“Bu səbəbdən də, gördüyümüz kimi, UNESCO çox qlobal və əhəmiyyətli tədbirlərin keçirilməsini hər zaman tərəddüd etmədən rəsmi Bakıya həvalə edir”
Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilir. Belə bir əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsinin səbəbləri çoxdur.
Məlum olduğu kimi, UNESCO-Azərbaycan əlaqələrinin formalaşmasında ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna rolu var.
UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakının evsahibliyi ilə keçirilməsinə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dünyada gördüyü işlər necə təsir etdi?
“Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dünyada həyata keçirdiyi tədbirlər qlobal standartları müəyyənləşdirir”
Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilov hesab edir ki, bu tədbirin Bakıda reallaşmasında Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xaricdə gördüyü işlərin rolu böyükdür. A.X.Əbilovun sözlərinə görə, Heydər Əliyev Fondu tərəfindən dünya mədəniyyətinin qiymətli tarixi örnəkləri olan abidələr, muzeylər və s. əsaslı şəkildə təmir-bərpa edilib.
O qeyd etdi ki, Heydər Əliyev Fondu xarici ölkələrdə bir sıra işlər görüb. Onlardan biri də Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarıdır ki, onlar bəşəriyyətin inciləri sayılır.
Azərbaycanın tolerantlıq ünvanı olduğunu deyən müsahibimiz bildirdi ki, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın tolerantlıq irsinin dünyada təbliğində misilsiz xidmətləri var.
“Dünyanın bir çox beyin mərkəzi və fondları var ki, onlar müasir tariximizdə, həm də, ümumiyyətlə, planetdə baş verən geomədəni hadisələrdə aparıcı rol oynayırlar. Bu fondlardan biri də Heydər Əliyev Fondudur. Fond bu baxımdan dünyaya təsir göstərə bilən intellektual beyin, estetik-kulturoloji mərkəzlərindən biridir. Onun həm Avropada, həm də Şərqdə gördüyü müxtəlif işlər, həyata keçirdiyi tədbirlər, fəaliyyəti bu və ya digər mənada bəşəriyyətin ümumi, qlobal abidələri sırasında olan abidələrin təmir-bərpası ilə bağlı layihələri fondu dünyanın aparıcı təşkilatına çevirib. Heydər Əliyev Fondu hansı ölkədə ki, abidələrlə bağlı həyəcan təbili çalınır, həmin ölkədə bu təhlükənin qarşısını almaq üçün fəaliyyətə başlayır. Bu, İtaliyada, Pakistanda, Rusiyada da ola bilər. Fondun dünyadakı məbədləri, kilsələri, muzeyləri, abidələri bərpa etməsi, bu kimi işlərdə aktiv fəaliyyət göstərməsi sözsüz ki, UNESCO-nun da diqqətindən yayınmır. Eyni zamanda da bilirsiniz ki, bizim tarixi, mədəni, təbiət abidələrinin qorunmasında da Heydər Əliyev Fondunun çox böyük rolu var. Xüsusən də ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın, fondun vitse-prezidenti Leyla Əliyevanın mədəniyyət, ekologiya, təhsil, sosial sahələrlə bağlı gördüyü işlər UNESCO-nun da nəzərindən qaça bilməzdi. Bu səbəbdən də, gördüyümüz kimi, UNESCO çox qlobal və əhəmiyyətli tədbirlərin keçirilməsini hər zaman tərəddüd etmədən rəsmi Bakıya həvalə edir. Bu elə tədbirlərdir ki, onu keçirməyi başqa ölkələr yalnız arzulaya bilərlər. Bu tip tədbirlər bəzi ölkələrdə çox nadir hallarda keçirilir, bizdə isə sıx-sıx keçirildiyinin şahidi oluruq. Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyi ilə 15 ildən çoxdur Azərbaycanın daxildə və xaricdə mədəni-kulturoloji, intellektual, kreativ, estetik səviyyəsinin yüskək olmasını təsdiqləyir. Bununla bağlı müxtəlif layihələr həyata keçirilir. Fond tərəfindən Qarabağ, Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində xaricdə silsilə tədbirlər təşkil edilir”.
A.X.Əbiov, həmçinin, qeyd etdi ki, Heydər Əliyev Fondu Azərbaycanın bir sıra dəyərlərinin də UNESCO-ya daxil edilməsində və dünyada təbliğində əsaslı rol oynayır. O vurğuladı ki, Heydər Əliyev Fondu olan yerdə yüskək səviyyə, mədəni dəyərlərin qorunması və s. müəyyənləşir. “Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dünyada həyata keçirdiyi tədbirlər qlobal standartları müəyyənləşdirir” - deyə A.X.Əbilov vurğuladı.
İradə SARIYEVA