Ermənistan hakimiyyəti Köçəryanın taladığı pulların izi ilə hətta gedib Maltaya da çıxa bilib. Erməni saytları yazırlar ki, Maltanın xarici işlər nazirinin həmin ölkəyə reallaşan səfəri sakit, səsli-küylü olmasa da, böyük əhəmiyyətə malik olub.
Qeyd edilir ki, Malta rəsmisinin səfərində adı ofşor qalmaqalında hallanan Miqran Poqosyanın məsələsi də müzakirə olunub. Onun adı bir neçə yüz milyon vəsaitin Maltada “yuyulması” ilə bağlı prosesdə keçib.
İş burasındadır ki, Miqran Poqosyan hazırda Rusiyaya sığınıb. Rusiya hakimiyyəti onu hələ Ermənistana təhvil verməyə tələsmir. Ofşor qalmaqalından sonra Poqosyan hətta deputat da seçilib, lakin Ermənistanda baş verən inqilab onun arzusunu ürəyində qoyub. Paşinyan hakimiyyəti dərhal ona cinayət işi qaldırıb. Bildirilir ki, Poqosyan, əslində, başqa adamların pullarını xaricə çıxarıb və bunun müqabilində kiçik faiz alıb. Erməni saytları yazırlar ki, Maltanın xarici işlər nazirinin səfəri ilə Rusiya səfirinin baş prokuror tərəfindən qəbul edilməsinin eyni günə düşməsi təsadüf sayıla bilməz. Ehtimal olunur ki, hər iki təmasda Köçəryanın oğurladığı pulların ölkəyə qaytarılması müzakirə edilib. Ermənistan hakimiyyəti ofşorlardakı pulları geri qaytara biləcəkmi?
Mehman Muradlı: “Həmin pulların Ermənistana tez bir zamanda qaytarılacağı real görünmür”
Hüquqşünas Mehman Muradlı qəzetimizə bildirdi ki, bunun üçün Köçəryanın işi ilə bağlı məhkəmə qərarı çıxmalıdır: “Yəni məsələ həm hüquqi, həm də razılaşma əsasında öz həllini tapa bilər. Burada söhbət xırda adamdan və az məbləğdən getmir. Prosesdə eks-prezidentin adı keçirsə, deməli, ortada ciddi məbləğ var. Rusiya səfirinə Ermənistanın baş prokuroru bunu açıq dedi. Köçəryan istintaq və ya hakimiyyətlə danışığa gedə bilər. Yəni siyasi razılaşmaya əsasən özü Rusiyadakı və ya başqa yerdə olan əmlakını istənilən adamın adına keçirə bilər. Və ya satıb həmin pulu Ermənistanın büdcəsinə ödəyər. Bununla da ona qarşı ittihamlar bir qədər yumşaldılar. Malta ilə bağlı məsələ isə bir qədər fərqlidir. Çünki həmin işdə başqa adamın adı keçir. Həmin adam hazırda Rusiyadadır. Moskva onu asan yolla Ermənistana verməyəcək. Rusiyanın da müəyyən şərtləri olacaq. Poqosyanın həyata keçirdiyi əməliyyatlar çoxdan olub. Yəni ola bilər ki, o, Ermənistana təhvil veriləcəyi halda, belə pulu geri qaytarmaq istəməz. Ermənistan hakimiyyəti və hüquq-mühafizə orqanlarının davranışlarından görünür ki, onlar Köçəryanla bağlı cinayət işinə çoxlu sayda adam cəlb etmək istəyirlər. Yəqin ki, Malta rəsmiləri ilə aparılan danışıqlarda məsələ müzakirə edilib. Bir daha xatırladıram ki, həmin pulun ölkəyə gətirilməsi asan deyil. Ortaya ciddi dəlillər qoyulmalıdır. Miqran Poqosyanın da hələ ki, Ermənistanın əlində olmaması prosesi çox uzadacaq. Həmin pulların Ermənistana tez bir zamanda qaytarılacağı real görünmür”.
Məhəmmədəli QƏRİBLİ