. Bununla klanı maliyyədən kəsmək istəyir. Bütün bu gedişatlar köhnə klanı tam ram etməyə hesablanıb. Hadisələrin gedişi onu deməyə əsas verir ki, Ermənistandakı vəziyyət daha da dramatik hal alacaq. Çünki dalaşan klanlar bir-birinə güzəştə getmək istəmir. Yəqin ki, Rusiyanın dəstəyini qazanacaq köhnə klan Paşinyanın üzərinə daha cəsarətli gedəcək. Bir sözlə, Ermənistanda hər an vətəndaş qarşıdurması yaşana bilər”.
Məhəmmədəli QƏRİBLİ